Azərbaycan-Fransız Universiteti bağlanıb? - RƏSMİ CAVAB

Azərbaycan-Fransız Universiteti bağlanıb? - RƏSMİ CAVAB

“Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu ən aşağı nöqtədədir”.

Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.

Nazir vurğulayıb ki, bundan sonra iki ölkə arasında münasibətlərin davamı Fransadan asılı olacaq:

“Münasibətlərin belə olmasının səbəkarı Azərbaycan deyil. Amma bildirim ki, Azərbaycan Fransaya qarşı hər hansısa addımlar atmaq niyyətində deyildi”.

Qeyd edək ki, bugünlərdə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. 

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Bundan başqa bugünlərdə Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilib.

Azərbaycanda artıq bir neçə ildir ki, Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyət göstərir. Hazırda iki ölkə arasında yaranmış münasibətlər adıçəkilən universitetin fəaliyyətinə də mənfi təsir göstərir?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan-Fransız Universiteti 2016-ci il 9 iyun tarixindən hazırki dövrə qədər fəaliyyətini davam etdirir.

Xatırladaq ki, yalnız Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş və iyul ayının sonlarında keçirilən UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər. Azərbaycan-Fransız Universitetinin tələbələrinin 80 %-dən çoxu Azərbaycan hökumətinin maliyyə dəstəyi sayəsində ödənişsiz əsaslarla təhsil alır.

Nigar Abdullayeva
“Cebhe.info”