Tramp prezident seçilərsə: Özünə qarşı müharibə başlayacaq

Tramp prezident seçilərsə: Özünə qarşı müharibə başlayacaq

Dünya ABŞ-də keçiriləcək seçkilərin  nəticələrini gözləyir, çünki bu seçkilərin nəticələri hadisələrin gedişatına aydınlıq gətirəcək.

ABŞ prezident seçkilərində Kamala Harris və Donald Tramp arasında seçim Ukrayna və onun Rusiya ilə münasibətləri üçün əsas əhəmiyyət kəsb edir. Reytinqlərə əsasən, hər iki namizədin qalib gəlmək şansı var. 

Müşahidəçilərin fikrincə noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələri ölkənin gələcək inkişafının istiqamətini müəyyənləşdirməklə yanaşı, Ukraynadakı müharibənin gedişatına da böyük təsir göstərəcək.

ABŞ Kiyevə hərbi kəşfiyyat məlumatı  və  175 milyard dollara yaxın maliyyə yardımı və silahlar təqdim edib.

Ekspertlər hesab edir ki, ABŞ-nin prezidenti kim  seçilsə, Ukraynanın taleyi onun əlində olacaq. Ağ Evin yeni sakini 2025-ci il yanvarın 20-də vəzifəyə başlayanda Rusiyanın Ukrayna ilə müharibəsi təxminən üç il davam edəcək. Bu halda  ABŞ-nin irəliyə doğru üç yolu var: Kiyevə yardımı kəsmək, status-kvonu saxlamaq və ya daha iddialı yanaşmaq. 

Demokratların namizədi və indiki vitse-prezident kimi Kamala Harris davamlı olaraq Ukraynanı dəstəkləyib və “nə qədər lazımdırsa” kömək vəd edib. O, çox güman ki, Kiyevə hərbi və maliyyə yardımı göstərməyə davam edəcək, həmçinin anti-Rusiya sanksiyalarını qüvvədə saxlayacaq. Ekspertlər deyirlər ki, Harris beynəlxalq təhlükəsizlik məsələlərində öz reputasiyasını gücləndirmək üçün daha sərt mövqe tuta bilər. 

Bu, ABŞ-nin Rusiya hədəflərinə qarşı uzaqmənzilli silahlardan istifadəsinə şərait yarada bilər.

Harrisdən fərqli olaraq, Donald Tramp münaqişəyə tamamilə fərqli yanaşma təklif edir. Onun müharibəni “24 saat ərzində” bitirmək vədi şübhəlidir. Eyni zamanda, Rusiyanın xeyrinə olacaq sülh sazişi üçün Ukraynaya əlverişsiz şərtlər təklif edə biləcəyi də gözlənilir. Tramp, həmçinin Avropanın Ukraynaya dəstək üçün daha çox məsuliyyət daşımasının zərurətinə işarə edib ki, bu da ABŞ-nin Kiyevə gələcək yardımı üçün risk yaradır.

Rusiya Donald Trampın seçkilərdə qalib gələcəyinə ümid edir. Bu, təkcə ona görə deyil ki, Tramp Putinə Ukraynada möhkəmlənməyə kömək edə bilər. Bu, həm də ona görədir ki, Tramp prezident olarsa, Amerika cəmiyyəti daha da parçalana bilər. Bu isə ABŞ-də demokratiyanı  pozar.
 
Sosioloji araşdırmalar göstərir ki, Amerika ictimaiyyəti münaqişədən yorulmağa başlayıb və bu, yeni prezidentin siyasətinə təsir edə bilər. Bu, Ukraynaya yardımla bağlı daxili fikir ayrılıqlarını gücləndirir və gələcək dəstəyi daha qeyri-müəyyən edir.

