Azərbaycanda qadınlar daha uzun YAŞAYIRLAR

Azərbaycanda qadınlar daha uzun YAŞAYIRLAR

Sentyabrın 23-də braziliyalı 107 yaşlı Sisera Maria dos Santos bacısı, uşaqları və nəvələri ilə birlikdə ad gününü qeyd edib.

117 yaşlı qadının ailəsi onun dünyanın ən yaşlı qadını kimi tanınması üçün “Ginnesin Rekordlar Kitabı”na ərizə təqdim edib.

Əgər qadının doğum tarixi düzgündürsə, o, hazırkı rekordçu - ispaniyalı 116 yaşlı Maria Branas Moreradan bir yaş böyükdür.

Sisera Maria dos Santos 1906-cı ildə anadan olub. Özü və ailəsi fermer olan braziliyalı bütün ömrünü Paraiba şəhəri yaxınlığındakı kəndlərdə keçirib və həyatının çox hissəsində yerli bazarda toyuq satıb.

Azərbaycan da uzunömürlü insanların yaşadığı ölkə kimi tanınır. 90 il yaşamış insanlar ölkəmizdə uzunömürlü hesab edilirlər.

Onlar əsasən, Azərbaycanın dağlıq əraizsində yaşamış insanlardılar. Tarixə baxanda görürük ki, ölkənin ən çox yaşamış sakini uzun ömürlülüyünə görə "Ginnesin Rekordlar Kitabı"na düşən Şirəli Müslümov olub.

Onun 168 il yaşadığı bildirilir. Şirəli Müslümov 1805-ci il martın 26-da Lerik rayonunun Barzavu kəndində doğulub. Ömrünün böyük hissəsini Lerik dağlarında çobanlıq etməklə keçirən Şirəli baba 3 dəfə evlənib və 23 övlad sahibi olub.

Hazırda ölkəmizdə 90-dan çox yaşı olan xeyli sayda insan var.

Cebhe.info Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə uzunömürlülərin siyahısını təqdim edir.

*2019-cu ildə sonuncu dəfə ölkədə yaşayan əhali siyahıya alınıb. Əhalinin siyahıya alınmasında əldə olunmuş yekun məlumatlara əsasən, ölkədə 90-94 yaşlı qadınların sayı 5 592, kişilərin sayı isə 3 120-dir.

Siyahıda 95-99 il ömür sürmüş qadınlar 1 398 nəfər, kişilər 564 nəfər qeyd edilib.

Nəhayət, 100 və 100-dən artıq yaşı olan qadınların sayı 386, kişilərin sayı isə 127 nəfər göstərilib.

2020-ci il yanvarın 1-nə olan statistikaya görə, 90 və daha çox yaşı olan insanların sayı 15 790 nəfər olub. Bunun 3 364 nəfəri Bakı şəhərinin payına düşüb.

İkinci yerdə 1 874 nəfərlə Qazax-Tovuz iqtisadi rayonu sıralanıb. Ən aşağı göstərici Abşeron-Xızı iqtisadi rayonunda 630 nəfər olmaqla qeydə alınıb.

Son illərdə açıqlanan demoqrafik göstəricilərində uzunömürlü, yəni yaşı 90-dan yüksək olan insanların sayı ayrıca qeyd edilmir. Burada yalnız yaşı 70 və yuxarı olan insanların sayı ümumi şəkildə açıqlanır. Ən sonuncu rəqəmlər 2023-cü ilə aiddir. Yəni 70 yaş və daha çox yaşayanlar ümumi əhalinin 4,6 faizini təşkil edirlər.

Xatırladaq ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il iyul ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 151 517 nəfər təşkil edib.

Əhalinin ümumi sayının 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Günay Şahmar

Cebhe.info