Ən böyük siyasət adamı ilə vida: Kissincer Bakıda nələr danışmışdı?

Xəbər verdiyimiz kimi, ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib. Bu barədə "Kissinger Associates Inc." məlumat yayıb.
O, noyabrın 29-da Konnektikut ştatındakı evində dünyasını dəyişib.
20-ci əsrdə ABŞ xarici siyasətinin ən görkəmli və mübahisəli simalarından biri olan Kissincer “Foreign Policy” tərəfindən aparılan sorğuya görə, son 50 ilin ən təsirli ABŞ dövlət katibi kimi göstərilib.
O, ABŞ-ın Vyetnam müharibəsində hərbi iştirakına son qoymağa təşviq etdiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb. Onun digər mükafatlarına
“Prezident Azadlıq” medalı (1977), “Britaniya imperiyası”nın ordeni (“Cəngavər Komandiri”, 1995), İsrail Prezidentinin “Şərəf” medalı (2012) daxildir.
2009-cu ildə Münhen Təhlükəsizlik Konfransının "Ewald von Kleist" mükafatını alan ilk şəxs olub. O, müxtəlif universitet və akademiyaların fəxri adlarına sahibdir.
Kissincerin adi dünya siyasəti tarixinə qızıl hərflərlə yazılıb. Onu fəaliyyətində Azərbaycanla bağlı da məqamlar var.
Ümummilli lider Heydər Əliyev və Henri Kissincer ilk dəfə 1995-ci il oktyabrın 21-də Heydər Əliyevin BMT-nin 50 illik yubileyində iştirak etmək üçün ABŞ-a səfəri zamanı Nyu-Yorkda görüşüblər.
27 iyul – 7 avqust 1997-ci ildə ABŞ-a ilk rəsmi səfəri zamanı Nyu -Yorkda Heydər Əliyev Henri Kissincerlə ikinci dəfə görüşüb.
Bakıya səfər
O, 1999-cu ilin yanvarında Azərbaycana səfərə gəlib və mərhum prezident Heydər Əliyevlə görüşüb. Həmin səfər zamanı Kissencer Azərbaycanı inkişaf etməkdə olan dövlət adlandırıb.
Böyük siyasət adamının Azərbaycana səfərə Heydər Əliyev dəvət ilə baş tutub. Heydər Əliyev Azərbaycana səfər etdiyinə görə Kissincerə təşəkkür edib:
“Sizi Azərbaycanda yaxşı tanıyırlar. Amma sizi təkcə Azərbaycanda yox, bütün dünyada, hər yerdə yaxşı tanıyırlar. Çünki siz 70-ci illərin əvvəllərindən Amerika Birləşmiş Ştatlarının dövlətində böyük vəzifə tutaraq, eyni zamanda dünya siyasətində çox görkəmli yer tutmusunuz. Sevindirici haldır ki, o vaxtdan indiyə qədər siyasət səhnəsindən düşməmisiniz.
O illər mənim xatirimdədir. Xüsusən Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında tərk-silahla əlaqədar danışıqlar gedən zaman Kissincerin adı, demək olar ki, hər gün Sovetlər İttifaqının televiziyasında, radiosunda, qəzetlərində çəkilirdi”.
Henri Kissincer bu görüşdə deyib:
“Mənim üçün xüsusilə böyük məmnunluqdur ki, bizim strateji, siyasi əhəmiyyət verdiyimiz bir ölkə Sizin kimi dünya şöhrətli şəxsiyyət tərəfindən idarə olunur. Mən Azərbaycanla maraqlanmağa başlayanda bu ölkə barəsində faktiki olaraq çox şeyi bilmirdim. Sadəcə, mənə Azərbaycanın xəritədəki yeri, təbii ehtiyatları və əhəmiyyəti məlum idi. Azərbaycana marağım xüsusilə o zaman artmağa başladı ki, Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqil yolla inkişaf edən ölkələrdən biri oldu”.
907-ci düzəlişi ləğv etdirdi
H.Kessincer Azərbaycanla münasibətlərdə yeni yanaşmanın tərəfdarı idi. O, 1992-ci ildə Amerika Konqresi tərəfindən Azərbaycana qarşı tətbiq edilmiş 907-ci maddəyə qarşı mövqeyi ilə də tanıırdı. Hətta bu məqama o, Heydər Əliyevlə Bakıda keçirdiiyi birgə mətbuat konfransında da toxunub.
Maraqlıdır ki, 2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verd. Henri Kissincer, Lourens İqlberger və Brent Skoukroftun respublikaçı Prezident Corc Buşa əhəmiyyətli təsiri səbəbindən ABŞ-nin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş 2002-ci ilin yanvarında dayandırılıb. Ancaq 2002-2006-cı illərdə Corc Buş bu fərmanı yenidən təkrarlayıb.
H.Kissincer Heydər Əliyev haqında deyirdi:
“Heydər Əliyevin uzaqgörən siyasəti xalqı və ölkəni firavanlığa, surətli inkişafa gətirib çıxaracaqdır. Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək və əbədi edəcəkdir”.
2016-cı ilin sentyabrında Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti də Henri Kissincerlə görüşüb.
Görüş “Appeal of Concience” Fondunun prezidenti Rabbi Artur Schneier tərəfindən Fransa Respublikasının Prezidenti Fransua Ollandın şərəfinə verilən ziyafət mərasimi çərçivəsində baş tutub.
Henri Kissincerə təşkilatın fəaliyyəti və V Qlobal Bakı Forumu barədə məlumat verilib, Forumun əhəmiyyəti xüsusu vurğulanıb. Bildirilib ki, Qlobal Bakı Forumu artıq dünyanı və Avropanı narahat edən qlobal məsələlərin müzakirə edildiyi platformaya çevrilib. Forumun ölkələr və mədəniyyətlər arasında əməkdaşlıq və əlaqələrin qurulması baxımından da mühüm əhəmiyyət kəsb etdiyi də qeyd olunub.
Qeyd edək ki, 2014-cü ildə Henri Kissincerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi Qızıl medalı təqdim olunub. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü olub.
Xəzər
Cebhe.info