Azərbaycanda ölünü yandırmaq mümkün olacaq? - Deputat açıqladı

Azərbaycanda ölünü yandırmaq mümkün olacaq? - Deputat açıqladı

Dünyada mövcud olan bir çox dinlərdə ölən şəxs qəbrlərdə torpağa dəfn edilir.

Lakin bəzi ölkələrdə bunun əksinə olaraq, meyit yandırılır və külü yaxınları tərəfindən saxlanılır.

Bu prosss isə kremasiya adlanır. 

Kremasiya, yəni insanın meyitinin yandırılması hələ qədim dövrlərdən mövcud olub. Bu, Homerin "İliada" əsərində də öz əksini tapıb. 

Sondakı dövrlərdə də ayrı-ayrı ölkələrdə çoxlu sayda belə nümunələrə rast gəlinib. Hindistanda, Çində, İndoneziyada, Birmada və sair.

Maraqlıdır, ölkəmizdə qanunla buna icazə var? İslam dinində belə bir məhdudiyyət nəzərdə tutulub?

"Cebhe.info"-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, qanun bunu qadağan etmir:

"Azərbaycanda qanunda bununla bağlı heç bir məhdudiyyət yoxdur. Bu bizim dinimizdən irəli gələn məsələ kimi tənzimlənir. İslama görə, dünyasını dəyişən insan şəriət qayda və qanunlarına əsasən dəfn olunmalıdır. Ona uyğun dəfn keçiriməlidir.

Səmavi dinlərin hamısında ölünün yandırılması günah, qəbulolunmaz sayılır. Səmavi dinlərin hamısı həm sağ, həm ölü insana hörmətlə, diqqətli yanaşmağı vacib hesab edir. Dünyasını dəyişən insanın yandırılması ilə bağlı qanunda heç bir qadağa yoxdur.

Sadəcə hələlik bizdə bunu həyata keçirəcək yerlər yoxdur. Düşünürəm ki, belə bir mərkəzin yaradılmasını nəzərdən keçirməliyik. Qanunda qadağa və məhdudiyyət yoxdur".

İlahiyyatçı Tural İrfan isə qeyd edib ki, yandırmaq rəsmən qadağan olmasa da, bu yolverilməzdir:

"Dəfn haqqında qanunlar var, burada adından da göründüyü kimi "dəfn" yəni basdırmaqdan söhbət gedir. Formalaşmış ənənələrimiz və dinimizin qaydaları var. Hər halda Azərbaycan Respublikasının Prezidenti and içəndə müqəddəs Qurani-Şərifə əl basırsa, demək bu kitabın qaydalarına da hörmət etmək, qorumaq lazımdır. 

Bəzi qanunlarımızda boşluqlar var. Ola bilsin ki, yandırmaq rəsmən qadağan olmasın, ancaq dolayı yolla da olsa, bu yolverilməzdir. Yeni adət, yeni ənənənin əsasını qoymaq o qədər də rahat deyil. Cəmiyyətin ciddi etirazına səbəb ola bilər.

Yaxud suya atmaq suyu çirkləndirmək olmaz. Ola bilsin ki, kimsə belə iş etsə Ekologiya və Təbii Sərvətlər nazirliyi hərəkətə keçsin. Yaxud yandırsa, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi işə qarışsın".

İlahiyyatçı bildirib ki, meyiti yandırmaq dinimizdə qadağandır, yalnız istisna hallarda ola bilər:

"Yoluxucu xəstəlik səbəbi ilə mütəxəssis rəyinə əsasən hörmətsizlik olmadan yandırıla bilər. Yaxud dənizdə vəfat edən şəxsi quruya çıxarana qədər çürüyər, qoxuyarsa onu yuyub, kəfənləyib dənizə atmaq olar. Bu da istisna haldır ki, indiki dövrdə belə hallar nadir hallarda baş verə bilər. Ancaq həyətdə basdırmaq dində var.

Fəqət qanunlarımıza görə məhdudlaşdırılır. Həyətində dəfn edilmiş xeyli seyidlər var. Hətta həzrəti Məhəmməd Peyğəmbərin (s.ə.s) özü də yaşadığı evin həyətində dəfn edilib. Fəqət Peyğəmbəri bu cür dəfn etsələr belə, bu zərurətdən doğub. Ancaq o özü bunu tövsiyə etməyib. Buyurur ki, evlərinizi məzarlığa çevirməyin.

Müsəlman əgər İslama zidd vəsiyyət edibsə, onu icra etmək olmaz. Məsələn, dəfn etmək mümkün olduğu halda dənizə atın desə, olmaz. Dəfn mümkün olduğu halda yandırın desə, olmaz. Kənarda məzarlıq varkən evində dəfn etmək istəsə bu olar. Ancaq rəsmi icazə olmalıdır. Çünki bu da qeyri-ənənəvi qaydadır".

Onun sözlərinə görə, müəyyən sanitariya qaydaları var ki, ölünü həyətdə dəfn etməni rəva bilmir:

"Ancaq zaman gələcək nə Bakıda satılan qəbiristanlıqlarda, nə də həyətlərdə yer qalmayacaq. Yalnız mərtəbəli qəbirlər olacaq. İndidən buna başlamaq, sərdabə üsuluna keçmək lazımdır.

Yerin altında ailə üçün otaq tikilir, öləni bir tərəfə qoyub yanını hörürlər. Gəncədə bu adət olub, boyük sərdabələr var. Yerə qənaət, həm də səliqəli olur".

Naibə
"Cebhe.info"