Dünyanın izlədiyi görüş: Çin Putinin inadını qırır?  

Dünyanın izlədiyi görüş: Çin Putinin inadını qırır?  

Çin Prezidenti Si Tsinpinin Rusiyaya səfəri 13 aydır davam edən Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həlli məsələsini yenidən gündəmə gətirib.

Ukraynanın Qərbin dəstəyi ilə əks-hücuma hazırlaşdığı indikin şəraitdə sülh müzakirələri real görünməsə də, Çinin qlobal siyasi proseslərdəki çəkisi tərəfləri Si Tsinpinin vasitəçilik səyləri barədə düşünməyə vadar edir. Rusiya Prezidenti Vladimir Putin bu səfərə Qərbə qarşı mübarizədə Çinin dəstəyini əldə etmək imkanı kimi baxır. Lakin bu yaxınlarda Rusiya-Ukrayna müharibəsinin həllinə dair 12 bəndlik təkliflə çıxış etmiş rəsmi Pekin daha çox balanslı mövqe tutmağa çalışır.

Qeyd edək ki, “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlı sənəd bütün ölkələrin suverenliyinə hörmət edilməsini, "soyuq müharibə" düşüncəsindən imtina edilməsini, atəşin və döyüş əməliyyatlarının dayandırılmasını, sülh danışıqlarına başlamağı və humanitar problemlərin həllini nəzərdə tutur. Bundan başqa, təkliflər paketində mülki əhalinin və hərbi əsirlərin müdafiəsi, atom elektrik stansiyalarının təhlükəsizliyinin mühafizəsinin təşkili, strateji risklərin azaldılması, taxıl ixracına zəmanət verilməsi, birtərəfli sanksiyaların dayandırılması, istehsalın və tədarükün zəncirvari sabitliyinin təmin edilməsi və müharibədən sonrakı yenidənqurmaya töhfə verilməsi ilə bağlı bəndlər yer alıb.

Rusiyadan sonra Çin liderinin Ukrayna və ABŞ prezidentləri ilə də danışıqlar aparacağı gözlənilir. Ona görə də Si Tsinpin Prezident Vladimir Putinlə görüşdə ikitərəfli münasibətlərə Rusiya liderinin gözlədiyindən daha təmkinli baxış təklif edib. Si və Putin martın 20-də aparılan danışıqlarda Çin-Rusiya münasibətlərinin möhkəmliyini vurğulayıblar. ABŞ Mühaibə Araşdırmaları İnstitutu bu danışıqlarda Putinlə Tsinpinin mövqeyindəki fərqləri açıqlayıb. Putin Qərb hökmranlığının kollektiv istəklərinə qarşı Rusiya və Çinin çoxqütblü dünya nizamını formalaşdırmaq üçün tərəfdaşlıq qurmasını təklif edir. Lakin Prezident Si qeyd edib ki, Rusiya və Çin ümumilikdə çoxqütblü dünya nizamına sadiq olsalar da, onlar konkret olaraq Qərbə qarşı deyil. Bundan başqa, Si Tsinpin ÇXR-i Rusiyanın Ukraynaya qarşı müharibəsində vasitəçi tərəf kimi təqdim etməyə çalışır. Onun sülh planı Ukrayna böhranının aradan qaldırılması ilə bağlı dünya ictimaiyyətinin baxışlarının ümumiliyini əks etdirir. Çinin bu mövqeyi Putini qane edir.

Analitiklərin fikrincə, Rusiya Prezidenti ÇXR sədrinin Qərbə qarşı aqressiv ritorik xəttinə ümid edir. Buna baxmayaraq, Si Tsinpin Putinin Qərblə geosiyasi münaqişədə Çini Rusiya ilə eyniləşdirməsinin əleyhinədir. Onun bu yanaşması Ukraynanın işğalı ərəfəsində Çinin tətbiq etdiyi Rusiya ilə məhdud tərəfdaşlıq münasibətlərindən uzaqlaşdığını göstərir. "Si Tsinpinin ritorikası deməyə əsas verir ki, o, Rusiyanın Ukraynadakı uğursuzluqlarını aradan qaldırmaq üçün Putinə tam iqtisadi və siyasi dəstək verməyə meylli deyil",-deyə beynəlxalq ekspertlərin hesabatında deyilir.

