Paşinyanın başına tutulan çətir: Makron onu təkcə yağışdan yox, Putindən də qoruyur

Paşinyanın başına tutulan çətir: Makron onu təkcə yağışdan yox, Putindən də qoruyur

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dayandırıb.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində açıqlama verib.

“Kollektiv təhlükəsizlik sazişi, fikrimizcə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilmədi. Bu, bizim diqqətimizdən kənarda qala bilməz. Biz bu sazişdə iştirakımızı dayandırdıq. Görək bundan sonra nə olacaq”,- deyə N.Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistan son bir ildə faktiki olaraq, KTMT-də iştirakını dondurub. Ermənistan KTMT-nin bütün təlimlərində iştirakdan və iclaslarına qatılmaqdan imtina edib. Hətta 2023-cü ilin yanvar ayında Paşinyan hakimiyyəti KTMT-nin hərbi təlimlərinin Ermənistanda keçirilməsinə icazə verməmişdi. Rəsmi İrəvan bu mövqeyini KTMT-nin Ermənistan qarşısındakı hüquqi öhdəliklərini yerinə yetirməməsi ilə izah edir. Yəni Paşinyan hökuməti KTMT-dən Azərbaycanı işğalçı kimi tanımağı və Ermənistana hərbi dəstək verməyi tələb edir.

Xüsusilə də 2022-ci ilin sentyabr ayında Azərbaycan-Ermənistan şərti sərhəddinin Kəlbəcər istiqamətində baş vermiş döyüşlərdən sonra yaranmış vəziyyət İrəvanın KTMT və Rusiya ilə münasibətləri daha da gərginləşdirdi. 2022-ci il noyabrın 23-də KTMT-yə üzv olan dövlət başçılarının İrəvanda keçirilən zirvə görüşündə Baş nazir Paşinyan iclasın yekun protokolunu imzalamaqdan imtina etmişdi. Buna səbəb Paşinyanın hərbi müttəfiqlərindən Azərbaycanı “işğalçı” kimi tanımaq barədə bəndi sənədə salmaq tələbinin qəbul edilməməsi olub.

Ermənistan sentyabr döyüşləri zamanı Azərbaycanın nəzarətə götürdüyü Buğdadağ, Bala Göyçə gölü və İstisu istiqamətlərindəki strateji yüksəkliklərə ərazi iddiası irəli sürür. KTMT-yə daxil olan ölkələr isə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası aparılmadığına görə Paşinyan hpkumətinin tələblərini əsassız sayır. Yəni yalnız sərhədlər müəyyənləşdikdən sonra həmin ərazilərin Ermənistana aid olub-olmadığını söyləmək olar.

Yalnız bu halda Ermənistan KTMT-dən sərhədlərin müdafiəsinə dair öhdəliklərin icrasını tələb edə bilər. Lakin Ermənistanın KTMT ilə münasibətlərindəki gərginliyin daha dərin kökləri var. Hələ 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanın ozamankı prezidenti Serj Sarkisyan KTMT-ni Azərbaycana qarşı hərbi əməliyyatlara qoşmağa çalışsa da, müttəfiqləri onu məyus etdi. İttifaqa üzv olan dövlətlər hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini əsas gətirərək Ermənistana dəstək verməkdən imtina etmişdi.

Xüsusilə də Qazaxıstan, Qırğızıstan və Belarusun birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə etməsi KTMT daxilində dərin çat yarandığını üzə çıxartdı. Paşinyanın hakimiyyətə gəlişindən sonra 2019-cu ildə Ermənistanın KTMT-dəki baş katibi Yuri Xaçaturovun barəsində cinayət işi açdıraraq həbs etdirməsi hərbi alyansa qarşı siyasi savaş açması demək idi. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və 44 günlük müharibə zamanı Paşinyanın dəfələrlə hərbi yardım üçün KTMT-yə müraciət etməsi əslində, alyansın Ermənistanın təhlükəsizliyini təmin etmədiyinə dair rəy yaratmağa hesablanmışdı. Rəsmi İrəvan dəfələrlə KTMT-ni və Rusiyanı Ermənistan qarşısında öhdəlikləri yetirməməkdə ittiham edib. 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın fevralın 21-də jurnalistlərə açıqlamasında bir həftə öncə Qafan rayonunun Nerkin Hənd kəndinin Zəngilanla sərhəddində atəşkəsin pozulmasına görə Rusiya hərbçilərinin adını xüsusi vurğulaması da eyni məqsədə xidmət edir. Qriqoryan sərhədin həmin hissəsinə Avropa İttifaqının Müşahidə Missiyasının deyil, Rusiya hərbçilərinin nəzarət etdiyini deyib.

Təhlükəsilik Şurasının katibi bununla ilk növbədə, eskalasiyaya və baş vermiş ölüm faktına görə, Ermənistan hakimiyyətinin deyil, Rusiyanın məsuliyyət daşıdığını demək istəyir. Digər tərəfdən, Qriqoryan Rusiya hərbçilərinin Ermənistanın təhlükəsiliyini təmin etmədiyinə dair rəy yaradır. Çünki Ermənistanın sərhədləri həm də KTMT-nin sərhədləridir. Ona görə də ittihamın bir tərəfi də KTMT-yə ünvanlanıb. Armen Qriqoryan Rusiyadan fərqli olaraq, Qərbin Ermənistan üçün daha təhlükəsiz şərait yaratdığına işarə edir.

