20 min avro maaşdan imtina edərək Azərbaycana qayıdan həkimdən YENİ XƏBƏR

20 min avro maaşdan imtina edərək Azərbaycana qayıdan həkimdən YENİ XƏBƏR

Şirvan Ürək Mərkəzində ilk dəfə koronar damar daxili təzyiqin ölçülməsi (FFR) və 100-cü angioqrafiya əməliyyatı həyata keçirilib.

Cebhe.info xəbər verir ki, bu haqda TƏBİB məlumat yayıb.

Bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının (ŞMX) nəzdində fəaliyyət göstərən Şirvan Ürək Mərkəzində ilk dəfə koronar damar daxili təzyiqin ölçülməsi (FFR) əməliyyatı və 100-cü angioqrafiya əməliyyatı həyata keçirilib. 1955-ci il təvəllüdlü Sabirabad rayon Navadan kənd sakini üzərində aparılan koronar damar daxili təzyiqin ölçülməsi (FFR) əməliyyatı uğurla baş tutub.

Hazırda pasiyentin vəziyyəti tam stabildir. Həm sözügedən əməliyyat, həm də 100-cü angioqrafiya əməliyyatı invaziv-kardioloq Nicat İbrahimov tərəfindən həyata keçirilib.

O, “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində dövlət tibb müəssisələrində işə cəlb olunan xarici ölkədə çalışmış həkimlərdəndir.

Qeyd edək ki, Şirvan Regional Ürək Mərkəzi 2023-cü ilin oktyabrından fəaliyyətə başlayıb. Müasir avadanlıqlar, dərman və dərman vasitələri ilə təchiz olunan Mərkəz 6 rayon (Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Neftçala) üzrə kardioloji xəstələrə xidmət göstərir. Şirvan Ürək Mərkəzində vətəndaşlara təqdim olunan xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilir. 

Xatırladaq ki, Nicat İbrahimov 12 il Almaniyada işlədikdən sonra 20 min avro maaşından imtina edərək Azərbaycana qayıdıb.

Ləman İsmayıl 
Cebhe.info