Daha qanlı və daha uzun müharibə BAŞLAYIR?

Daha qanlı və daha uzun müharibə BAŞLAYIR?

Yaxın Şərqdə gərginlik pik həddə çatdığı bir vaxtda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının növbəti mərhələyə keçə biləcəyi müzakirə olunur. 

Münaqişə hava və raket zərbələri mərhələsindən quru əməliyyatlarına keçərsə, bu, Yaxın Şərqdə uzunmüddətli müharibəyə səbəb ola bilər.

Bəs ABŞ-İsrail-İran müharibəsi quru əməliyyatına keçsə, proses necə olacaq?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında politoloq Aydın Tağıyev bildirib ki, öz coğrafiyasına bələd olan İran quru əməliyytları zamanı prosesləri ciddi şəkildə uzada bilər.

"Yəni İranın dağlıq əraziləri, geniş sərhədləri və yerli qüvvələrinin ("Hizbullah", İraqdakı “Xalq Səfərbərlik Qüvvələri”, Yəmən Husi qüvvələri) iştirakı quru müharibəsini çətinləşdirər. 

Məsələyə başqa aspekdən baxdıqda, təxmin etmək olur ki, quru əməliyyatları çoxlu əsgər, sursat və uzunmüddətli təchizat xətləri tələb edir. Bu, müharibəni aylarla, hətta illərlə uzada bilər. Məsələnin siyasi riskləri daha böyük ola bilər.

Məsələn, nəticədə quru müharibəsi mülki itkiləri artırar, beynəlxalq təzyiqi yüksəldər və ABŞ–İsrail üçün legitimlik böhranı yarada bilər. Bu cür əməliyyatlar regional genişlənmə halı alar".

Politoloq əlavə edib ki, Livan, Suriya və İraqdakı İrana dəstək qruplarının daha aktiv şəkildə müharibəyə qoşulmasına səbəb ola bilər:

"Hesab edirəm ki, quru əməliyyatları baş versə, nəticədə  müharibə çoxşaxəli sürətdə uzanacaq.  Daha uzun, daha qanlı və daha mürəkkəb bir mərhələyə gətirib çıxara bilər. 

Əgər münaqişə uzansa, regional sabitlik daha da pozulacaq. Bunu üçün ABŞ və İsrail müttəfiq qüvvələri sürətli addımlar atırlar. Yekun nəticə yenə də proseslərdən asılıdır".

Əfsanə Rəcəb
"Cebheinfo.az"