Bölgənin lider dövləti: “Azərbaycan heç kimdən kömək almadan...”

Bölgənin lider dövləti: “Azərbaycan heç kimdən kömək almadan...”

Azərbaycan regionun ən güclü dövlətidir. Hərbi, siyasi, iqtisadi gücü Azərbaycanın bölgədə lider dövlət mövqeyini günü-gündən gücləndirir.

Azərbaycan bu günə qədər bütün bu işləri öz gücü, öz imkanları hesabına görüb. Hazırda Qarabağda aparılan tikinti-quruculuq işlərini Azərbaycan öz hesabına həyata keçirir. Müharibədən qısa zaman keçməsinə baxmayaraq, bu müddət ərzində artıq bir sıra şəhər və kəndlər bərpa olunub. Eləcə də Füzulidə, Zəngilanda və Laçında olmaqla üç beynəlxalq səviyyəli hava limanının inşası xüsusilə diqqət çəkir.

Eyni zamanda bölgələrdə yol infrastukturu yenidən qurulur, körpülər, tunellər tikilir. İşğaldan sonra Qarabağda olan vəziyyəti bütün dünya gördü. Belə demək mümküdürsə, bir dənə də olsun salamat tikili yox idi, erməni işğalçıları Qarabağı darmadağın etmişdi.

Müharibədən 3 il ötür, Qarabağa cənnətə çevrilir. Qarabağ əvvəlki gözəlliyinə, əzəmətinə qayıdır. Bütün bunları isə Azərbaycan dövləti məhz öz hesabına həyata keçirir.

Prezident İlham Əliyev də 29 sentyabrda Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zaman bu məqamı xüsusi olaraq vurğulayıb.

“İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Azərbaycan Qarabağda tikinti-quruculuq işlərini bu gün də sürətlə davam etdirir. Yeni müəssisələrin təməli qoyulur, şəhərlər, kəndlər, qəsəbələr bərpa olunur, paralel olaraq Böyük Qayıdış proqramı da icra edilir.

Bütün bunlar bir daha Azərbaycanın gücünü dünyaya göstərir. Öz gücünə müharibə aparıb, müharibədən bitər-bitməz isə quruculuq işlərinə başlayan Azərbaycan bu baxımdan da dünya üçün bir nümunəyə çevrilir.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib ki, Azərbaycan Qarabağ torpaqlarını öz gücü ilə işğaldan azad etdi:

“Beynəlxalq təşkilatlar, xüsusən də BMT-nin, ATƏT-in bu məsələdə seyrçi mövqeyi bizləri güc yoluyla torpaqlarımızı azad etməyə məcbur etdi.

Azad etdikdən sonra da Azərbaycan ermənilərin minalarla çirkləndirdiyi ərazilərimizi öz gücü və imkanları hesabına təmizləməkdədir. Paralel olaraq orada quruculuq, tikinti və bərpa işləri aparılır. Kifayət qədər yüksək sürətlə və keyfiyyətlə aparılan prosesi Azərbaycan dövləti öz gücü və daxili imkanları hesabına həll edir”.

M.Göyüşlü əlavə edib ki, Azərbaycan xalqı kimsənin köməyi və dəstəyi olmadan həm torpaqlarını azad etdi, həm təmizləyir, həm də qurub, tikir:

“Təəssüf ki, bu situasiyada belə beynəlxalq təşkilatların, böyük dövlətlərin ədalətsiz yanaşmasını görürük. Onlar bu durumda belə Ermənistana dəstək verir, ona yardım göstərirlər. Xüsusilə Qərb ölkələrinin, təşkilatlarının, fondlarının ədalətsiz yanaşması üzücü bir haldır.

Buna baxmayaraq biz tikib, qurub insanlarımızı ora köçürürük. Artıq minlərlə vətəndaşımızın öz dədə-baba yurdlarına köçürülməsi də bunun bariz göstəricisidir, proses davam edir”.

Vilayət Muxtar
Cebhe.info