Bölgəyə ciddi təhlükə: Qarabağdakı erməni silahlıları sülhü təhdid edir

Bölgəyə ciddi təhlükə: Qarabağdakı erməni silahlıları sülhü təhdid edir

Ermənistanın təxribatları nəticəsində bölgədəki gərginlik pik səviyyəyə çatıb.

üstəlik, ermənilər rəsmi Bakının dəfələrlə etdiyi çağırışlara da məhəl qoymur. Separatçıların təxribatları və törətdikləri terrorların nəticəsidir ki, Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Çünki Qarabağdakı qeyri-qanuni silahlı dəstələr bölgə üçün ciddi təhlükə mənbəyi yaradırdı. Belə ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bəyanatın 4-cü bəndinə əsasən, Rusiya sülhməramlılarının Qarabağa daxil olması ilə paralel olaraq, qeyri-qanuni silahlı dəstələri də bölgəni tərk etməli idi. Lakin Bəyanatın imzalanmasının üzərindən təxminən 3 il keçməsinə baxmayaraq, əsas müddəası hələ də yerinə yetirilməyib. Bu səbəbdən də bölgədə gərginlik səngimir və erməni təxribatları dayanmır.

Bütün bunların fonunda Azərbaycanın lokal antiterror tədbirlərinə başlaması qaçılmaz idi.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi üçün dəfələrlə Ermənistana xəbərdarlıq edib:

“Ermənistandan baş vərənlərdən nəticə çıxarmasını gözləyirdik. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra keçən 3 il ərzində keçmiş münaqişənin dinc yolla həll edilməsi üçün əlindən gələni etdi. Bu istiqamətdə müxtəlif görüşlər keçirildi və bəyanatlar verildi. Amma təəssüf ki, rəsmi İrəvan heç bir nəticə çıxarmadı. Həmçinin, qeyri-qanuni erməni silahlı dəstələri də Qarabağdan çıxmadı. Biz üçtərəfli Bəyanatdakı bütün öhdəliklərimizi yerinə yetirsək də, rəsmi İrəvan bütün sülh təşəbbüslərinə mane oldu.

Nəzərə almaq lazımdır ki, ötən müddət ərzində Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı təxribatlar törətdi, mina xəritələrini bizə vermək əvəzinə, ərazilərimizdə yeni minalar basdırdılar. üstəlik, son günlər Ermənistanın təxribatları və mövqelərimizi atəşə tutması intensivləşdi”.

Deputat vurğulayıb ki, Azərbaycan üçün başqa seçim yox idi:

“Yəni son baş verənlər fonunda Azərbaycanın yalnız bir yolu qalırdı. üstəlik, bəzi Qərb dövlətləri və beynəlxalq təşkilatlar da Ermənistanı dayandırmaq əvəzinə, onu dəstəkləməyə başladılar. Bu isə bölgədəki vəziyyəti daha da gərginləşdirdi və Ermənistanı yeni cinayətlərə sövq etdi. Rəsmi Bakı çox səbr etdi, amma hər şeyin bir həddi var. Nəzərə almaq lazımdır ki, dünyadakı heç bir dövlət Azərbaycan qədər səbr nümayiş etdirə bilməzdi. Ona görə də lokal antiterror əməliyyatının başlaması artıq zəruri idi.

Azərbaycan Ordusu antiterror əməliyyatı vasitəsi ilə hədəflərinə və məqsədlərinə nail olmalıdır. Hesab edirəm ki, Azərbaycan üçün lokal antiterror əməliyyatı keçirməkdən başqa seçim qalmamışdı. Bu məsələyə görə birbaşa məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Biz ermənilərdən fərqli olaraq mülki əhalini hədəf almırıq. Ordumuz ölkəmizə qarşı davamlı təxribatlar törədən hərbi obyektləri məhv edir və buna davam edəcək”.

Elmir Mustafa

Cebhe.info