Abdullahian və Paşinyan: Bir medalın iki üzü

Abdullahian və Paşinyan: Bir medalın iki üzü

İran hüquqa zidd addımlar atmaqda davam edir.

Belə ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian qısa müddət ərzində 2 fərqli bəyanat verib.

O, ötən gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb.

Telefon danışığı zamanı Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.

Lakin İranın XİN rəhbəri “Əl-Vəfaq” qəzetinə müsahibəsi zamanı yenə də Zəngəzur dəhlizi ilə bağlı mövqelərinin dəyişmədiyini söyləyib:

“İran ölkəni Ermənistanla birləşdirən bölgədəki tarixi marşrutunun məhdud və ya qapalı olmasına icazə verməyəcək”.

Görünür, rəsmi Tehran Azərbaycanla bağlı münasibətləri normallaşdırmaq istiqamətində çalışdığını desə də, Zəngəzur dəhlizi ilə bağlı məsələdə öz mövqeyindən geri addım atmır. 

Bu isə Tehran hakimiyyətinin konkret bir mövqeyə sahib olmadığının bariz nümunəsidir.

Belə olan halda, hansı normallaşmadan söhbət gedə bilər? 

Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, İrandan başqa bir mövqe də gözlənilmirdi:

“Çünki İran heç bir zaman Azərbaycana qarşı səmimi xarici siyasət yürütməyib. Rəsmi Tehran hər zaman olduğu kimi bu gün də Ermənistanı dəstəkləyir. 

Baxmayaraq ki, Ermənistan onların maraqlarını satdı və ABŞ hərbçiləri ilə İranın sərhədində təlimlər keçirdi. Rəsmi İrəvanın bu addımı həm İranı, həm də Rusiyanı çox qızışdırıb.

Tehran hakimiyyəti başa düşməlidir ki, əgər ABŞ qüvvələri artıq Ermənistan ərazisindədirsə, İran üzərindən hər cür kəşfiyyat işləri apara bilərlər”. 

Ekspert qeyd edib ki, Hüseyn Əmir Abdullahian isə Nikol Paşinyan təfəkküründə bir adamdır:

“Bu təfəkkürdə olan adamların mövqeyi olmur. Onlar müxtəlif mövqelərə uyğun olaraq danışırlar. Amma siyasətçi belə etməməlidir. Çünki dövlətlərin öz maraqları olmalıdır. 

Bir tərəfdən İranın hərbçiləri gəlib Azərbaycanın müdafiə naziri ilə görüşürlər, tərəflər arasındakı münasibətlərin yaxşı olduğunu və heç bir problemin olmadığını bəyan edirlər. Digər tərəfdən isə Abdullahian deyir ki, Ermənistanla əlaqəmizi kəsən yola imkan verməyəcəyik. 

İran dərk etmir ki, Zəngəzur dəhlizi onların imkanlarını kəsmir. Məgər Azərbaycanın İranla problemi var ki, Tehranla İrəvanın münasibətlərini gərginləşdirsin? Bizim İranla heç bir problemimiz yoxdur. Bu, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında da öz əksini tapıb.

Biz qonşu dövlətlərlə problemsiz əlaqələr qurmaq istəyirik. İranın xarici işlər nazirinin mövqeyi isə həqiqətən anlaşılmazdır. Bu cür ayrı-ayrı mövqelər ağılsızlıqdır”.

Elmir Mustafa
Cebhe.info