Köçəryan, Sarkisyan, Paşinyan: Ermənistanda hamı oğurlayır-Erməni mətbuatı yazır

Köçəryan, Sarkisyan, Paşinyan: Ermənistanda hamı oğurlayır-Erməni mətbuatı yazır

Ermənistanda büdcə oğurluğu, korrupsiya bütün hökumətlərin dövründə geniş vüsət alıb.

Nikol Paşinyan hakimiyyətə pafoslu şüarlarla gəlsə də, ölkəsində nəinki korrupsiya və büdcə oğurluğuna son qoyub, əksinə, bu sahəni sanki “unudub”.

“Ermənistanın müasir və yaxın tarixində korrupsiya və mənimsəmə həmişə olub. O cümlədən, cəmiyyətimizin müəyyən hissəsinin hələ də nostalji olduğu sovet dövründə. Hələ o vaxtlar - raykom katibindən, polis rəisindən, Mərkəzi Komitədən nazirlərə, rəislərə qədər hər kəs oğurluq edirdi. Lakin artıq müstəqillik illərində baş verənləri, əlbəttə ki, o dövrlə müqayisə etmək olmaz”.

Cebhe.info xəbər verir ki, bunu “Armenian Report” mövzu barədə məqaləsində yazıb.

Məqalədə bildirilir ki, Ermənistanda korrupsiya Köçəryan və Sarkisyan illərində geniş vüsət alıb:

“Onlar və qohumları özləri oğurlayıb, tabeçiliyində olanların işlərinə alçaldıcı şəkildə baxıblar. Bəlkə də loyallığın qiyməti bu idi. Hamı hər kəs haqqında hər şeyi bilirdi. Onlar bilirdilər ki, məsələn, Köçəryana yaxın nazir və ya məmur başqasına “krışa” olmaq üçün nə qədər alır.

Yeri gəlmişkən, məhz müxalifətin indiki “lideri”nin dövründə bizneslə hakimiyyətin birləşdirilməsi mexanizmi fəaliyyətə başlayıb. Buna görə də Köçəryanın hakimiyyəti dövründə onun yaxın çevrəsindən olan insanlar inanılmaz dərəcədə varlandılar. Sedrakoviç və onun əlaltıları milyonçu deyil, milyarder oldular, halbuki həmin illərdə Ermənistanın bütün illik büdcəsi 2,5 milyard dollar idi”.

Məqalə müəllifi bildirib ki, Köçəryanı əvəzləyən Sarkisyan da eyni yolu gedib:

“O da iştahında daha təvazökar deyildi. Özü oğurladı, qohumlarına da bu icazəni verdi. Məsələn, onun qardaşlarından biri, “Saşik 50%” təqibi ilə bütün ölkədə tanınan Saşik haqqında deyilənləri xatırlayaq. Hər bir iş adamı və ya məmur hər hansı bir əməliyyatdan, qazancdan 50 faizini yuxarıya, şəxsən Saşik Sarkisyana verməli idi.

Əks halda, o illərdə Ermənistanda heç bir biznes qurmaq olmazdı. Yeri gəlmişkən, elə buna görə də həmin illərdə diaspordan olan iş adamları Ermənistana sərmayə qoymaqdan belə çəkinirdilər . Heç kim öz hesabına Sarkisyanların acgöz dəstəsini dolandırmaq istəmirdi”.

Bəlkə də elə buna görədir ki, bugünlərdə Ermənistanda prokurorluğun eks-baş nazir Ovik Abramyanı qanunsuz yolla topladığı sərvətinin bir hissəsindən məhrum etmək istəməsi barədə məlumat heç kimi təəccübləndirmədi.

Belə ki, rəsmi xəbərlərə görə, prokurorluq Abrahamyandan (“Sıçan” ləqəbi ilə tanınır) qanunsuz yolla əldə edilən 59 daşınmaz əmlakın və milyonlarla dollar dəyərində digər aktivlərin müsadirə edilməsini tələb edib. Abrahamyan təkcə İrəvanda deyil, bütün ölkədə daşınmaz əmlak alıb. Həmçinin proses çərçivəsində məhkəmə 4 lüks avtomobili, 20 şirkətin səhmlərini, 9 daşınmaz əmlakın satışından əldə edilən 1,6 milyard dramı (4,1 milyon dollar) müsadirə edə bilər. Müxtəlif şirkətlərə verilən 11,5 milyon dollar, 687 milyon dram (1,6 milyon dollar) və 3,1 milyon avro vəsaitin geri qaytarılması planlaşdırılır. Prokurorluğun məlumatına görə, Abrahamyan və onunla əlaqəli şəxslər 21,2 milyard dramın (50 milyon dollardan çox) qanuni mənşəyini sübut edə bilməyiblər, ona görə bu vəsaitlər də müsadirə oluna bilər.

“Təbii ki, Abrahamyan bütün bu sərvəti Baş nazir və Milli Assambleyanın spikeri kimi həddindən artıq çalışdığı müddətdə toplayıb. Yaxşı, burada onun nə günahı var? Nə üçün Zəngəzurun eks-qubernatoru Surik Xaçatryan, eks-deputat Mher Sedrakyan dövlət hesabına varlana bilir, amma iyerarxiyada onlardan yuxarıda olan Abrahamyan bunu bacarmır? Şəxsi məqsədlə mənimsəmə, korrupsiya və vəzifədən sui-istifadə onların anlayışına görə artıq çoxdan qanuni gəlirə çevrilib”,-deyə sayt yazır.

Yazıda qeyd olunur ki, bu, yalnız geniş ictimaiyyətin bildiyi şeydir:

“Bəs Ermənistanın dünənki hökmdarlarının hesablarında hələ də neçə yüz milyonlarla, milyardlarla dollar necə saxlanılır? Yada salaq. Korrupsiyaya qarşı mübarizə çərçivəsində Ermənistan büdcəsinə artıq hakimiyyət dəyişikliyindən sonra birinci ildə 105 milyon dollara yaxın vəsait qaytarılıb. Proses dərhal 20 milyon dolları qaytaran Saşik Sarkisyanı da heyrətə saldı. Eks-prezident Serj Sarkisyanın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Vaçaqan Qazaryan 2,8 milyard dram (təxminən 5,8 milyon dollar), keçmiş maliyyə naziri Qaqik Xaçatryan isə 2 milyon dollardan çox vəsaiti qaytarıb.

Təbii ki, yeni hökumətin gəlişi ilə Ermənistanda korrupsiyanın kökünün kəsildiyini demək axmaqlıq olardı. Təəssüf ki, belə deyil. İrəliləyiş var, amma onlar hətta Paşinyanın dövründə də oğurlayırlar. Məsələn, Milli Assambleyanın spikeri Alen Simonyanın kiçik qardaşı Karlen Simonyanın rəhbərlik etdiyi "EuroAsfalt" QSC artıq yolların asfaltlanması ilə bağlı tenderin qalibi olub. Yollara xərclənın milyonlarla dollar olduqca gəlirli bir işdir. Biz hələ ordu ilə sıx bağlı olan, gah həbs edilərək, gah azadlığa buraxılan David Qalstyandan (patron Davo) demirik”.

Məqalədə bildirilir ki, Paşinyan beş ildən sonra onun əvvəlkilərdən daha korrupsiyalaşmış hökuməti olmaması üçün hələ çox çalışmalıdır.

Xəzər
Cebhe.info