İrəvan çalxalanır: Paşinyan gəldiyi kimi də yola salınır?

İrəvan çalxalanır: Paşinyan gəldiyi kimi də yola salınır?

"Hazırda Ermənistanda Paşinyan hakimiyyətinə alternativ olacaq siyasi qüvvə yoxdur". 

Bu sözləri politoloq Oqtay Qasımov "Cebhe.info"-ya şərhində Ermənistanda İrəvanın sabiq meri Ayk Marutyan tərəfindən əsası qoyulan  (“Yeni qüvvə”) partiyanın Paşinyan hakimiyyətinə alternativ olub-olmayacağı ilə bağlı suala cavab verərkən bildirib. 

Onun sözlərinə görə, Ermənistan cəmiyyətində Baş nazir Nikol Paşinyana inam çoxdur:

"Hazırda Ermənistanın siyasi ictimaiyyətində iki əsas qüvvə var: Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu hakim “Mülki Müqavilə” partiyası və ona müxalif Robert Köçəryanın rəhbərlik etdiyi "Hayastan" və Serj Sarkistanın "Mənim Şərəfim" fraksiyalarıdır.

Ermənistanın sabiq prezidentləri, Robert Köçəryan və Serj Sarkisyan "Qarabağ klanı"nın rəhbərləri və Rusiyayönümlü siyasilərdir. Bu gün Ermənistan ictimaiyyətində Köçəryana və Sarkisyana münasibəti çox mənfidir. Bu, 2021-ci ilin sentyabrında Ermənistanda keçirilən son parlament seçkilərində 
özünü görsərtdi.

Ancaq müəyyən müddətdən sonra Ermənistanın siyasi mühitində yeni siyasi qüvvələr meydana çıxıb. Bildirim ki, bu yaxınlarda Nikol Paşinyanın partiyasının üzvü olan və İrəvanın sabiq meri Ayk Marutyan "Yeni qüvvə" adlı partiya təsis edib. Deyilənlərə görə, Ayk Marutyanın İrəvanda müəyyən elektoratı var. 

Nəzərə alaq ki, Marutyan partiyasının ilk qurultayında Robert Köçəryan və Serj Sarkisyanla əməkdaşlıq etməyəciyini bəyan edib. Bu, çox maraqlı nüansdır.  Amma Ayk Marutyanın partiyasının Paşinyan hakimiyyətinə alternativ olub-olmayacağı barədə proqnoz vermək indidən çətindir. Bunu yalnız zaman göstərəcək. Marutyanın, eləcə də digər yeni siyasi qüvvələrin siyasi meydanda görünməsi ölkədaxili proseslərdən aslı olacaq.

Təbii ki, hazırkı iqtidar "Mülki Müqavilə" partiyasında da Nikol Paşinyana alternativ olan şəxslər var. Şəxsi hesablamalarıma görə, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriyonyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan baş nazirlik postuna iddialı ola bilər.

Hesab edirəm ki, qısa müddət ərzində Paşinyanın hakimiyyətinə alternativ olan yeni siyasi qüvvənin ortalığa çıxması ehtimalı azdır". 

Yunis Abdullayev 
"Cebhe.info"