Kişi müəllimlərə əlavə güzəştlər veriləcək?

Azərbaycanda kişi müəllimləri məktəbə qaytarmaq üçün onlara əməkhaqqı ilə bağlı güzəştlər təklifi hazırlanır.
Artıq uzun illərdir ki, ölkədə kişi müəllimlərin sayı getdikcə azalmaqdadır.
Elm və təhsil naziri Emin Əmrullayev də mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayınının artırılması vacibliyini vurğulayıb:
“Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik. Hesab edirəm ki, bu problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə ciddi ehtiyac var”.
Bu gün Azərbaycanın 4432 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir.
Hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir. Elm də bu fərqi müşahidə etmək mümkündür. Belə ki, 2023-cü ildə fəlsəfə doktoru elmi dərəcəsini 526 nəfər alıb ki, bunun 126-sı kişi, 400-ü qadındır.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə məktəblərdə kişi müəllimlərin sayının artması üçün onlara daha çox maaş verilməsi ilə bağlı fikirlər səslənir. Eləcə də sosial şəbəkələrdə yayılan bir neçə videoda oğlan şagirdlərin rəqsləri zamanı qız kimi davranışları da tənqid hədəfi olub ki, bu da kişi müəllimlərin sayının azlığı ilə əlaqələndirilir.
Məktəblərdə kişi müəllimlərin sayının artması ilə bağlı səslənən təkliflər tətbiq edilə bilərmi?
Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirdi ki, orta ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı azdır və rəsmi statistika da bunu göstərir:
“Azərbaycanda bütün münasibətlər, o cümlədən əmək münasibətləri də hüquq üzərində qurulur. Əmək Məcəlləsinin 16-ci maddəsidə qeyd olunur ki, istər yaşa, sosial, cinsi məsuliyyətinə görə, hər hansı ayrı-seçkilik yolverilməzdir.
Ona görə də birmənalı şəkildə kişi müəllimlərə hər hansı bir güzəştin tətbiq edilməsi əmək münasibətlərində ayrı-seçkiliyə gətirib çıxarır. Bu baxımdan qəbul edilən deyil. Ancaq ümumilikdə müəllimlərin əməkhaqqının 700 manata qaldırılması, o cümlədən kişi müəllimlərə də ödənilməsinə gətirib çıxaracaq.
Ancaq onlar üçün xüsusi güzəştin tətbiq edilməsi qəbuledilməzdir. Qanunla ayrı-seçkilik yolverilməzdir”.
Son vaxtlar bəzi oğlan şagirdlərində müşahidə edilən qeyri-adi davranışlara gəldikdə isə, ekspertin sözlərinə görə, məsələ müəllimlərin kişi və ya qadın olmasında deyil, məktəblərdə tərbiyə sisteminin olmamasıdır:
“Bunun obyektiv və subyektiv səbəbləri var. İlk növbədə məktəblərdə direktor müavinləri və təşkilatçı vəzifələrində çalışanların artımların müəyyən edilməməsi, bir çox hallarda “sən müavin deyilsən, təşkilatçısan” deyə, onların tədris köməkçisi heyəti kimi qəbul edilməsi, məktəblərdə psixoloji işin, valideynlərlə münasibətlərin düzgün qurulmaması ilə bağlı ciddi problemlər var.
İlk növbədə məktəblərin nizamnaməsi hazırlanmalıdır. Məktəblərdə bütün fəaliyyət hüquqa əsaslanmalıdır. Tərbiyə sistem şəklində olmalıdır, eyni zamanda bu sistemə nəzarət edən nəzarətedici bir sistem əlavə olunmalıdır. Təəssüf ki, bunlar bizdə yoxdur, ona görə də problem var. Problem yalnız kişi müəllimlərinin azlığı ilə bağlı deyil.
Bizim region məktəblərində kişi müəllimlərin sayı qadın müəllimlərin sayından çoxdur. “Məktəblərdə kişi müəllimləri yoxdur deyə, problemlər var” bu, yalnış anlayışdır. Şagirdlərə qarşı qeyri-neqativ halların tam böyük əksəriyyəti bəzi kişi müəllimlər tərəfindən törədilir. Bu problem də var.
Məsələ sistemdədir və ölkənin ümumtəhsil sistemində sistemli tərbiyə işi qurulmalıdır. Regionlarda kişi müəllimlər daha çox olmasına baxmayaraq, orada da eyni proses gedir. Bu baxımdan baş verənləri kişi müəllimlərin az olması ilə əlaqələndirmək doğru deyil”.
Nigar Abdullayeva
“Cebhe.info”