Moskva, Brüssel, yoxsa Vaşinqton... - Sülh müqaviləsi harada imzalanacaq?

“Rusiya və Fransa prosesdən kənarlaşdırılmayana qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması qeyri-mümkün olacaq”.
Bunu politoloq Elçin Xalidbəyli Cebhe.info-ya açıqlamasında Moldovanın paytaxtı Kişineuda görüşünün nəticələrini şəhr edərkən bildirib.
O bildirib ki, son zamanlar Azərbaycan və Ermənistan arasında sülh prosesinin intensivləşməsi birbaşa Vaşinqtonun təşəbbüsü ilə bağlıdır.
“ABŞ Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasında maraqlıdır. Vaşinqton bu niyyətini qətiyyən gizlətmir. ABŞ Dövlət Departamentinin rəsmilərinin bəyanatlarını nəzərdən keçirsək görərik ki, bu dövlət Azərbaycanla Ermənistanı heç bir vasitəçi olmadan təmaslar qurmağa çağırır.
ABŞ-ın bu prosesdə əsas hədəfi Bakı və İrəvanı sülh müqaviləsinin imzalanmasına sövq etməklə Rusiyanın Cənubi Qafqazda dayaq nöqtələrini aradan qaldırmaqdır. Yəni, Vaşinqton uzunmüddətli münaqişəni tarixə qovuşdurmağa çalışır. O ki qaldı Brüssel formatına, bu Vaşinqton formatı ilə paralel şəkildə davam edir. Brüssel formatı ABŞ tərəfindən ciddi şəkildə dəstəklənir.
Qeyd edim ki, Vaşinqton formatı çərçivəsində əldə olunan nəticələr bu yaxınlarda Brüsseldə keçirilən görüşdə müzakirə olunub. Bundan sonra da Vaşinqton və Brüssel Azərbaycanla Ermənistan arasında sülh prosesinin təşviqində birgə hərəkət edəcəklər”.
Politoloqun sözlərinə görə, Fransanın hər hansı bir görüşdə iştirakı sülh prosesinə mənfi təsir göstərir:
“Moldovanın paytaxtı Kişineuda keçirilən görüşdə ilkin sülh sazişinin imzalanacağı ehtimal olunurdu. Lakin ümidlər boşa çıxdı. Çünki Fransa Prezidenti Emmanuel Makron bu görüşdə Ermənistanın tərəfdarı kimi iştirak edib. Fransa Prezidenti Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına əngəl yaradır. Makron hansı görüşdə iştirak edibsə, həmin görüşdə heç bir uğurlu nəticə, irəliləyiş əldə olunmayıb.
Xatırladım ki, ötən ilin sonunda Brüssel formatı çərçivəsində keçirilən danışıqlarda bir çox müsbət qərarlar qəbul olunub. Prosesin irəliləyə doğru gedəcəyi ilə bağlı ümidlər yaranmışdır. Ancaq Makronun riyakar və mərkli davranışları nəticəsində dekabrda növbəti Brüssel görüşü baş tutmadı. Nəticədə bu, sülh prosesinin ləngiməsinə səbəb oldu.
Vaşinqtonun davamlı diplomatik səyi ilə Azərbaycan ilə Emənistan arasında sülh prosesi yenidən bərpa olunub. Həqiqətən, Vaşinqtonun vasitəçiliyi ilə danışıqlarda hər iki tərəf müəyyən məsələlər üzrə ortaq məxrəcə gələ biliblər.
Lakin iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçirilən görüşdə iştirak edən Prezident Emmanuel Makron yenidə sülh danışıqlarının tam səmərəsiz başa çatmasında öz sözünü deyib. Görüşündə heç bir nəticənin əldə olunmaması məhz bununla bağlıdır”.
Elçin Xalidbəyli vurğulayıb ki, Makron hər nə qədər çalışsa da, istədiklərinə nail ola bilməyəcək:
“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel görüşlə bağlı bəyanatında bildirib ki, Brüsseldə növbəti üçtərəfli görüş iyunlun 21-də baş tutacaq. Makron heç bir halda bu görüşə buraxılmayacaq.
İyunun 12-də isə Vaşinqtonda Azərbaycanla Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək. Bu ilin oktyabrın 5-də isə İspaniyada “Avropa siyasi birliyi” 3-cü Zirvə toplantısı çərçivəsində beştərəfli görüşdə Fransa Prezidenti Emmanuel Makron iştirak edəcək. Ümid edirəm ki, bu görüşə qədər bir çox məsələlər öz həllini tapacaq.
Fransa və Rusiya sülh prosesindən uzaqlaşdırılıb təcrid olunmayana qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olmayacaq”.
Yunis Abdullayev
Cebhe.info