Azərbaycanda peyvənd müəmması: Valideynlər narahatdır, klinikalar pul qazanır

Azərbaycanda peyvənd müəmması: Valideynlər narahatdır, klinikalar pul qazanır

Səhiyyə Nazirliyi və əksər həkimlər son zamanlar ölkədə qızılca xəstəliyinin geniş yayılmasının əsas səbəbinin insanların peyvənddən yayınmaları ilə izah edir.

Xəstəliyin qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb. Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.

Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. İnsanların təxminən 93%-i bir dozadan sonra, 97%-i isə ikinci dozadan sonra immun qazanmış hesab olunur. 

Bəzi valideynlər poliklinikalarda pulsuz vurulan qızılca peyvəndinin əsasən Hindistan istehsalı olduğundan narahatlıqlarını ifadə edirlər. Onların sözlərinə görə, bu səbəbdən peyvəndlərin özəl klinikalarda vurulmasına çalışırlar ki, bu zaman da seçimləri daha inkişaf etmiş ölkələrin istehsalı olan peyvəndlər olur. Ancaq özəl klinikalarda peyvənd qiymətləri həddən artıq bahadır və bəzi hallarda 240 manata qədər yüksəlir. Üstəlik əskər klinikalar müraciət sayının çoxluğunu əsas gətirərək peyvənd vurdurmaq istəyənləri növbəyə alırlar. 

Ancaq başqa iddialara görə, həmin klinikalarda da uşaqlara vurulan əslində poliklinikalarda pulsuz təklif edilən peyvəndlərlə eynidir.  

Maraqlıdır ki, Azərbaycana peyvəndlər haradan gətirilir? 

Məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Cebhe.info-ya bildirilib ki, respublikanın şəhər və rayonları üzrə peyvənd işi aparılan hər bir tibb müəssisəsi yerli mərkəzlər tərəfindən profilaktik peyvəndlərlə tam təchiz olunub.

Məlumata görə, 2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF xətti ilə gətirilir və istehsalçı ölkədən asılı olmayaraq, ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə edilən vaksinlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir. 

Ləman İsmayıl 
Cebhe.info