İrəvan məhkəmə iddialarından imtina etməli olacaq

İrəvan məhkəmə iddialarından imtina etməli olacaq

Ermənistanın Azərbaycandan aldığı sülh sazişinin 10-cu paketində rəsmi Bakı İrəvandan müxtəlif beynəlxalq məhkəmələrdə bu ölkəyə qarşı bütün iddialarından əl çəkməsini tələb edir.

“Hraparak” qəzeti “Müqəddəs mübarizə” “Telegram” kanalına istinadən yazıb. Mənbə qeyd edir ki, Nikol Paşinyan hökuməti bu tələblərini yerinə yetirməyə hazırdır:

“Bu da Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyanı qəzəbləndirib. O israr edir ki, hazırladığı iddialardan əl çəkməyəcək və məzuniyyətdən qayıtmadan istefaya gedəcək. Kirakosyanın ofisi, əlbəttə ki, bu məlumatı təkzib edib, bildirib ki, belə bir şey yoxdur, amma Krikosyan məzuniyyətdədir”. 

Kanalın əldə etdiyi məlumata görə, Azərbaycan bu tələbləri ötən ilin sonunda təqdim edib. Hətta orada sülh sazişinin hazırlanmasında iştirak edən rəsmilərin, o cümlədən o vaxt xüsusi tapşırıqlar üzrə səfir olmuş Yeqişe Kirakosyan, Edmon Marukyanın iştirak etdiyi dar müzakirə də aparılıb:

“Daha sonra Paşinyan qısaca deyib ki, tələb hələ rəsmi şəkildə təqdim olunmayıb, lakin bunun olması istisna deyil. Məhz o zaman Kirakosyan qəzəblənib və istefa verəcəyini bəyan edib. Onlar onu əmin ediblər ki, Azərbaycan bu tələbindən imtina edə bilər. Halbuki bir neçə gün əvvəl göndərilən 10-cu paketdə tələb artıq yazılı şəkildə qoyulub”. Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı bir neçə dəfə iddia qaldırıb. Bunlar əsasən, milli və irqi ayrıseçkiliyə son qoyulması və hərbi “cinayət”lərin araşdırılması ilə bağlıdır. 

2021-ci il dekabr 7-də BMT-nin ali məhkəmə orqanı Ermənistanın Azərbaycan əleyhinə müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını təmin etməyib. 

Həmin proses çərçivəsində Ermənistan Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair müraciətinə də baxılıb. Lakin sözügedən iddia da təmin olunmayıb. Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da əsassız hesab edilib. Bu üç məsələ üzrə Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsi Ermənistana imtina qərarının verilməsinə səbəb olub. 

Üstəlik, Azərbaycan tərəfi müharibə məhbuslarının hamısını Ermənistana qaytarıb. 

Hazırda Azərbaycanda hər hansı əsir və müharibə məhbusu yoxdur. 2023-cü il sentyabrın 28-də Ermənistan Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının pozulması iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə sorğu təqdim edib. Rəsmi İrəvan BMT məhkəməsini Azərbaycanı birbaşa və ya dolayısı ilə həmin vaxt Qarabağda yaşayan etnik ermənilərin köçürülməsinə yönəlmiş hər hansı hərəkətdən çəkindirmək öhdəliyini təsdiq etməyə çağırıb. Söhbət hər kəsin Qarabağı sərbəst tərk etmək imkanından, BMT-nin və Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının regionun erməni əhalisinə çıxışının təmin edilməsindən, kommunal sistemin bərpasından və ləğv edilmiş “Dağlıq Qarabağ Respublikası”nın vətəndaş vəziyyəti aktlarının tanınmasından gedirdi. 2023-cü il noyabrın 28-də məhkəmə Azərbaycanı sentyabrın 19-dan sonra Qarabağı tərk etmiş və geri qayıtmaq istəyən ermənilərin təhlükəsiz, maneəsiz və sürətlə geri qayıtmasını təmin etməyə çağıran qərar qəbul edib. 

Qərarda həmçinin, qeyd edilir ki, Azərbaycan 2023-cü il sentyabrın 19-dan sonra hələ də Qarabağda olan və getmək istəyən şəxslərin təhlükəsiz, maneəsiz və tez bir zamanda ərazini tərk etməsini təmin etməlidir. Lakin Ermənistanın bu iddialarının hüquqi əsası olmadığından, qərarlar daha çox siyasi ittiham xarakteri daşıyıb. Ona görə də Ermənistanın məhkəməyə müraciəti başqa dövlətin daxili işlərinə müdaxilə xarakteri daşıyıb. 

2024-cü ilin aprel ayında rəsmi Bakı bəyan edib ki, Azərbaycanın ermənilərə qarşı cinayətlərdə ittiham edilməsi BMT məhkəməsinin yurisdiksiyasına aid deyil və İrəvanın iddiasının əsaslandığı ayrı-seçkiliyə qarşı konvensiya ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki nümayəndəsi Elnur Məmmədov qeyd edib ki, Ermənistanın irəli sürdüyü ittihamlar İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanın əhatə dairəsinə daxil olmadığı üçün məhkəmənin işə baxmaq səlahiyyəti yoxdur. 

Onun fikrincə, iddia baxılmaq üçün qəbul edilə bilməz. Çünki İrəvan mübahisənin ikitərəfli qaydada həlli üçün Bakı ilə danışıqların lazımi qaydada aparılmasının məcburi şərtini yerinə yetirməyib. Digər tərəfdən, Qarabağ İqtisadi Rayonunda yaşayan erməni sakinlər hər hansı ayrıseçkilik zəminində deyil, könüllü şəkildə bölgəni tərk edərək Ermənistana köçüblər. Bunu erməni əhalisi ilə aparılan sorğular da təsdiq edir. Ermənilər azərbaycanlılarla birgəyaşayışdan imtina edərək, Ermənistanda qalmağa və üçüncü ölkələrə köçməyə üstünlük veriblər. Eyni zamanda, beynəlxalq hüququn “Dağlıq Qarabağ Respublikası” adlı subyekti olmadığına görə Ermənistanın məhkəmə iddialarının təmin edilməsi mümkün deyil. 

Ancaq Ermənistanın beynəlxalq məhkəmə instansiyalarına etdiyi şikayətlər Azərbaycana qarşı ərazi iddialarının davam etməsi kimi qiymətləndirilə bilər. 

Çünki Azərbaycan ərazisində sorğuda göstərildiyi kimi, “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi, nə də “Dağlıq Qarabağ Respublikası” adlı qurum mövcuddur.

2023-cü ilin sentyabr ayından sonra könüllü şəkildə Ermənistana köçmüş erməni əsilli əhali isə yalnız Azərbaycan vətəndaşlarıdır. Onları hansısa separatçı rejimin vətəndaşı kimi təqdim etmək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ziddir. Bu isə sülh prosesinin pozulması deməkdir. 

Görünür, Azərbaycan tərəfi sülh müqaviləsinin mətninin razılaşdırılması çərçivəsində Ermənistan tərəfinə məhkəmə iddialarından imtina təklif edib. 

Ermənistan Qarabağa və digər ərazilərə iddialarından əl çəkməyənə qədər sülh sazişinin imzalanmasına hüquqi maneələr qalmaqda davam edəcək. Azərbaycan isə sülh prosesinin hüquqi müstəvidə razılaşdırılmasına üstünlük verir. Ona görə də Ermənistan sülhə nail olmaq üçün beynəlxalq məhkəmə iddialarından imtina etməlidir. 

Müşfiq Abdulla 
"Cebhe.info”