Putin və Si ölkələr arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi ilə bağlı oxşar baxışlar təklif ediblər. Bu baxımdan, tərəflər sanksiyalardan yayınmağa imkan verən ticari və iqtisadi sazişlər imzalaya bilər. Ancaq siyasi müşahidəçilərin fikrincə, ÇXR Kommunist Partiyası sədrinin Kremlə səfərinin əsas məqsədi Rusiya-Ukrayna müharibəsinə Pekinin vasitəçiliyi ilə son qoyulmasına nail olmaqdır. Əslində, Çinin məqsədi nə Rusiyanı, nə də Ukraynanı müdafiə etməkdir. Çin Qərb və Rusiya arasında yaranmış geosiyasi qarşıdurmadan istifadə edərək beynəlxalq aktor kimi öz rolunu artırmağa və maraqlarını təmin etməyə çalışır.

Yəni Si Tsinpinin səfəri Qərb və Rusiya arasında ortaq xəttin tapılmasına yönəlib və Çin bu istiqamətdə təqdim etdiyi 12 bəndlik təkliflər paketinin mühüm rol oynayacağına tərəfləri inandırmağa çalışır. Bu sənəddə Rusiyanı və Ukraynanı qane edən və etməyən məqamlar var. Ona görə də Tsinpinin Ukrayna və ABŞ prezidentləri ilə danışıqları davam etdirəcəyi ehtimal olunur. Çin ölkələrin suverenliyinin təmin olunmasını təklif edir ki, bu da Ukrayna üçün məqbuldur. Ancaq "yol xəritəsi"ndə Rusiya qoşunlarının Ukraynanın işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı heç bir bənd yoxdur. Bu isə Rusiyanın maraqlarına uyğundur.

Yəni təkliflər paketi daha çox atəşkəs sazişi layihəsinə bənzəyir. Bu isə Ukraynanın təxminən aprel ayına planlaşdırılan geniş miqyaslı əks-hücumun qarşısını almaq üçün Rusiyaya əlavə vaxt qazandıra bilər. ümumilikdə, Çinin təqdim etdiyi sənədin daha çox Rusiyayönümlü olduğunu görmək olar. Məsələn, Pekinin dərhal atəşkəs təklif etməsi Rusiya qoşunlarının Ukrayna ərazisində mövcudluğunun dondurulması və daimi faktora çevrilməsi deməkdir. Ona görə də Bayden administrasiyasının Çinin təkliflərini rədd etməsi Pekinin vasitəçilik səylərini iflasa uğrada bilər.

Buna baxmayaraq, Rusiyanın ilhaq etdiyin ərazilərdə donmuş münaqişənin və separatçı Donetsk, Luqansk kimi rejimlərin yaradılmasının əleyhinə olan Çin sülhün əldə edilməsində maraqlı tərəf kimi fəallaşmağa başlayıb. Çünki bu presedent Çinin Tayvan probleminin həlli üçün arzuolunmaz nəticələr doğura bilər. Çin lideri onu da nəzərə alır ki, Rusiya qoşunlarını işğal etdiyi ərazilərdən çıxartmasa, son vaxtlar NATO-nun ən müasir zirehli texnika və artilleriya sistemləri ilə təmin olunmuş Ukraynanın əks-hücumu Putin hakimiyyəti üçün ağır nəticələr verəcək. Ukraynanın öz torpaqlarını güc yolu ilə azad etməsi Qərbin Putin rejimi üzərində qələbəsinə və onun hakimiyyətdən getməsinə gətirib çıxaracaq.

Hadisələrin belə inkişafı Çinin sülh planının baş tutmaması deməkdir. Ancaq ekspertlər hesab edir ki, Si Tsinpin həm Rusiyanı, həm də Qərbi konsensus variantın vacibliyinə inandırmağa çalışır. Yəni Prezident Tsinpin Çinin zəmanəti ilə Putini qoşunları Ukraynadan çıxartmağa, yəni 1991-ci il sərhədlərinə çəkilməyə razı sala bilər. Bunun qarşılığında isə Qərbdən Putinin təhlükəsizliyinə və hakimiyyətinin toxunulazlığına təminat alacağına ümid edir. Çinin vasitəçiliyi ilə imzalanmış sülh müqaviləsinin qarşılığında Si Tsinpin Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların ləğvinə çalışacaq. Bununla rəsmi Pekin postsovet məkanında, o cümlədən Rusiya üzərində Çinin geosiyasi nüfuz dairəsinin Qərb və Moskva tərəfindən tanınmasına nail olmaq istəyir. Lakin hələ nə ABŞ, nə Avropa İttifaqı, nə də Rusiya buna razı görünür. Çünki Uzaq Şərq nəhəngi sayılan Çinin bütün Avrasiya məkanına nəzarəti ələ keçirməsi ilə ABŞ və NATO razılaşa bilməz.

