Azərbaycanda qızılca niyə öldürür: “Uşağı qırmızı yorğana bükdükdə...”

Son zamanlar ölkədə qızılca xəstəliyi sürətlə yayılıb.
Daha çox uşaqlar arasında yayılan bu xəstəliklə bağlı ölüm hallarına da rast gəlinib. Bu gün Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. Qeyd edək ki, bir neçə gün əvvəl Kürdəmirdə də qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı vəfat edib.
Ölüm hallarının baş verməsinin səbəbi nədir? Xəstəlik hansı həddə öldürücü olur?
Pediatr Xanım Bəkirova Cebhe.info-ya açıqlamasında bildirib ki, ona müraciət edən xəstələr arasında qızılcaya yoluxanların sayı həddindən artıq çoxdur:
"Qızılcaya yoluxma halları kəskin artıb. Ölüm hallarının baş verməsinin əsas səbəblərindən biri isə valideynlərin həkimə müraciət etməyərək məsələyə ötəri yanaşmalarıdır. Onlar dədə-baba üsulu ilə xəstəliyin qarşını almaq istəyirlər. Düşünürlər ki, uşaq qırmızı yorğanda yatdıqda, otaq qırmızı rəngə boyandıqda xəstə sağalacaq. Təəssüf ki, bu tip yanaşma olduqda, ölüm hallarına tez-tez rast gələcəyik".
Pediatr qeyd edib ki, qızılca ağır infeksion xəstəlikdir, yoluxma prosesi də çox sürətlə gedir:
"Xəstəlik zamanı həkim müayinəsi mütləqdir. Qızılcanın pnevmaniya, vaskulit, otit və s. kimi ağırlaşmaları var. Buna görə də xəstəliyin ilkin əlaməti müşahidə edilən kimi xəstə həkim nəzarətinə götürülməlidir".
Ləman İsmayıl
Cebhe.info