Azərbaycanlılarla erməniləri dindarlar barışdıra bilər?

Roma Papası Fransisk Azərbaycan və Ermənistanı aralarındakı problemləri və mübahisələri həll etmək üçün dialoqa çağırıb.
Vatikan rəhbəri hər iki ölkənin böhrana son qoymaq üçün tezliklə sülh sazişi imzalayacağını ümid edir.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan danışıqlar nəticəsində problemlər öz həllini tapacaq və bu, ikitərəfli razılaşmanın əldə olunmasına töhfə verəcək.
Bu arada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ermənilərin katolikosu II Qareginlə görüşünün mümkünlüyündən danışıb.
Şeyxülislam mətbuata açıqlamasında ermənilərin dili lideri ilə görüşün hələlik mümkün olmadığını bildirib.
Allahşükür Paşazadə vurğulayıb ki, katolikos II Qareginin revanşist çağırışları ikitərəfli təmasların qurulmasına mane olur.
“Ermənistanın dini lideri ilə görüşüb-görüşməyəcəyimiz bəlli deyil. Biz həmişə Rusiyanın Patriarxı Kirill vasitəsilə görüşmüşük. Ancaq Ermənistan dini liderinin revanşizm siyasəti, erməniləri qarşıdurmaya çağırışına görə hələlik görüşümüz mümkün deyil. Onun əməlləri bu görüşün baş tutmasına imkan vermir”, - deyə A.Paşazadə bildirib.
Şeyxülislam ermənilərin dini liderinin revanşizm siyasətindən əl çəkəcəyi təqdirdə onunla görüşün mümkünlüyünü istisna etməyib.
Bəzi ekspertlər hesab edirlər ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına, o cümlədən Qarabağda birgəyaşayışın təmin olunmasına müsbət təsir göstərmək üçün hər iki ölkənin dini xadimlərinin qarşılıqlı görüşləri labüddür.
Maraqlıdır, tezliklə Azərbaycanla Ermənistanın dini xadimlərinin ikitərəfli görüşləri baş tutacağı təqdirdə bu, hər iki xalq arasında sülh və barışığın təmin olunmasına nə kimi təsir göstərəcək?
Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycanın din xadimləri hər zaman sülhün tərəfdarları olublar, amma bu, erməni din xadimlərində hələ görünmür:
“Bildirim ki, sülh prosesinin intensivləşməsi həm dövlətimizin, həm də dövlət başçımızın başlıca mövqeyidir. Azərbaycan hər zaman regionda sülh, əmin-amanlıq və sabitliyin möhkəmlənməsi üçün çalışıb.
Təəssüflər olsun ki, ermənilərin din xadimləri daxil olmaqla, bu millətin əksəriyyəti sülhə meyilli deyillər. Belə ki, Birinci Qarabağ müharibəsində dövlətimizə qarşı vuruşan və xalqımıza qarşı cinayətlərdə iştirak edən erməni din xadimləri də olub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 44 günlük Vətən müharibəsindən əvvəl ermənilərin katolikosu II Qareginlə müəyyən görüşləri olurdu. Sonradan bu görüşlər dayandırıldı. Bildirildi ki, artıq erməni tərəfi ilə danışıqlar aparmağın heç bir mənası yoxdur. Yəni erməni din xadimləri də riyakardır və onlara etibar etmək mümkün deyil.
Əgər ermənilərin daxilində səmimi din xadimləri üzə çıxarlarsa, əlbəttə ki, onlarla təmaslar qurmaq və ya görüşüb hər iki ölkə arasında sülh prosesinin canlanması, eləcə də hər iki xalqın birgəyaşayışının mümkünlüyü bəradə danışıqlar aparmaq olar.
Ancaq reallıq onu göstərir ki, ermənilərin din xadimləri Ermənistanın siyasi xadimlərindən daha radikal millətçi və revanşistdirlər. Ermənilərin Azərbaycan xalqına qarşı tarixən törədiyi soyqırımlarda erməni keşişlərinin müstəsna rolu olub. Məhz erməni keşişlərinin fətvası ilə erməni millətçiləri xalqımıza qarşı qətliamlar törədiblər. Erməni vandalizminin və qaniçənliyinin kökündə məhz erməni kilsəsi durur.
Qeyd edim ki, Qriqonyan kilsəsinin erməni millətçiliyi ilə bağlı təlimatları və təbliğatları İslamın daxilində vaxtilə formalaşdırılan İŞİD-in siyasətindən heç cür fərqlənmir. İstənilən dində din xadimləri terrorçuluğu və qaniçənliyi təbliğ etməməlidir, əksinə millətini sülhə və barışığa çağırmalıdır.
Ermənilərin özündə sülhə meyilli və insanlığın dəyərini qiymətləndirən din xadimləri olarsa, həmin şəxslər ilə din xadimlərimiz arasında görüşlərin keçirilməsi və təmasların qurulması çox yaxşı olardı. Çünki bu, sülh prosesində müstəb nəticələr verə bilər”.
Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli də həmkarı ilə eyni fikirləri bölüşüb:
“Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanın dini lideri və din xadimləri hər zaman sülh və barışıq mövqeyindən çıxış ediblər. Amma Ermənistanın dini lideri və erməni millətinin din xadimləri daima öz millətini silahla sarılmağa və qonşuları ilə qanlı toqquşmalara çağırıb. Buna görə də erməni tərəfinin din xadimləri ilə sülh və birgəyaşayış ilə bağlı müzakirələr aparmaq çox çətin görünür.
Onsuzda Azərbaycan dövlətinin siyasəti sülhə və sabitliyə xidmət edir. Azərbaycan xalqı da əmin-amanlığın tərəfdarıdır. Təəssüflər olsun ki, bir sıra millətlər bunu xoşluqla qarşıladığı halda erməni millətçiləri və din xadimləri çürük düşüncələrindən əl çəkmirlər. Erməni millətinə, xüsusilə onların xəstə təfəkkürlü din xadimlərinə etibar etmək mümkün deyil”.
Yunis Abdullayev
Cebhe.info