Fərqlənmə attestatı alan şagirdlər niyə yüksək bal toplaya bilmir? 

Fərqlənmə attestatı alan şagirdlər niyə yüksək bal toplaya bilmir? 

“Azərbaycanda şagirdlərin qiymətlərinin şişirdilməsi geniş vüsət alıb”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Etibar Əliyev deyib. Deputat vurğulayıb ki, dünya bu işlərə çoxdan son qoyub:

“Ötən tədris ilində Gəncədə attestat qiymətləri əla olan şagirdlərin 16 faizi 0-200 bal toplayıb. 500-dən yuxarı nəticə göstərənlər isə 26 faizdir. Gədəbəydə 15,34%, Goranboyda 23,5%, İmişlidə 18 %, Qazaxda 12%, Salyanda 13%, Sumqayıtda isə 6,6% qırmızı attestat alanlar 0-200 bal toplayıb".

Qeyd edək ki, bir neçə il öncə də məktəblərdə şagirdlərə fərqlənmə attestatı və qızıl medalların verilməsində neqativ halların olması ilə bağlı fikirlər səslənirdi.

Mövcud vəziyyət məktəblərdə tədrisin zəif olması, yoxsa qeyri-qanuni yolla fərqlənmə attestatının verilməsi ilə bağlıdır?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir:

“Mövcud qaydalara görə, ümumi orta təhsil və tam orta təhsil haqqında fərqlənmə attestatları müəyyən tələblərə uyğun gələn məzunlara verilir. Bu tələblərə məzunların ümumi orta və ya tam orta təhsil səviyyələrində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması) daxildir.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 2 və daha artıq abituriyent eyni balı topladıqda attestatında göstəriciləri yüksək olan seçdiyi ixtisasa qəbul olunur. Bu zaman fərqlənmə attestat abituriyent üçün köməkdir”.

O bildirib ki, lakin fərqlənmə attestatı abituriyentə ali məktəblərə qəbul prosesində müsabiqədənkənar seçim imkanı yaratmır:

“Bildiyimiz kimi “Abituriyentin ərizəsi” formasına ayrı-ayrı fənlər üzrə attestat qiymətləri də daxil edilir. 2021-ci ilə aid ərizədə qeyd olunan qiymətlər əsasında abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisəsi aparılıb.

Təhlillər göstərir ki, attestat qiymətlərinə görə müxtəlif səviyyədə yerləşən cari ilin məzunlarının qəbul imtahanlarında topladıqları balları reallığı əks etdirmir. Bu təhlilə əsaslanaraq attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan ballarını müqayisə edək. Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96.27%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 30.82%-i attestat qiymətlərini doğrulda bilib.

Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır.

İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir”.

Ekspertin sözlərinə görə, qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir:

“Qiymət meyarlarının məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir. 10 il əvvəllə müqayisəyə baxanda ciddi bir fərq görmürük. Belə ki, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması, bütövlükdə, təhsil sistemimizin inkişafına xidmət edir, təlim keyfiyyətinə müsbət mənada mühüm təsir göstərir.

Təhsil Nazirliyinin son 3 tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə bağlı apardığı müqayisəli təhlilə diqqət yetirək. Aydın olur ki, 0-20 və 20- 40 faiz nəticə göstərən rayonların sayı ilbəil azalıb, əksinə, 60-80 və 80-100 faiz nəticə göstərənlərin sayı artıb. 2004, 2010 və 2011-ci illər üzrə əlaçı məzunların tələbə qəbulundakı nəticələrinin müqayisəli təhlili də maraq doğurur. 2004-cü ildə, yəni buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada deyil, məktəblər tərəfindən aparıldığı vaxtlar əlaçı məzunların 10,6 faizi 0-100 bal toplayırdısa, 2010-cu ildə bu rəqəm 0,6 faizə, 2011-ci ildə isə 0,5 faizə enib.

2004-cü ildə əlaçı məzunların 19,5 faizi 500-700 arası bal toplayırdısa, 2010 və 2011-ci illərdə bu rəqəmlər müvafiq olaraq 63,6 və 73,4 faizə qədər yüksəlib. Sirr deyil ki, şagirdlər əvvəllər yalnız ali məktəbə qəbul zamanı seçdikləri qrup üzrə nəzərdə tutulan fənləri oxuyur, digər fənlərə ögey münasibət bəsləyirdilər. Bu da "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş təhsilin əsas məqsədinin və təhsil sahəsində dövlət standartlarının həyata keçirilməsinə əngəllər törədirdi”.

Ekspert deyir ki, mərkəzləşdirilmiş imtahanlar şagirdlərin əsas təlim fənlərinə münasibətini dəyişib, məsuliyyətini artırıb:

“Eyni zamanda, müəllim və valideynlərin sıx əməkdaşlığına, faydalı ünsiyyət mühitinin yaradılmasına, X-XI siniflərdə davamiyyətin yaxşılaşmasına, cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılmasına səbəb olub. Yeni qayda təlim prosesinin təkmilləşdirilməsinə diqqəti artırıb, həmçinin cəmiyyətdə müəllimin statusunun və nüfuzunun yüksəldilməsinə təkan verən amilə çevrilib.

Bütün məktəblərdən 100 faiz mənimsəmə tələb etmək, oxudu-oxumadı hamıya attestat vermək kimi keçmiş SSRİ-dən qalma stereotiplərə son qoyulub. İndi həm şagirdlərə, həm də valideynlərə aydındır ki, tam orta təhsil haqqında attestat almaq üçün yeganə meyar bilikdir. Bütün bu deyilənlərlə yanaşı, mərkəzləşdirilmiş buraxılış imtahanları cəmiyyətdə sosial ədalət prinsipinin bərqərar olmasına, əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsinə, şagirdlərin özünürealizə imkanlarını təmin etməyə yönəlir, ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında məktəbin rolunu artırır, yüksək bilikli kadrların hazırlığına zəmin yaradır və s. Əlbəttə, mərkəzləşdirilmiş buraxılış imtahanlarının üstünlükləri danılmazdır.

Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması artıq özünü nəinki doğruldub, zərurətə çevrilib. Digər tərəfdən, bu mütərəqqi addımın dünyada Azərbaycan vətəndaşlarının savadlılıq indeksi üzrə göstəricilərinin formalaşdırılması yolunda Prezident İlham Əliyevin həyata keçirməkdə olduğu strateji kursa uyğundur. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz.

Bu gün Azərbaycanda oxuma-yazma bacarığı 100%-ə çatıb və dünyada ən yüksək nəticələrdən biridir. Amma real rəqəmlər odur ki, məktəblərin böyük qismində tədris normal aparılmır, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır”.

Nigar Abdullayeva
Cebhe.info