Kremldə qiyam hazırlığı: Putinə xəyanət?

Kremldə qiyam hazırlığı: Putinə xəyanət?

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında qarşıdurma artır.

Priqojın yaydığı növbəti videomüraciətdə ona Ukraynanın Baxmut şəhərini tərk etməmək üçün silah veriləcəyinə dair vədlərin yerinə yetirilmədiyini deyib.

Bu ziddiyyətlər artıq Baxmut cəbhəsində Rusiyanın əleyhinə işləməyə başlayıb. Rusiyanın 72-ci motoatıcı briqadasının Baxmutdakı mövqelərdən çəkilməsi Ukrayna ordusunun 3 kilometr ərazini işğaldan azad etməsi ilə nəticələnib.

Şəhərin cənub-qərb ətrafında Rusiya ordusunun 64 nəfər döyüşçüsünü məhv edib ki, onların arasında vaqnerçilər də var. Bundan sonra Priqojinin müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında qarşılıqlı ittihamların güclənəcəyi gözlənilir. Bu isə hərbi elitada son günlər açıq müstəviyə keçmiş siyasi parçalanma prosesini sürətləndirə bilər.

Siyasi ekspertlərin fikrincə, Priqojinlə Müdafiə Nazirliyinin rəhbərliyi arasında münaqişə mövcud olsa da, onun sərt mesajları əslində, Prezident Vladimir Putinə qarşı yönəlib. Hətta onun Putini ələ salan səs yazısının yayılması bu qənaəti möhkəmlədib. 27 dəqiqəlik audioyazının fraqmentlərindən birində Priqojın cəbhədəki çətin vəziyyətə baxmayaraq, “özünün yaxşı olduğunu düşünən bir baba”nın adını çəkir:

“Elə insanlar var ki, döyüşür, elə insanlar var ki, bir dəfə həyatda harada isə öyrəniblər ki, ehtiyat olmalıdır və bu ehtiyatları yığırlar, yığırlar, yığırlar. Sənaye mərmiləri belə, kəsir və onları qoşunlara vermək əvəzinə bəzi anbarlarda toplayır. Nə üçün? Heç kim bilmir. Bir mərmi israf etmək, düşməni öldürmək, əsgərimizin həyatını xilas etmək əvəzinə, əsgərlərimizi öldürürlər”, - Priqojın belə deyib. Priqojın iddia edir ki, “xoşbəxt baba” hesab edir ki, ona belə yaxşıdır.

Priqojinin son bəyanatları onun Putinə qarşı qiyamı kimi şərh edilir. Güclü hərbi resurslara malik Priqojın və Şoyqu bir-birini sıradan çıxartmaq üçün mübarizəyə başlayıb. Orduda vəziyyətin nəzarətdən çxması müharibədə ağır məğlubiyyətə yol açmaqla yanaşı, indiyə qədər mövcud rəqabətdən faydalanmağa çalışan Putinin hakimiyyəti üçün ciddi təhlükəyə çevrilə bilər.

Ukraynalı siyasi şərhçi İvan Yakovina hesab edir ki, Priqojinin prezidentlik iddiasına düşüb və məqsədi Putinin yerinə keçməkdir.

Ekspertin fikrincə, hazırda Rusiya siyasi elitasında Putinə qarşı çox ciddi rəqib meydana çıxıb.

“Məncə, Priqojın indi seçki kampaniyasına başlayıb. Onlar Moskvada Qırmızı Meydanda Qələbə Günü şərəfinə parad keçiriblər. “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojın əslində, Putindən fərqli olaraq öz alternativ paradını təşkil edib. üstəlik, o, çıxış etdi və bu çıxışda özünü, əslində, Rusiya Federasiyasında hakimiyyət uğrunda mübarizədə Vladimir Putinin rəqibi və ümumiyyətlə, hakimiyyətə iddiasını elan etdi.

O, bu gücü necə əldə etmək istəyir?

Priqojın Müdafiə Nazirliyindən köhnə dostu, general Sergey Surovikinin hazırda "Vaqner" şirkəti ilə əsas əlaqələndirici olmasından çox şad olduğunu deyib.

O bildirib ki, əgər Surovikinin heç bir səlahiyyəti olmasa, bu, yalnız söhbət olacaq. Surovikin əlavə olaraq Müdafiə Nazirliyində olacaq və “Vaqner”ə heç bir şəkildə kömək edə bilməyəcək. Ona görə də Surovikinə səlahiyyət lazımdır.

Priqojinin bütün bu çıxışında əsas məqam budur. Priqojın bu sadə şantajdan dəyənək kimi istifadə edərək Vladimir Putini onu sursatla təmin etməyə, daha doğrusu, heç olmasa, ona döyüş sursatı vəd etməyə məcbur etdi.

Güman edirdim ki, Priqojın mütləq gec-tez Sergey Şoyqu və Valeri Gerasimovu rus ordusunun rəhbərliyindən uzaqlaşdırmağı və bu vəzifələrə sadiq, general Surovıkin kimi birini qoymağı tələb edəcək”.

Ukrayna Silahlı Qüvvələrinin Şərq qruplaşmasının sözçüsü Sergey Çerevatının fikrincə, Priqojinin silah-sursatın çatışmaması barədə iddiaları yalandır və bu daha çox bəhanə xarakterlidir.

