Paşinyan sülhdən yayınmaq üçün təlimat alır

Son zamanlar ABŞ rəsmilərinin Ermənistana rəsmi səfərləri intensivləşib.
Qeyd edək ki, ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma iyunun 17-19-da İrəvana rəsmi səfərə gedəcək və orada yerli idarəetmədə demokratiyaya dair erməni-amerikan konfransında iştirak edəcək. ABŞ Dövlət Departamenti bəyan edib ki, Riçard Verma baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
“Bu səfər bizim erməni xalqı ilə ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətimizi nümayiş etdirir”, - deyə departamentin məlumatında deyilir. Məlumatda, həmçinin, qeyd olunur ki, dövlət katibinin müavini Riçard Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniya ştatlarının icma nümayəndələri və ştat rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək. Onu Dövlət Departamentinin yeni yaradılmış çoxmillətli diplomatik komandasına rəhbərlik edən dövlət və bələdiyyə diplomatiyası üzrə xüsusi nümayəndə Nina Xaçiqyan və kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndə Sara Morgenthau müşayiət edəcək. Səfər zamanı nümayəndə heyəti dövlət və özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.
Son zamanlar ABŞ rəsmilərinin Ermənistana səfərini şərh edən bəzi ekspertlər hesab edirlər ki, Vaşinqton bununla Paşinyan hakimiyyətini Azərbaycanla tez bir zamanda sülh sazişini imzalamağa sövq etmək, ondan sonra isə Ermənistan-Türkiyə sərhədinin açılmasını təmin etmək istəyir. Lakin politoloq Elçin Xalidbəyli "Cebhe.info"-a açıqlamasında ABŞ rəsmilərinin Ermənistana intensiv səfərlərinin mahiyyətini fərqli şərh edib. O qeyd edib ki, nə ABŞ, nə də Avropa İttifaqı Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasında maraqlıdır:
"ABŞ-nin yüksək rütbəli rəsmilərinin Ermənistan hakimiyyətini Azərbaycanla sülh sazişi imzalamağa sövq etməsi qətiyyən inandırıcı deyil. Əksinə, ABŞ rəsmiləri İrəvana səfərlər etdikcə, Ermənistan hakimiyyəti Azərbaycanla sülh prosesindən uzaqlaşmağa çalışır. Qeyd edim ki, son zamanlar ABŞ-Ermənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxması istiqamətində atılan addımlar, eyni zamanda ABŞ rəsmilərinin Ermənistana mütəmadi səfərləri Paşinyan hakimiyyətini kifayət qədər cəsarətləndirib. Bu, Paşinyanın sülhdən yayınmasına imkan yaradır.
Nikol Paşinyanın və onun komandasının Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olması ilə bağlı bəyanatlar verməsi sadəcə olaraq siyasi manipulyasiya xarakteri daşıyır. Əslində onlar sülh prosesini əngəlləməklə məşğuldurlar. Hesab edirəm ki, hazırda İrəvana səfər edən ABŞ rəsmiləri Paşinyan hakimiyyətini sülh prosesindən mümkün qədər uzaqlaşmağa məsləhət görürlər, hətta bu barədə ona təlimatlar da verirlər”.
O bildirib ki, Cənubi Qafqazda münaqişə ocağının qalması Avropa İttifaqı və ABŞ-yə regionda proseslərə müdaxilə imkanları yaradır:
“ABŞ bir tərəfdən Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərini korlamağa çalışır, digər tərəfdən isə İrəvanı sülh prosesindən yayındırır".
Yunis Abdullayev
"Cebhe.info"