Maşın yox, tüstü borusudur: “Bu avtomobillər küçəyə buraxılmamalıdır”

Maşın yox, tüstü borusudur: “Bu avtomobillər küçəyə buraxılmamalıdır”

Bir çoxumuz paytaxtın küçələrində ekoloji standartlara cavab verməyən, havanı çirkləndirən, insanları tüstüyə boğan avtomobillərin şahidi olmuşuq. Xüsusilə iri ticarət mərkəzləri, bazarların ətrafında belə avtomobillər daha çoxdur və real təhlükə mənbəyidir.

Cebhe.info-ya danışan "Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli köhnə avtomobillərlə bağlı problemin artıq narahatedici şəkil aldığını bildirib:

"İli köhnə, istismar müddəti bitmiş avtomobillər Bakı şəhərində atmosoferi çirkləndirən əsas amillərdən biridir. Hər il dünyada atmosferə atılan milyon tonlarla zəhərli qazdan yüz minlərlə insan dünyasını dəyişir. Atmosferə atılan normadan artıq zəhərli qazlar insanlarda müxtəfli ağır xəstəliklərin yaranmasına səbəb olur. Çünki atmosferin zəhərlənməsi nəticəsində oksigen kütləsi məhv olur və hava həddindən artıq çirklənir".

O, bu cür avtomobillərlə həm də yol hərəkəti təhlükəsizliyinin qorunmasının mümkün olmadığını qeyd edib:

"Yəqin şəhərdə siz də köhnə “011”, “06”, hətta “05” “Jiquli”, “Qaz 2410 Volqa” markalı avtomobillərə rast gəlmisiniz. Bir də görürsən ki, xarabdır, yolda uzun tıxacın yaranmasına səbəb olub. Elə bil ki, maşın yox, tüstü borusudur. Dövlət Yol Polisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə vaxtaşırı müxtəlif bölgələrdə "Təmiz hava" aylığı çərçivəsində tədbirlər keçirir.

Avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı yoxlanılır, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərə xəbərdarlıq edilir. Amma bu tədbirlər kifayət etmir".

Elman Cəfərli hesab edir ki, ili köhnə, normadan artıq zəhərli qaz ixrac edən avtomobillər Bakı şəhərinə buraxılmamalıdır:

"Söhbət 1970, 1980, 1990-cı illərdə buraxılmış Sovet avtomobillərindən gedir. ümumiyyətlə, bu cür avtomobillərin istismarı qadağan olunmalıdır. Hökumət güzəştli şərtlərlə Azərbaycanda istehsal olunmuş avtomobillərin kreditlə satışını təşkil edə bilər. Bildiyim qədər, Rusiyada köhnə maşınların əhalidən satın alınması həyata keçirilib, onlara güzəştli şərtlərlə yeni avtomobillər təklif edilib.

Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. İndi qarışıq 90-cı illər deyil. Hesab edirəm ki, bu problem artıq həll edilməlidir. Paytaxt Bakı illərdir nüfuzlu beynəlxalq idman yarışlarına, mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Ətraf mühiti çirkləndirən, insanların estetik zövqünü korlayan köhnə avtomobillər Bakıdan yığışdırılmalıdır. Keçmiş Sovet ölkələri bu problemi çoxdan həll edib. Baltikyanı ölkələrdə ili köhnə Sovet maşınlarının istismarına icazə yoxdur. Hətta qonşu Gürcüstanın mərkəzi Tiflisdə köhnə “Jiquli”, “Lada”, “Volqa” avtomobillərinə rast gələ bilməzsiniz".

Birlik sədri ekologiyanı çirkləndirən avtomobillərin sıradan çıxarılması üçün dünya ölkələrinin təcrübəsindən nümunələr göstərib:

"Dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə ekoloji cəhətdən təmiz və yanacaq sərfiyyatı az olan elektrik və hibrid avtomobillərinin istifadəsi təşviq edilir. Əhalini bu cür avtomobilərə əlçatanlılığını təmin etmək üçün xüsusi kampaniyalar keçirilir. Elektromobillər əsasən dünyanın inkişaf etmiş ölkələri olan ABŞ, Çin, Yaponiya, Niderland və Norveçdə yayğındır. Bu gün dünyada 6 milyona yaxın elektromobil və hibrid avtomobilindən istifadə olunur. Bir sıra ölkələrdə istismar müddətinin bitməsinə az qalmış, havanı çirkləndirən nəqliyyat vasitələrinin istifadəsi yasaqlanıb”.

Günay Şahmar
Cebhe.info