Tural Gəncəliyev: ""Azadlıq" Radiosu kimi saxta demokratik mediadan istifadə olunur"

Tural Gəncəliyev: ""Azadlıq" Radiosu kimi saxta demokratik mediadan istifadə olunur"

"ABŞ Dövlət Departamentinin “Azadlıq” Radiosuna maliyyə vəsaiti ayırmağı dayandırmasından sonra Avropa İttifaqı ölkələrinin bu radionun fəaliyyətini davam etdirmək üçün maliyyə ayırması təəccüb doğurur”.

Bunu "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.

O bildirib ki, “Azadlıq” Radiosunun maliyyələşdirilməsi ilə bağlı atılan bu addım, Avropa İttifaqında müəyyən qüvvələrin kütləvi informasiya vasitələrindən istifadə edərək informasiya müharibəsi apardıqlarını və strateji rəqiblərinə qarşı bütün resurslarını səfərbər etdiklərini açıq şəkildə nümayiş etdirir.

Onun sözlərinə görə, keçmiş prezident Co Baydenin administrasiyası dövründə Avropa İttifaqı və ABŞ birləşərək suveren siyasət yürüdən ölkələrə qarşı ortaq şəkildə hərəkət edirdi:

“Avropa İttifaqı, ABŞ tərəfindən maliyyələşdirilən bu prosesləri həm dəstəkləyir, həm də maliyyə yükünün əsasən Vaşinqtonun üzərində qalmasından məmnun idi. Çünki Avropa ölkələri heç bir əlavə xərc çəkmədən, ABŞ-nin bu işləri öz öhdəsinə götürdüyünü görürdü.

Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin “Azadlıq” radiosu və digər qeyri-hökumət təşkilatlarına (QHT) informasiya müharibəsi aparmaq üçün çəkdiyi xərcləri dayandırdı.

Bu addım ABŞ-dəki bəzi dairələri təşvişə saldı. ABŞ Dövlət Departamentinin bu dəstəyi dayandırması və Trampın bu siyasəti davam etdirməyəcəyi bəlli olduqdan sonra, Avropa İttifaqı “Azadlıq” Radiosunun fəaliyyətini davam etdirmək üçün onun maliyyələşdirilməsini öz üzərinə götürməyə qərar verdi. Bu əslində Aİ-nin son çırpıntıları, informasiya müharibəsi sahəsində mövqelərini qorumağa yönəlmiş ümidsiz cəhdidir".

Millət vəkili qeyd edib ki, hazırda Avropa İttifaqı ABŞ-Rusiya qarşıdurması fonunda iqtisadi, siyasi və geosiyasi məsələlərdə kənarda qalıb:

“Bu vəziyyətdə Avropa İttifaqı müəyyən təsir imkanlarını qoruyub saxlamaq üçün informasiya müharibəsinə və yumşaq güc (“soft power”) alətlərinə daha çox önəm verir.

Buna görə də Almaniya, Çexiya, Avstriya və digər Avropa ölkələri “Azadlıq” Radiosunun maliyyələşdirilməsini öz üzərlərinə götürdülər. Onlar anlayırlar ki, bu kimi media resursları olmadan informasiya savaşında üstünlük əldə edə bilməzlər".

O qeyd edib ki, bununla belə, Avropa İttifaqının daxilində ciddi problemlər mövcuddur:

“Pan-Avropa məsələləri arxa planda qalıb, iqtisadi təhlükəsizlik və siyasi sabitlik sual altındadır. Rusiya-Ukrayna müharibəsində Avropanın siyasəti uğursuzluğa düçar olub, qitənin təhlükəsizliyi isə Avropa İttifaqınıN destruktiv yanaşması səbəbindən ciddi risk altındadır.

Bütün bu problemləri ört-basdır etmək, Avropa ictimaiyyətinin diqqətini yayındırmaq üçün “Azadlıq” Radiosu kimi saxta-demokratik media qurumlarından istifadə olunur. Məqsəd  Avropa vətəndaşlarını aldatmaq, onlara Avropa İttifaqının uğursuzluqlarını göstərməməkdir.

Bu səbəbdən də Avropa İttifaqı “Azadlıq” Radiosunun maliyyələşdirilməsini öz üzərinə götürdü. Halbuki bu addım onların öz vətəndaşlarının maraqlarına ziddir. Çünki onlar öz resurslarını Aİ-nin real problemlərini həll etməyə deyil, informasiya manipulyasiyasına yönəldirlər. 

Lakin bu strategiyanın heç bir nəticəsi olmayacaq. Azərbaycan “Azadlıq” Radiosunun informasiya müharibəsi cəhdlərinə dəfələrlə şahid olub və bu cəhdlər heç bir uğur qazanmamışdır.

Erməni lobbisinin “Azadlıq” Radiosu vasitəsilə yayılan dezinformasiyalarına baxmayaraq, 44 günlük Vətən müharibəsində və 2023-cü ildə Xankəndi üzərində suverenliyimizin bərpası zamanı onların bütün iddiaları puça çıxdı. Güclü liderlik, güclü ordu və Azərbaycan xalqının birliyi bu cəhdlərin qarşısını aldı.

Bu gün Avropa İttifaqı “Azadlıq” Radiosunu maliyyələşdirməklə informasiya savaşında son gücünü toplamağa çalışır. Lakin bu, əslində Aİ-nin öz vətəndaşlarını aldatmaqdan başqa bir şey deyil.

Avropalıların vergi pulları ilə maliyyələşdirilən bu media resursları sadəcə onların gözlərini bağlamaq, uğursuzluqları ört-basdır etmək üçündür. Ancaq bu strategiya uzunmüddətli perspektivdə uğur gətirməyəcək və Avropa İttifaqının informasiya manipulyasiyası siyasəti iflasa uğrayacaq”.

Səbinə Uğur
"Cebheinfo.az"