Məktəblilər zərərli vərdişlərə qarşı maarifləndirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirici tədbirlər davam etdirilir.
“Cebheinfo.az” xəbər verir ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ meyillərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
Tədbirlərdə BŞTİ-nin nümayəndələri, rayon polis idarələrinin əməkdaşları, müəllimlər şagirdlər və valideynlər iştirak edirlər.
Maarifləndirici tədbirlərdə məktəblilərə zərərli vərdişlərin ziyanlarından və orqanizmdə yaratdığı fəsadlardan bəhs olunur. Şagirdlərə zərərli vərdişlərdən uzaq olmaq və onlara qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir.
Həmçinin müvafiq mövzuda fikirlər səsləndirilir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır.
Tədbirlərdə zərərli vərdişlərin fəsadlarına dair sənədli filmlər və videoçarxlar nümayiş olunur.
Nigar
“Cebheinfo.az”