Rusiyalı politoloq, siyasi şərhçi, jurnalist, təbliğatçı Dmitri Suslov “Cebheinfo.az”-a bildirib ki, Tramp qalib gəlsə, öhdəliklərini və Avropadakı sərmayələrini zəiflətməyə, Çinlə mübarizə aparmaq üçün qüvvə və aktivlərini mümkün qədər Asiyaya, Sakit Okean regionuna səfərbər etməyə, Ukraynada müharibəni mümkün qədər tez bitirməyə çalışacaq:

 “Amma düşünürəm ki, Tramp bir neçə səbəbə görə  çox şey əldə edə bilməyəcək. Birincisi, o, Ukraynadakı müharibəni tez bitirə bilməyəcək. Çünki Rusiya  əsas prioritetlərini həll etmədən münaqışəni dondurmayacaq. Tramp administrasiyası neytral statusu müzakirə etməyə hazır olsa belə, Ukraynanın demilitarizasiyası və denosifikasiyası ilə qəti şəkildə razılaşmayacaq. Bu səbəbdən müharibə davam edəcək. 

İkincisi, Rusiyanın Trampın irəli sürəcəyi şərtləri qəbul etməməsi, ABŞ-nin Ukraynaya dəstəyi və Avropada mövcudluğunu davam etdirməsi müharibəni qaçılmaz edəcək. Buna görə də  Amerikanın Avropa təhlükəsizliyində rolu baxımından heç nə dəyişməyəcək”. 

Ekspertin sözlərinə görə, Avropanı tərk etmək kimi  xarici siyasət ideyasını həyata keçirmək Tramp üçün son dərəcə çətin olacaq. Çünki o, böyük daxili siyasi müqavimətlə üzləşəcək:
 
“Əgər bu seçkilərdə Tramp qələbə qazanarsa, 2016-cı ildə olduğundan daha böyük elitanın ona qarşı “müharibəsi” başlayacaq. “Dərin dövlət”, hakim elita və demokratlar Trampın  ABŞ  xarici siyasət ortodoksallığının çərçivəsindən kənara çıxan hər hansı addımının qarşısını almaq üçün əllərindən gələni edəcəklər. Buraya Avropanı tərk etmək də aiddir.

Bundan əlavə, Tramp prezident seçkilərində qalib gəlsə belə, Nümayəndələr Palatasında demokratların qələbəsi mümkündür. Bu səbəbdən də istənilən halda ABŞ-də parçalanmış hökumət olacaq. 

Bu isə Trampa inqilabi, radikal xarici siyasət ideyalarını həyata keçirməyə mane olacaq. 

Tramp qalib gəlsə, Transatlantik münasibətlərdə daxili  münaqişə kəskin şəkildə artacaq və böhran yaranacaq. Həmçinin, Avropa ölkələrinin daxili birliyi də zəifləyəcək. Tramp avropalılara qarşı sərt danışacaq, müəyyən mənada onlardan müdafiə xərclərinin, Ukraynanın müdafiəsinə xərclərin vəsaitin kəskin şəkildə artırılmasını tələb edəcək.  Müvafiq olaraq, ABŞ-nin dəstəyini azaltmaqda israrlı olacaq.

Tramp Avropa İttifaqına tariflər tətbiq edəcək və böyük ehtimalla ABŞ və Avropa İttifaqı arasında yeni ticarət müharibəsi başlayacaq”. 

Politoloq hesab edir ki,  Trampın ritorikası  problemləri daha da artıracaq. Bu isə  Avropa Birliyinə üzv olan ölkələr arasında fikir ayrılığını gücləndirəcək: 

"Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Trampın qələbəsi  Avropada sağ dalğanı gücləndirə bilər. Yəni,  Fransada Marin Le Pen, Macarıstanda Viktor Orban, İtaliyada Meloni kimi sağcı hökumətlər güclənəcək. 

Bütün bunlar isə Avropa ölkələri arasında fikir ayrılıqlarını artıracaq. Eyni zamanda,  Trampın qələbəsi Avropa İttifaqını daha çox Rusiyaya meyilləndirəcək. Amma o da ola bilər ki, Avropa İttifaqı Trampın qələbəsindən sonra anti-Rusiya mövqeyini daha da gücləndirəcək. Lakin  Avropada daxili parçalanmalar da güclənəcək. 

Beləliklə, Rusiya Avropa İttifaqının ayrı-ayrı üzv ölkələri ilə, məsələn, Macarıstan və ya Slovakiya ilə qarşılıqlı fəaliyyət perspektivləri arta bilər, lakin bu, bütövlükdə Avropa İttifaqı ilə olmayacaq"- deyə politoloq qeyd edib.

Səbinə Uğur
“Cebheinfo.az”