Onun sözlərinə görə, ruslar gün ərzində Baxmut və Liman-Kupyan istiqamətlərində 4000-dən çox mərmi atıblar ki, bu da “Vaqner” quldurlarının lideri Yevgeni Priqojinin “qıtlıq” adlanan hadisə ilə bağlı tezisini təkzib edir.

“Hazırda onlar gündə 20 mindən çox mərmi atırlar. Deməli, bu, tam blefdir”, - Çerevatı belə deyib.

Onun sözlərinə görə, Baxmutda döyüşən əsasən məhbuslardır. Onların təminat mənbəyi məhbuslardır. Lakin ağır itkilərə məruz qaldıqlarına görə onlara paraşütçülər əlavə edilib.

Çerevatının verdiyi məlumata görə, rusların əsas problemi mərmi ilə bağlı deyil, kadrlarının kifayət qədər hazırlıqlı, təchiz olunmamış və ən əsası heç bir motivasiyaya malik olmamasındadır.

Çerevatının açıqlaması Priqojinin ittihamlarının arxasında silah-sursat çatışmazlığı deyil, Putinin kursu ilə yollarını ayırmaq niyyətinin olduğunu deməyə əsas verir. Bu da yaxın perspektivdə Rusiyanın hakimiyyətinin dəhlizlərində siyasi toqquşmaları dərinləşdirə bilər. Hətta Putinlə Priqojın arasında toqquşmanın da açıq müstəviyə keçməsi mümkündür.

Politoloq və publisist Andrey Piontkovski “Vaqner” muzdlu hərbi birləşməsinin rəhbəri və Vladimir Putinin yerini tutmağa hazırlaşan Yevgeni Priqojini tezliklə öldürə biləcəklərini güman edir.

“Priqojın rus xalqı üçün yeni fürerin kastinqində iştirak edir. Sözsüz ki, o, vətənpərvər deyilən cəmiyyətin gözü qarşısında Putinə qarşı bu kastinqdə qalib gəlir”, - Piontkovski “Telegram” kanalında belə yazıb.

Ekspert bildirir ki, Putinin nüfuzu sürətlə aşağı düşür və bu, ilk növbədə onu dəstəkləyənlər arasında baş verir:

“Hətta Putinçi Marqarita Simonyan da Putinə müraciət edərək deyir ki, insanlar onun vədlərindən beziblər".

Piontkovski əlavə edib ki, Putinə xəyanət etmək növbəti Rusiya liderinin gəlişini proqnozlaşdırmaqdır:

“Yoxsa Priqojın yaxın gələcəkdə öldürüləcək. Şoyqu və Gerasimovun hələ də bu tapşırığı yerinə yetirə biləcək xüsusi təyinatlıları var”.

Bir müddət öncə, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirilo Budanov bəyan etmişdi ki, Putinin “aşpazı” Yevgeni Priqojini fiziki olaraq zərərsizləşdirməklə hədələyirlər.

Budanovun sözlərinə görə, Rusiyada Priqojini sıradan çıxarmaq istəyən qüvvələr həddən artıq çoxdur, “Vaqner” şirkətinin liderinin siyasi gələcəyi bilavasitə onun fiziki sağ qalması ilə bağlıdır.

Mayın 9-da Priqojın Putinə ultimatum verib, Ukraynadakı cəbhədəki vəziyyətlə bağlı həqiqəti açıqlayacağı ilə hədələyib. Moskvada Qələbə paradının keçrildiyi bir vaxtda Yevgeni Priqojın mətbuat xidməti vasitəsilə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin onun qrupuna vəd edilmiş döyüş sursatını vermədiyini bildirən bir video yayımladı. O bildirib ki, tələb olunan silah-sursatın cəmi 10 faizinə malikdirlər.

Ukrayna hərbçiləri Baxmut istiqamətində cinahları yırırlar - deyən Priqojın əlavə edib ki, “Vaqner” mövqeləri tərk etməyin vətənə xəyanət kimi tanınacağını bildirən döyüş əmri alıb.

Lakin o deyib ki, döyüş sursatı olmadığı halda, vaqnerçilər yenə də öz mövqelərini tərk edəcəklər. Bu halda ukraynalılar Rostova qədər gələcəklər. Priqojın “Fakela” (“Qazprom”un muzdlu döyüşçüləri) döyüşçülərinin də öz mövqelərini tutmaqdan imtina etdiyini deyib.

“Bizdə hər zaman çəkişmələr olur. Bizdə Müdafiə Nazirliyinin əvəzinə "Çəkişmələr Nazirliyi" var. Ona görə də ordu qaçır”.

Priqojının açıqlaması onun Ukrayna cəbhəsindən çəkilməkdə israrlı olduğunu göstərir. Sadəcə, o, məsuliyyəti ölkə rəhbərliyinin üzərinə atmaq üçün əlverişli imkan gözləyir.

“Baxmutdan ayrılmayacağıq, daha bir neçə gün israr edəcəyik. Gözləyəcəyik, sonra anlayacağıq. Baxmutdan ayrılsaq, cəbhə dağılacaq və “şüyüdlər” Moskvaya gələcək”, - deyə o əlavə edib.

Müşfiq Abdulla
Cebhe.info