Azərbaycan suverenliyini tam bərpa etdi: “Bundan sonra Qarabağda...” 

Azərbaycan suverenliyini tam bərpa etdi: “Bundan sonra Qarabağda...” 

Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa edib.

Bu prosesdə sonuncu nöqtə bu ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatlarında qoyuldu. Artıq Azərbaycan bütün Qarabağ ərazisinə birbaşa nəzarət edir. Dövlət qurumları, təhlükəsizlik gücləri bütövlükdə Qarabağda fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin 27 sentyabrında Ermənistanın təxribatlarına cavab olaraq başlatdığı bütün sərhəd boyu hərbi əməliyyatlarla Qarabağı işğaldan azad etməyə başladı. 44 gün davam edən Vətən müharibəsində Qarabağ işğaldan azad edildi və Ermənistan kaputilyasiya aktına imza atmağa məcbur oldu. Postmüharibə dövründə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi, 10 noyabr Bəyanatının bəndlərinə əməl etmədi. Mütəmadi olaraq təxribatlar törətdi və bütün bunların yekununda Azərbaycan yenidən hərbi yolla bütövlükdə Qarabağı nəzarət altına aldı. Beləliklə də Azərbaycan suverenliyini tam şəkildə bərpa etmiş oldu.

2 oktyabrda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də bu məqama toxundu və Qarabağ məsələsinə nöqtəni qoydu.

“Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik”,-deyə Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı.

Göründüyü kimi, Qarabağla bağlı hərbi məsələ artıq bitib. Hazırda gedən proseslər digər məsələlərin həlli ilə bağlıdır. Söhbət minaların təmizlənməsi, separatçıların tərkisilah edilməsi, qurumların fəaliyyətinin təmin olunması və təbii ki, qayıdış prosesinə başlamaqdan gedir.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan siyasi şərhçi Oqtay Qasımov deyib ki, Azərbaycan bölgədə suverenliyini və ərazi bütövlüyünü tam şəkildə təmin etdi:

“Bir çox qüvvələrin Qarabağ üzərindən yaratmaq istədiyi “boz zona” aradan qalxdı. Bu, böyük hadisədir. Eyni zamanda, Prezidentin çıxışında bir məqam da var idi ki, biz özünümüdafiə hüququndan istifadə etdik, o cümlədən beynəlxalq hüquq bərpa olundu. Yəni BMT-nin qətnamələrini yerinə yetirdik. Biz böyük ölçüdə bu məsələyə nöqtə qoyduq.

Bundan sonrakı mərhələ işin diplomatik hissəsidir və bir çox maraqlı dövlətlər tərəfindən Azərbaycana qarşı atılan iftiraların aradan qaldırılmasıdır. Qarabağ ermənilərinin planlı şəkildə Ermənistan və hansısa böyük marağı olan dövlətlər tərəfindən bölgədən birdən birə çıxarılması müəyyən suallar doğurur. Azərbaycan onlara bir neçə dəfə müraciət edib ki, bizim qanunları qəbul edib yaşamaq istəyənlər geri qayıda bilər. Onlar üçün də bütün şərait yaradılacaq. Yəni bundan sonra Azərbaycan bu məsələlərlə məşğul olacaq”.

O.Qasımov əlavə edib ki, Azərbaycan bölgədə fəaliyyətini kompleks şəkildə davam etdirir:

“Artıq bir çox dövlət qurumları, nazirliklər bölgədə fəaliyyətə başlayıb. Xüsusilə də təhsil və tibb sahələrində işlər başlanılıb. Artıq ərazidə qalan ermənilərə tibbi xidmət göstərilir. Müəyyən şəxslər vətəndaşlıqla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət ediblər. Daxili İşlər Nazirliyi asayişi qorumaqla məşğuldur. Müdafiə Nazirliyi tərkisilah prosesini həyata keçirir, ANAMA ilə birgə minatəmizləmə işləri görülür. Bu baxımdan, görüləcək işlər çoxdur.

O cümlədən ötən gün bölgəyə BMT-nin missiyası getdi, orada ilkin araşdırmalar apardı. Düşünürəm ki, bundan sonra əsas işlərdən biri də missiyalarla işləmək olacaq. Çünki bu missiyalar üzərindən Azərbaycana qarşı fəaliyyət göstərmək istəyən qüvvələr var. Onların da kim olduğunu hər kəs bilir”.

Vilayət Muxtar
Cebhe.info