Partiyalar Novella Cəfəroğlunu sıralarında görmək istəyir - SORĞU

Partiyalar Novella Cəfəroğlunu sıralarında görmək istəyir - SORĞU

Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun Müsavat Partiyasından istefa verməsi hələ müzakirə olunur. 

Xüsusilə partiyası tərəfindən ona qarşı aparılan qarayaxma kampaniyası şok effekti yaradıb. Novella Cəfəroğlu çox böyük bir dəyərdir, onun xalq və dövlət üçün etdikləri danılmazdır. Təbii olaraq belə güclü bir ictimai xadimi bu şəkildə partiyadan kənarlaşdırmaq birmənalı qarşılanmır. Siyasi cameədə də ümumi fikir budur ki, Novella Cəfəroğlunun ayrılması ilə itirən Müsavat Partiyası oldu. 

Qeyd edək ki, Novella Cəfəroğlunun istefasının ardından bəzi partiyalar onu öz sıralarında görmək istəyirlər. Bəzi partiyalar onun rəhbərlik səviyyəsində təmsil olunmasını da arzulayırlar. 

Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Novella Cəfəroğlunun partiyasında təmsil olunmasını istəyər: 

“Novella Cəfəroğlu Azərbaycanın dəyərli xanımı, ziyalısı, hüquq müdafiəçisidir. Mən onu demək olar ki, 25 ilə yaxındır tanıyıram.

Bu müddət ərzində Novella xanımla daim gözəl münasibətlərimiz olub. Hansı partiyada olmaq Novella xanımın öz qərarıdır. Lakin biz onu çox sevirik. Novella xanım da ona olan hörmətimizi və sevgimizi bilir. Novella Cəfəroğlu bizim üçün hər zaman əzizdir, yanımızda da olarsa, bunu alqışlayardıq”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə artıq Novella Cəfəroğlunu fəxri üzv seçdiklərini deyib:

“Gələcək Azərbaycan Partiyasının İdarə Heyətinin 16 sentyabr 2024-cü il tarixli qərarı ilə Novella Cəfəroğlu partiyamızın fəxri üzvü seçilib. İrəliyən günlərdə partiyanın fəxri üzvülük sənədi Novella xanıma təqdim olunacaq. 

Novella xanımın aramızda olmasına görə çox sevinirik. Onun kimi böyük bir ictimai xadimin fəxri üzvümüz olması Gələcək Azərbaycan Partiyasını da daha güclü edəcək. Hesab edirəm ki, Novella Cəfəroğlunun xüsusi təqdimata ehtiyacı yoxdur.  Novella xanıma da bir daha təşəkkür edir, yeni-yeni uğurlar arzulayırıq”. 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı da Novella Cəfəroğlunu partiya sıralarında görmək istədiyini deyib:

“Novella Cəfəroğlunun özü böyük partiyadır. 

O, Sovet imperiyası kimi amansız rejimə qarşı 1988-ci ildə Xalq Hərəkatının öncüllərindən biri olub, Azərbaycanın müstəqilliyinin əldə olunmasında böyük xidmətləri var və ölkədə insan hüquqlarının müdafiəsində iştirak edib. O, Azərbaycan üçün misilsiz xidmətlər göstərmiş xanımdır. Novella Cəfəroğlunu partiyamızda görməkdən çox məmnun olarıq. ƏHD Partiyasının qapıları hər zaman Novella xanımın üzünə açıqdır. 

Biz onun partiyamızın üzvü olmasını və ya rəhbərlikdə təmsil olunmasını istəyərik. Novella xanıma çox böyük hörmətimiz var”. 

O, Novella Cəfəroğluna qarşı Müsavat Partiyası tərəfindən aparılan kampaniya barədə də danışıb: 

“Təəssüf ki, Novella xanıma qarşı uzun müddət təmsil olunduğu partiyada haqsızlıqlar oldu. Onun partiya, dövlət və insanlar qarşısında olan xidmətləri nəzərə alınmadı. Müsavat Partiyası ona qarşı haqsızlıq etdi. Novella xanımı partiyadan kənarlaşdırmaq insanlığa sığmaz.

Novella Cəfəroğlu parlament seçkiləri zamanı “Mənim səsim” qrupunun həmtəsisçilərindən biri idi və seçkilərində məntəqələrdə 600-ə yaxın nümayəndələri olub. Hətta Novella xanım söhbəti zamanı mənə müşahidəçilərinin verdiyi rəy əsasına parlament seçkiləri ilə bağlı fikir bildirdiyini söyləyib”. 

Elmir Mustafa 
“Cebheinfo.az”