Bağçalarda "yeni" qayda: Valideynlər çətin durumda

Bağçalarda "yeni" qayda: Valideynlər çətin durumda

Azərbaycanda uşaq bağçalarının iş saatı ilə bağlı valideyn və müəssisə arasında narazılıq yaranır.

İşləyən valideynlər övladlarını tərbiyə aldıqları müəssisədən işdən sonra götürmək istəyirlər. Uşaq bağçaları isə müəssisənin iş rejiminin uyğun olmadığını bildirirlər.

Bəs qanunvericilikə görə, məktəbəqədər təhsil müəssisələrinin iş rejimi necə tənzimlənir?

Cebhe.info-nun məlumatına görə, "Məktəbəqədər tərbiyə müəssisələri haqqında” Qanunda uşaq bağçalarının iş rejiminin ailələrin tələbatına əsasən pedaqoji şura tərəfindən müəyyənləşdirildiyi qeyd edilib:

"Qanuna əsasən, məktəbəqədər müəssisənin iş rejimi bağçanın pedaqoji və rayon təhsil şuralarında qəbul edildikdən sonra müvafiq təhsil idarəsi və ya müəssisəsinin tabe olduğu idarə, təşkilat tərəfindən təsdiq edilir.

Məktəbəqədər təhsil müəssisəsi 5, 6, 7 günlük və ya gecə-gündüz, 1 və ya 2 istirahət günü ilə, eləcə də dəyişkən qrafiklə işçilərə istirahət günü verilməklə işləyir.

Məktəbəqədər təhsil müəssisələrinin iş rejimi 9, 10, 10,5, 12 və 24 iş saatlıq müəyyənləşdirilir.

Valideynlərlə məktəbəqədər təhsil müəssisələri arasında razılaşma əsasında məktəbəqədər təhsil müəssisələrində səhər, axşam, günüuzadılmış rejimlə, eləcə də şənbə, istirahət və bayram günləri işləyən növbətçi qruplar təşkil edilə bilər.

Məktəbəqədər müəssisələrin işə başlama və qurtarma müddəti valideynlərin arzusu ilə (səhər saat 7-dən tez, axşam saat 19-dan gec olmayaraq, növbətçi qruplar isə 20-dən gec olmayaraq) müəyyən edilir.

Həmçinin, valideynlərin arzusu, rayon təhsil şöbələrinin qərarı ilə məktəbəqədər müəssisədə 1-3 saat işləyən qruplar, gəzintili qruplar, idman- sağlamlaşdırma tədbirli qruplar, uşaqların musiqi, estetik və bədən tərbiyəsini inkişaf etdirən qruplar, uşaqları məktəbə hazırlayan qruplar, əqli və fiziki cəhətdən qüsurlu uşaqların təlimi üzrə qruplar və s. təşkil edilə bilər".

Günay Şahmar
Cebhe.info