Nikol Paşinyan da Fransa mediasına açıqlamasında Ermənistanın KTMT-də üzvlüyünü dondurduğunu bəyan etməklə əslində Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sisteminin İrəvanın maraqlarına cavab vermədiyinə eyham vurur. Ancaq bu, hələ Ermənistanın KTMT-dən çıxması anlamına gəlmir. Çünki Ermənistan hazırkı mərhələdə təhlükəsizliyin diversifikasiyasına üstünlük verir. Paşinyanın Parisdən qayıtdıqdan dərhal sonra belə bir bəyanat verməsi və Fransanın müdafiə naziri Sebastysan Lekornyunun Ermənistana səfəri Prezident Makronun bu təminatı verdiyini göstərir. 

Fransadan fərqli olaraq, ABŞ və Avropa İttifaqı Rusiyanın liderlik etdiyi hərbi bloka daxil olan Ermənistanın təhlükəsizliyinə təminat vermək istəmir. Bu baxımdan, Ermənistan qarşısında əsas zəmanət şərti kimi təhlükəsizliyin diversifikasiyası deyil, KTMT-dən çıxmaq və Rusiya ilə hərbi müttəfiqliyə son qoyulması irəli sürülür. Fransa isə görünür, Ermənistanda regional təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığa hazır olduğuna dair mesaj verir. 

Eyni zamanda, Fransanın Ermənistan üzərindən Cənubi Qafqazda gedən geosiyasi rəqabətdə digər gücləri qabaqlamaq səyləri diqqəti cəlb edir. Almaniya kansleri Olaf Şoltsun təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərinin Münxendə keçirilən görüşündən sonra Paşinyanın Makronla görüşə getməsi hesabat vermək məqsədi daşıyırdı. Çünki Fransa Avropadakı əsas rəqibi olan Almaniyanın sülh prosesində neytral mövqeyə keçməsini məmnunluqla qarşılamadı. 

Ona görə də Makron Paşinyanı dərhal “Yelisey” sarayına dəvət edərək hərbi saziş imzaladı və regiona daha sərt müdaxilə taktikasını seçdi. Qeyd edək ki, hələ yanvar ayının 20-də Makron Fransa Silahlı Qüvvələrinə müraciətində Ermənistanı qorumağı tövsiyə etmişdi. Bununla da Makron Ermənistanı və dolayısı ilə Cənubi Qafqazı Fransanın maraq dairəsi elan edib. Onun Paşinyanı qarşılayan zaman başına çətir tutması heç də Baş naziri yağışdan qorumağa deyil, Ermənistanın məhz Fransanın siyasi çətiri altına keçdiyinə dair mesajı özündə ehtiva edir. 

Ancaq Fransa Prezidentinin Ermənistana silah satması bu ölkənin təhlükəsizliyinin təmin edilməsi demək deyil. Ermənistan KTMT-dən imtina etməzdən əvvəl bu istiqamətdə siyasi və hüquqi baza formalaşdırmalıdır. KTMT-nin nizamnaməsində “fəaliyyətin dondurulması” ifadəsi yoxdur. 

Sözügedən sənədin 20-ci maddəsinə görə, KTMT-yə üzv dövlət nizamnamənin müddəalarına, Şuranın qərarlarına və onların icrası zamanı təşkilatın digər orqanlarının qərarlarına əməl etmədikdə, qurumun orqanlarının fəaliyyətində onun iştirakı dayandıra bilər. Lakin bu qərarı KTMT-nin Şurası çıxarmalıdır. 
Eyni zamanda, üzv dövlətin KTMT-nin orqanlarının fəaliyyətində iştirakının dayandırılması və ya onun təşkilatdan xaric edilməsi qaydası Şura tərəfindən təsdiq edilmiş müvafiq əsasnamə ilə müəyyən edilir. KTMTyə üzv dövlətin ittifaqdan çıxması və ya çıxarılması qərarı zamanı həmin ölkənin səsi nəzərə alınmır. 

Göründüyü kimi, Ermənistan KTMT-dən çıxmaq üçün mürəkkəb prosedurlar keçməlidir. Şuranın Paşinyan hakimiyyətinin istədiyi qərarı asanlıqla dəstəkləyəcəyi inandırıcı görünmür. Ona görə də Paşinyan Rusiyanın liderlik etdiyi hərbi blokda fəaliyyətini dondurmaq, yəni qalmaqla Qərb təhlükəsizlik sisteminə inteqrasiyaya can atır.

Buna isə Qərbdə Fransadan başqa dəstək verən yoxdur. Çünki Ermənistan Qərb, yəni NATO sisteminə uyğunlaşmazdan əvvəl Rusiya ilə bir sıra münasibətləri yoluna qoymalıdır. Məsələn, Ermənistan KTMT-dən çıxmaq qərarına gələrsə, nizamnaməyə uyğun olaraq, ən azı altı ay əvvəl depozitariyə bildiriş göndərməlidir. Bundan başqa, Ermənistan hərbi doktrinasına dəyişiklik etməli və bloklara qoşulmayan ölkə olduğunu bildirməlidir. Bu hüquqi öhdəliklər qaldığı halda, Fransanın Ermənistanın təhlükəsizlik sistemini iki hissəyə bölmək cəhdləri bölgədə yalnız əlavə qarşıdurma yarada bilər.

Müşfiq Abdulla 
“Cebhe.info”