Qardaş köməyi: Kürəyində yardım daşıyan gənclər, sil-süpür edən adamlar, dua edən analar- REPORTAJ 

Qardaş köməyi: Kürəyində yardım daşıyan gənclər, sil-süpür edən adamlar, dua edən analar- REPORTAJ 

Fevralın 6-sı səhər Türkiyədəki zəlzələ xəbərlərini oxuyub nə qədər təsirləndimsə, dünən işdən evə qayıdanda liftdə asılan elandakı “Qardaş köməyi” ifadəsi də bir o qədər təsirləndirdi.

Elan vətəndaşlarımızı Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardıma səsləyirdi. Səhər elanda qeyd edilən ünvana yollandım. Avtobus sürücüsündən həmin ünvanı soruşan tək mən deyildim. Nimdaş geyimli, Bakının küləkli qış günü üçün xeyli nazik geyinmiş, təqaüdçü olduğunu zənn etdiyim dayı da var idi. Yolboyu söhbətimizdə əlində isti geyimlər olan dayı təqaüdçü olmadığını, hətta işsiz olduğunu dedi...

ünvana gedən yol əlində çantalar, çamadanlar, kürəyində, qucağında qutular olan insanlarla dolu idi. Onlarla tanış olduqca yaşlı-cavan, tələbə-şagird demədən hər kəsin orada olduğunu öyrəndim. Babək prospektindəki körpünün altında yerləşən yardım məntəqəsində səs-küydən qulaq tutulurdu. Kimisi yardım gətirir, kimisi yardımı qablaşdırmağa kömək edir, kimisi artıq qalan, yerdəki zibilləri təmizləyir, kimisi də soyuqda işləyənlərə çay daşıyırdı. Polis, mülki fərq qoyulmadan hamı həm sakitliyi qoruyur, həm TIR-ların hərəkəti üçün yol boşaldırdı. Hər kəs Türkiyə üçün birləşmişdi.

Kənd yerlərində adətdəndir, kiminsə evində xoş olmayan hadisə baş verərsə, ev sahibi bir də baxar ki, çay da istidir, yemək də hazırdır, həyət-baca da təmizdir. Həmin mənzərə burada idi. Babək prospektindəki körpünün altındakı mənzərə təsvir etdiyim mənzərənin iki qardaş dövlət və xalq arasındakı forması idi.

Həmsöhbət olduğumuz Camal Məmmədov iki gündür könüllü olaraq yardım toplayanlara kömək edir. O, dünəndən işdən icazə aldığını, gecə də yatmayaraq yardım etdiyini bildirdi. Həmsöhbətimiz iki gündə 15-ə yaxın TIR-ın qardaş ölkəyə yola salındığını dedi.

Mənzil-kommunal xidmətinin Xətai rayon üzrə işçisi Hüseynova Qənirə dünəndən yüzlərlə insanın gəldiyini, yardım gətirdiyini bildirdi. Onun dilində tükənməyən dualarla yardım üçün gətirilən əşyalara nəzər yetiririk.

Əşyaların içərisində isti geyimlər, uşaq bezləri, yorğan-döşək, odeyallar çoxluq təşkil edirdi. Açılıb-yığılan yataqlar, qızdırıcılar və digər lazımlı əşyalar da vardı. Diqqətimi çəkən isə oyuncaq oldu. Bir neçə gündür dağıntılar altında qalan və ya xilas olunan uşaqların görüntüləri ilə baş-başayıq. Minlərlə körpə bu fəlakətin qurbanı oldu, ya dağıntıların altında qalıb vəfat edərək, ya da hər iki valideynini itirərək. Duyarlı Azərbaycan vətəndaşları isə həmin körpələr üçün yumşaq oyuncaqlar göndərirdilər. Bununla da uzaqdan-uzağa dünyanın əlində oyuncaq olan insana sevgi nümayiş etdirirdilər.

Səhər saatlarından yardım məntəqəsinə gələrək yardım edən Gülpəri Qurbanova kövrələrək dağıntılar altında tanıdığı insanların qaldığını bildirdi:

“Soydaşlarımızın dərdi bizim dərdimizdir, saat 8-dən burdayam. Bir dəst yorğan-döşək, bir də uşaq yataq dəsti gətirmişəm. Özüm xəstəyəm, həkimə getməli olsam da, bu gün bura gəlmişəm, çünki ürəyim dözmədi. Həm yardım gətirmişəm, həm də kömək edirəm. Çox üzgünəm, Bursada qohumlarım var. Qohumlarım olmasa belə, türklər bizim qanımız, canımız, qardaşımızdır”.

Yardım edənlər arasında olan Sədaqət Hüseynova yardım etməyin vətəndaşılıq borcu olduğunu bildirdi:

“Biz iki dövlət, bir millətik. Bu, hər zaman təsdiq olunub. Özümüz uzaqda olsaq da, ürəyimiz onlarladır. Türkiyə hər zaman, tarix boyu bizim yanımızda olub. Bu, Allahın işidir, nə edə bilərik. Mən səhər durdum televizoru açdım, şoka düşdüm. Özümü orada hiss elədim, ata-analar necə haray çəkir. Mən də türkəm, qadınam, insanam, göz yaşları içərisində izləyirəm. 3 gündür nə yediyimi, nə içdiyimi bilmirəm. Gücüm çatandan kömək üçün gətirdim, yardım edənlərin hamısına da minnətdaram”.

Sədaqət xanımın emosional nitqindən sonra Şamaxı şəhərindən kömək üçün gələn Vətən müharibəsi veteranı Elbrus İbrahimovla söhbətləşdik. O, hər zaman Türkiyənin yanında olduğunu dedi. 61 yaşlı Füzuli Əlizadə də könüllü olaraq yardım paketlərinin qablaşdırılmasına kömək edənlər arasındadır. O, sarsıntı keçirdiyini, əlindən gələni etməyə hazır olduğunu, Azərbaycan xalqının hər zamanTürkiyənin arxasında olduğunu vurğuladı.

Kürəyində qutuları daşıyanlar arasında gənclər də vardı. 17 yaşlı kollec tələbəsi Bilal Həsənli valideynləri ilə yardım gətirdiyini, orada qalıb qablaşdırmaya kömək etdiyini bildirdi.

Söhbət zamanı onu öyrəndik ki, 61 yaşlı Füzuli kişi ilə 17 yaşlı Bilalın fikri eynidir:

“Biz qardaşıq, bu, içdən gələn bir hissdir”.

Yardıma kömək edənlərin işinə mane olmamaq, daha çox vaxtlarını almamaq üçün uzaqlaşırıq. Yeni TIR gəlir, insanlar əşyaları yükləyirlər. Yenə də biri-birinə kömək edənlərin səsi-küyü yaralılara dua edənlərin səsinə qarışır. Həqiqətən bu mənzərənin bir adı var: “Qardaş köməyi”. Elanda yazıldığı, adət-ənənədə olduğu kimi...

Günay Şahmar
Cebhe.info