Azərbaycana qarşı qüvvələrə Prezidentdən açıq mesaj

“Azərbaycan tərəfdaş hesab etdiyi bəzi ölkələrlə müəyyən anlaşılmazlıqlar yaşayır”.
Bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyü məsələsində beynəlxalq hüququn təmin olunmasının tərəfdarıdır.
“Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin”, - deyə Prezident vurğulayıb.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, ABŞ, Gürcüstan, Litva və Aİ-nın bəzi ölkələrinin Azərbaycanla münasibətlərdə son addımları birmənalı qarşılana bilməz:
“Cənab Prezident İlham Əliyevin nəzərdə tutduğu tərəfdaş ölkələrin siyahısına ABŞ da daxildir. Bildirim ki, 30 il ərzində ABŞ və Azərbaycan arasında yüsək səviyyəli diplomatik münasibətlər qurulub. Həmçinin rəsmi Bakı və Vaşinqton beynəlxalq təhlükəsizlik və enerji məsələlərində bir-birilə əməkdaşlıq edirlər. Eyni zamanda ABŞ-ın sabiq dövlət rəhbərləri, eləcə də hazırki Prezident Co Bayden tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktublarda
Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşı hesab edilib. Vaşinqton Azərbaycanla əməkdaşlığın bundan sonra da davam etdirilməsində maraqlıdır.
Lakin son zamanlar ABŞ-da müəyyən dairələrin anti-Azərbaycan siyasəti rəsmi Bakı üçün qəbuledilməzdir. Azərbaycan ABŞ-da ona qarşı səsləndirilən bəyanatları birmənalı qarşılamır və lazım gələndə adevkat cavablar verir.
Bu siyahıya, həmçinin bəzi tərəfdaş ölkələr də daxildir. Xüsusilə, müəyyən nüaslarda gözləmədiyimiz məqamların baş verməsinə şahidi oluruq. Belə ki, Gürcüstanın Fransadan göndərilən silahların öz ərazisi üzərindən Ermənistana ötürülməsinə razılıq verməsi Azərbaycan ictimaiyyətində hələ də müəmmalı məsələ olaraq qalır. Gürcüstan hakimiyyəti bunu beynəlxalq hüququn normaları ilə əsaslandırmağa çalışsa da, rəsmi Tiflisin hərəkəti Azərbaycanda ciddi narazıçılıq yaradıb.
Bununla bərabər, digər tərəfdaş ölkə - Litva Xarici İşlər və Müdafiə Nazirliyinin birgə hazırladığı sənəddə litvalı hərbçilərdən boş vaxtlarında dost olmayan ölkələrə səfər etməmələri tələb edilib. Azərbaycan da dost olmayan ölkələrin siyahısa daxil edilib.
Halbuki ötən il Azərbaycan və Litvanın dövlət başçılarının qarşılıqlı səfərlərinin baş tutmasına şahidi olduq. Qarşılıqlı səfərlər zamanı iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb. Bu münasibətlərin fonunda Litvanın dövlət qurumlarının fərqli qərar qəbul etməsi təəccüb doğurur.
Avropa İttifaqının bəzi üzv ölkələrinin Azərbaycanla tərəfdaşlıq münasibətlərinin olmasına baxmayaraq, həmin ölkələrin nümayindələri Avropa Parlamentində və Aİ-nın Nazirlər Şurasında Azərbaycana qarşı qərarların qəbul edilməsinə səs verirlər. Dövlət başçımız məhz bu kimi ölkələri nəzərdə tutub”.
Yunis Abdullayev
“Cebhe.info”