Paşinyan İrəvana “quyu qazır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya hərbi bazalarının ölkədə fəaliyyətinin davam etməsində heç bir üstünlük görmədiyini bildirib.
Bu barədə Nikol Paşinyan “Wall Street Journal” müsahibəsində deyib. Paşinyan bildirib ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirməyib. Qeyd edək ki, Ermənistanda 102-ci Rusiya hərbi bazası mövcuddur. Hazırda şəxsi heyətinin 4 000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir.
Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir.
Bundan başqa, Erbuni hərbi hava bazasında da Rusiya silahlı qüvvələri yerləşdirilib. Nikol Paşinyanın qeyd edilən açıqlaması onun Rusiya hərbi bazalarını Ermənistan ərazisindən çıxartmaq niyyəti kimi şərh edilib. Rəsmi İrəvanın Rusiya ilə münasibətlərinin gərginləşməsi fonunda Paşinyanın ifadələri Ermənistanın təhlükəsizliyini Qərb ölkələrinə həvalə etmək cəhdindən xəbər verir. Ancaq Ermənistan hakimiyyətinin Rusiya hərbi bazalarını ölkədən çıxartmaq imkanlarının nə qədər real olması suallar doğurur.
Mövcud situasiyada Nikol Paşinyanın belə bir qərar qəbul etmək istəyi Rusiya ilə qarşıdurmanın artmasına səbəb ola bilər. Bu isə Moskvanın Ermənistana hərbi və siyasi təzyiqlərinin güclənməsi ilə nəticələnəcək.
Ekspert Artur Sakunts Azadlıq radiosunun Ermənistan xidmətinə açıqlamasında Rusiyanın Qərbin casusu kimi təqdim etdiyi Ermənistana hansı cəzaları tətbiq edəcəyindən danışıb:
“Bu, məsələn, qaz tədarükünün dayandırılması və ya digər sanksiyalar ola bilər. Məsələn, bu, ikitərəfli ticarət münasibətlərində də ola bilər. Biz bilirik ki, Rusiyadan da kifayət qədər böyük həcmdə mallar və zəruri məhsullar gətirilir. Bu, onların yerli agentləri tərəfindən sabitliyi pozmaq cəhdləri, hətta çevriliş də ola bilər. Mən hətta müdaxilədən, Rusiya silahlı qüvvələrinin Rusiya hərbi bazası şəklində birbaşa müdaxiləsindən danışmıram. Hər şey mümkündür. Çünki biz ötən illər ərzində həm Gürcüstana, həm də Ukraynaya münasibətdə Rusiya tərəfdən hər şeyi görmüşük”,-deyə Sakunts bildirib.
Politoloq İlqar Vəlizadə “Cümhuriyyət” qəzetinə açıqlamasında Rusiyanın hərbi bazalarını Ermənistandan çıxartmağın mümkünlüyünə inanmadığını deyib:
“Paşinyanın sözləri bir istəkdir. Amma Rusiya ilə imzalanmış müqaviləyə görə, 2048-ci ilə qədər hərbi bazalar Ermənistanda qalmalıdır. Ona görə də bununla bağlı Ermənistan hakimiyyəti tərəfindən hər hansı qərarın çıxarılması gözlənilmir. Paşinyanın dedikləri, sadəcə olaraq ritorikadır. O, “Wall Street Journal” nəşrinə müsahibəsində amerikalıların xoşuna gəlmək üçün bu açıqlamanı verib. Lakin onun Rusiya hərbi bazalarını Ermənistandan çıxartmaq və real vəziyyəti dəyişdirmək imkanları yoxdur. Onun sözləri sadəcə olaraq mənasız ritorikadan başqa bir şey deyil. Paşinyan boş sözlər danışır”.
Qeyd edək ki, bəzi siyasi ekspertlər Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxması prosesinin son nəticədə hərbi bazaların da Ermənistanı tərk etməsi üçün başlanğıc rolu oynayacağını proqnozlaşdırır. Artıq sülhməramlıların Azərbaycan ərazisində fəaliyyəti məhdudlaşıb və onların bir qisminin Rusiyaya qayıtdığına dair məlumatlar var. Bu da öz növbəsində, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılacağı ilə bağlı ehtimalları gündəmə gətirir. İlqar Vəlizadənin sözlərinə görə, sülhməramlıları Ermənistandakı hərbi bazalarla əlaqələndirmək səhv yanaşmadır:
“Bunlar tamamilə fərqli məsələlərdir. Rusiya hərbi bazaları ikitərəfli müqavilələr əsasında Ermənistanda yerləşdirilib. Həmin sazişlər qanun şəklində parlamentdə ratifikasiya olunub. Bu bazaların statusu var. Sülhməramlı qüvvələr isə heç bir statusa malik deyil. Azərbaycan ərazisindəki Rusiya hərbi kontingenti regionda “xoşniyyətli” missiya yerini yetirir və belə də çıxıb gedəcəklər. Hərbi bazaların isə yurusdiksiyası fərqlidir. Bununla bağlı həm Ermənistan, həm də Rusiya qarşılıqlı hüquqi öhdəliklər götürüb.
Həmin öhdəliklərin yerinə yetirilməsi ilə bağlı şərtlər var. Sərhədçilərin yerləşdirilməsi ilə bağlı ayrıca sazişlər mövcuddur. Ona görə də “nağılbaz”ların danışdığı fikirlərin əsası yoxdur. Yəni məsələnin hüquqi-siyasi mahiyyətinə baxsaq, fərqli mənzərə yaranır. Ona görə də mən yaxın vaxtlarda ciddi addımların atılacağını düşünmürəm. Əgər Ermənistan tərəfindən belə bir addım atılsa, real problemlər yarana bilər. Yəni Paşinyan hakimiyyəti hərbi bazaları ölkədən çıxartmaq istəsə, Ermənistan üçün ağır nəticələri ola bilər”.
Politoloq bildirdi ki, Ermənistan Rusiya ilə sazişdən birtərəfli qaydada çıxa bilər. Amma bu, Ermənistan üçün təhlükəli nəticələr doğuracaq:
“Müqavilədən çıxmaq uzunmüddətli prosesdir. Digər tərəfdən, bu, Ermənistanın təhlükəsizliyi üçün problemlər yarada bilər. Yəqin müqavilədə Ermənistan üçün elə ağır şərtlər var ki, rəsmi İrəvan bu addımı atmır”.
İlqar Vəlizadə hesab edir ki, Qərb dövlətlərinin Ermənistanın təhlükəsizlik sahəsində Rusiyanı əvəz edəcəyinə dair Paşinyanın iddiaları əhəmiyyətsizdir:
“Fransa Ermənisanın təhlükəsizliyinə hansı töhfə verə bilər? Əlbəttə, bəzi silahlar sata bilər. Amma Ermənistan silahlı qüvvələri bu silahlara adaptasiya olunmalıdır. Onun istifadəsi ilə bağlı mütəxəssislər olmalıdır, ehtiyat hissələri gətirilməlidir. Yəni bu sistemləri bir-birilə əvəz etmək üçün uzunmüddətli kompleks işlər görülməlidir. Ermənistanın buna maddi imkanı da çatmaz. Paşianyan buna cəhd göstərə bilər. Amma bu cəhdlər ona baha başa gələr”.
Müşfiq Abdulla
Cebhe.info