Laçın-Xankəndi yolundakı aksiyanın 100-cü günündə Novruz şənliyi - FOTOLAR

Bu gün azərbaycanlı ekofəalların Laçın - Xankəndi yolundakı etiraz aksiyasının 100-cü günüdür.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolundakı aksiyanı davam etdirirlər. Ötən ilin 12 dekabrından başlayan aksiya dinc formada davam edir və yol humanitar məqsədlər üçün açıqdır. Rusiya Sülhməramlı Kontingenti və Beynəlxalq Qızıl Xaç Komitəsinə aid avtomobillər hər gün müntəzəm olaraq Laçın-Xankəndi yolundan maneəsiz olaraq keçirlər. Qeyd edək ki, aksiya iştirakçıları Novruz Bayramını da Laçın-Xankəndi yolunda qeyd ediblər.
Laçın-Xankəndi yolundakı aksiyanın 100-cü günündə son vəziyyət necədir?
“Baku TV”nin Şuşaya ezam olunmuş hərbi müxbiri Fərdin İsazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, aksiyanın 100-cü günü Novruz bayramına təsadüf edib:
"Burada ekofəallarımız üçün bayram şənliyi təşkil olunub. Əsasən vətənpərvərlik mövzusunda musiqilər çalınır. Aksiya iştirakçılarına aş, kabab, qutab kimi Azərbaycan mətbəxinin gözəl nümunələri olan müxtəlif təamlar təqdim edilir. Bayram şənlikləri axşama qədər davam edəcək. Şou xarakterli müxtəlif proqramların nümayiş olunması da gözlənilir".
O, aksiyanın davam edəcəyini də vurğulayıb:
"Bununla paralel olaraq, aksiya öz axarında davam edir. Bildiyimiz kimi, artıq aksiyanın 100-cü günüdür. Bütün bu müddət ərzində ərazidən hər iki istiqamətdə təxminən 4900-ə yaxın avtomobil hərəkət edib. İstər Beynəlxalq Qızıl Xaç Komitəsi, istərsə də Rusiya sülhməramlı kontingentinə aid kolonlar maneəsiz olaraq keçib".
Elmir Mustafa
Cebhe.info