Ziyafət Əsgərov: "Fransa sabitliyə ciddi təhlükədir"

“Fransa Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı deyil. Rəsmi Paris Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olmaq üçün hər yola əl atır. Fransa hakimiyyəti regionda destruktiv siyasətə meyillidir”.
Bu sözləri Milli Məclisin deputatı Ziyafət Əsgərov Cebhe.info-ya şərhində Fransanın Cənubi Qafqazda təhlükəsizliyə ciddi təhdid törətməsi ilə bağlı fikirlərini bölüşərkən bildirib.
Söhbət zamanı, o bildirib ki, Fransa regionda söz sahibi olmağa çalışır:
“Son üç il ərzində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs göstərir. Ölkəmizin sülh müqaviləsi ilə bağlı beş təklifi beynəlxalq hüququn normalarına və BMT-nin nizamnaməsinə tam uyğundur. Hətta Ermənistanın da maraqlarına cavab verir.
Fransanın Azərbaycana münasibətinə gəlincə, rəsmi Paris hər vəchlə Cənubi Qafqazda güc mərkəzinə çevrilməyə çalışır. Halbuki Fransa Cənubi Qafqazdan min kilometr uzaqda yerləşir. Sual olunur, məgər Fransa bu regiona yaxın bir ölkədir? Axı Fransanın bu regionda nə işi var, nəyə görə regiondakı proseslərə müdaxilə etməlidir?
Otuz il ərzində ATƏT-nin Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmayıb. Əksin, İkinci Qarabağ müharibəsində və müharibədən sonrakı dövrdə Fransanın açıq-aşkar Ermənistanı müdafiə etməsinə şahidi olduq".
Digər bir tərəfdən Fransa Cənubi Qafqazda sülhə əngəl törətmək üçün Ermənistanı məqsədyönlü şəkildə silahlandırır:
"Hətta ABŞ da Azərbaycana heç bir əsası olmayan ittihamlar səsləndirir. Hər iki ölkə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qeyri-müəyyən müddətə təxirə salınmasını istəyirlər.
Böyük güc mərkəzlərinin maraqları sülh müqaviləsinin imzalanmasına imkan vermir.
Rusiyanın marionet ölkəsi olan Ermənistan indi Fransa və ABŞ-ın marioneti olmağa cəhd edir. Ermənistan müstəqil qərar qəbul etmək iqtidarında deyil. Fransa regionda sabitliyə ciddi təhlükədir".
Yunis Abdullayev
Cebhe.info