Bəzi ekspertlər isə Si Tsinpinin Moskvaya səfərini Çinin Rusiyanın gələcəyindən narahatlığı kimi şərh edir. Yəni Çin qarşıdan gələn əks-hücum əməliyyatında Qərbin Rusiya üzərində mümkün qələbəsini özü üçün təhlükə hesab edir. Almaniyanın "Spiegel" nəşrinin analitikləri qeyd edir ki, Çin Rusiyanı yıxsa, növbənin ona çatacağını başa düşüb. Qərblə münasibətləri pisləşmiş Rusiya üçün Çinlə müttəfiqlik münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Çin Rusiyanı anti-ABŞ münasibətlərinə təhrik etmir. Bu məsələdə Rusiya Çini öz yanında görmək istəyir. Lakin bütün təhlükələrə baxmayaraq, Çin Rusiya ilə məsafə saxlamağa çalışır və ABŞ-la münasibətləri korlamaqda maraqlı görünmür.

Si Tsinpin Prezident Co Baydenin "Rusiyaya dəstək versəniz ABŞ şirkətləri Çini tərk edəcək" xəbərdarlığından çox narahatdır və Putinə görə ölkəsini iqtisadi zərbə altında qoymaq istəmir. Eyni zamanda, Çin Rusiyanın təhlükəsizliyinə problem yaratmayacağına təminat verir. İki ölkə arasında sərhədin uzunluğu 4300 kilometrdir. Yalnız Çinlə yaxşı münasibətlər sayəsində Rusiya qoşunlarını Şərqi Sibirdən və Sakit okean sahillərindən çıxarıb Ukraynaya göndərə bildi. Bu, Rusiyanın Çindən hərbi təhlükə hiss etmədiyini sübut edir. Çin Rusiyaya Avropada itirdiyi təbii qaz və neft bazarı, həmçinin kapital və yüksək texnologiyalı mallara çıxış imkanı verib. Ancaq Putinin gözləntisinin əksinə olaraq, Çin Rusiyaya Ukraynaya zərbə endirmək üçün ağır silahlar vermək istəmir. Pekin sülh vasitəçiliyi ilə çıxış etməklə həm Rusiyaya, həm də Qərbə bu müharibədə İran kimi iştirakçı tərəfə çevrilmək istəmədiyini nümayiş etdirir. ABŞ-ın narahatlığına baxmayaraq, Çinin tezliklə Moskvaya ciddi hərbi dəstək verəcəyi ehtimalı yoxdur.

Çünki belə yardım iqtisadi qeyri-müəyyənliyin artdığı bir vaxtda Pekinin ən mühüm ticarət tərəfdaşlarından biri olan Avropa qarşısında reputasiyasına ciddi zərbə vura bilər. Çin lideri Rusiyanın məğlub olduğuna hələ inanmasa da zəifləməsindən, Qərbdə isə yaranmış müharibə yorğunluğundan "sülhməramlı" qismindəə istifadə etməyə çalışır. Si Tsinpinin Moskva üzərində əhəmiyyətli təsir vasitələri var. Çünki Putinin Ukraynadakı səhv addımları Rusiyanı həm iqtisadi, həm də geostrateji baxımdan Pekindən çox asılı vəziyyətə salıb. Qərbdən uzaqlaşan Putin danışıqlar masasında əsas beynəlxalq tərəfdaşına çevrilmiş Çinin qarşısında inadkarlıq göstərə bilməz. İndi müharibənin uzanmasında maraqlı olan ABŞ-dan fərqli olaraq, Çin Rusiyanı əlverişli güzəştlərə vadar edərsə, Ukraynanın etimadını qazana bilər.

Müşfiq Abdulla
Cebhe.info