Rafiq Daşdəmirli: “Azərbaycan antiterror əməliyyatı keçirməlidir”-MÜSAHİBƏ

Rafiq Daşdəmirli: “Azərbaycan antiterror əməliyyatı keçirməlidir”-MÜSAHİBƏ

Xankəndi-Laçın yolunda baş verənlər və ekofəalların aksiyası davam etdikcə, ermənilər geri çəkilməyə məcbur olurlar.

Onlar artıq anlayırlar ki, başqa yolları qalmayıb. Hay-küylərinə baxmayaraq, dünyadan da dəstək ala bilmirlər. Eyni zamanda, Rusiyanın da başı Ukraynada böyük “oyun”a qarışdığından, erməniləri açıq müdafiə edə bilmir. İndiki əlverişli situasiyada Azərbaycan Xankəndidə yerləşən qanunsuz erməni silahlılarını zərərsizləşdirməklə, Qarabağ iqtisadi zonasında tam nəzarəti bərpa edə bilər. Bu, eyni zamanda, Azərbaycan iqtisadiyyatının böyüməsinə də ciddi təsir edəcək.

Cebhe.info bütün bu məsələlər haqqında Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli ilə söhbətləşib.

- Rafiq bəy, sizcə, Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası gözlənilən nəticəni verirmi?

- Laçın -Xankəndi yolunda ekoaktivistlərin apardığı dinc aksiya sakit görünsə də, effekti çox böyükdür. Əvvəlcə onu qeyd edək ki, sülhməramlılar öz davranışlarına müəyyən qədər əl gəzdiriblər. Onların komandirindən əsgərinə qədər hər biri anladı ki, bu xalq keçmişdə gördükləri xalq deyil. Digər tərəfdən isə ekologiyaya vurduqları ziyanın bədəlinin ağır olacağını da hiss etdilər. Fransadan başqa bütün dünya bu aksiya ilə razılaşmalı oldu. Ekofəalların aksiyasına açıq dəstək ifadə etməsələr də, susmaqla bir növ razılıqlarını bildirdilər. Separatçı ermənilərin canına qorxu düşüb. Həyasızcasına “yolumuzu bağlayıblar” qışqırılıqlarına da kimsə inanmadı. Artıq Xankəndidən köçmək haqqında düşünürlər. Bəzi məlumatlara görə, evlərini satışa çıxarırlar. Nəhayət ki, Ermənistan və Xankəndidə başa düşməyə başladılar ki, ya ermənilər Xankəndindən köçməli, ya da Azərbaycanın qanunlarına tabe olub yaşamalıdırlar.

- Bütün bunların fonunda qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatı da tez-tez gündəmə gəlir. Azərbaycan indiki məqamda belə qərar qəbul edə bilərmi?

- Azərbaycan öz hüquqi sərhədləri daxilində və ərazisində antiterror əməliyyatı keçirməlidir. Bununla da bizim ərazi bütövlüyümüzün əleyhinə olanlarların hər biri çavabını alacaq. Necə olur ki, bütün dünyada terrorçulara qarşı antiterror əməliyyatları aparırlar, amma biz apara bilmirik? Əgər elədirsə, Fransa dövləti ölkəsində baş vermiş, onun millətinə güllə atan terrorçuları zərərsizləşdirməsin. Biz sabahı gözləməməliyik. Tezliklə antiterror əməliyyatı keçirib separatçıları tərksilah etməliyik. Dəmiri isti-isti dəyərlər. Kim bizimlə dost olmaq, qanunlarımıza tabe olmaq istəyirsə, qalıb yaşasın. Kimsə separatçı niyyətindən əl çəkmək niyyətində deyilsə, ya çıxıb gedəcək, ya da məhv olacaq.

- Ukrayna-Rusiya cəbhəsində də vəziyyət başqa istiqamətdə dəyişir. Putinin bir günlük atəşkəs qərarı rəsmi Moskvanın geri çəkilməsinin anonsu kimi dəyərləndirilir. Rusiyanın Ukraynadakı mümkün məğlubiyyəti bu posesə necə təsir edə bilər?

- Rusiya Ukraynada ciddi problemlə üzləşib. İlk olaraq müharibə təcili dayanmalıdır. Uşaqların Rusiya raketləri ilə öldürülməsinə son qoyulmalıdır. Müharibənin növbəti fazalara keçməsi daha ağır nəticələrə gətirib çıxara bilər. Onun üçün də Rusiya və Ukrayna prezidentləri bu barədə qərarın verilməsinə açıq olmalıdırlar. Həm Rusiya, həm də Ukrayna prezidentləri Ərdoğanın səylərinə diqqət ayırmalıdırlar. O ki qaldı sizin suala, əlbəttə, Rusiya ükraynada uduzsa, nəinki bölgədə, hətta bütün dünyada, Yaxın Şərqdə, o cümlədən bizim ölkə olaraq inkişafımızda, yaşayışımızda, hətta Rusiyanın özündə də çox şey dəyişəcək. Ən birincisi, ermənilərlə sülh məsələsində daha tez anlaşma ola bilər. Yəni ermənilər geri çəkilməyə məcbur olarlar. Hamı yaxşı bilir ki, indiki Ermənistanın dövlət kimi yaranmasında, bu günə kimi bizim torpaqlarda dövlət kimi qalmasında Rusiyanın önəmli rolu var. Rusiya Ukraynada uduzsa, öz qədimi torpaqlarımıza sahib çıxmağımız daha rahat ola bilər. Tarixi torpaqlarımızın öz sahibinə qayıdacağına tam əminəm. Zaman bizim xeyrimizə işləyir. İndi böyük Türk Birliyi və Türkiyə kimi dayağımız, güclü ordumuz, mübariz xalqımız var.

-Rafiq bəy, son olaraq birbaşa ölkə əhalisini düşündürən məsələyə toxunaq. Sizcə, pensiya və maaş artımı ilə bağlı qəbul edilən qərarlar əhalinin yaşayış səviyyəsinə hansı təsiri göstərəcək?

- Dünyada gedən proseslər və pandemiya inflyasiyanı sürətləndirib. Bu proses bizim ölkədən də yan keçməyib. İqtisadçıların fikrincə, inflyasiya 24 faizə qədərdir. Bunun qarşısını almaq üçün bir sıra tədbirlər görülsə də, yetərli deyil. Bahalaşma o həddə çatıb ki, aldığımız əməkhaqqı və pensiya ilə yaşamaq intihara bərabərdir. Hökumət maaş və pensiyaların minimum hissəsini artırmaqla,ehtiyac meyarını artırdı. Amma çox təəssüf ki, bu artım hələ ki, bahalaşmanı tam kompensasiya edə bilməyəcək. Daha yaxşı olardı ki, pensiyalar indeksləşdirilsin. Çünki sabah yenidən bahalaşma baş verərsə, bu artıma yenidən baxılmalıdır.

Söhbətləşdi: Vilayət
Cebhe.info