Sağlam cəmiyyət üçün təmiz ətraf mühit

Sağlam cəmiyyət üçün təmiz ətraf mühit

İSTİQAMƏT: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Sağlam cəmiyyət üçün təmiz ekologiya ən vacib amillərdən hesab olunur. Azərbaycanda da ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli dövlətin prioritet məsələlərindəndir.

Ölkəmizdə ekoloji maarifləndirmə tədbirlərinin artması, ətraf mühitin mühafizəsi ilə bağlı görülən tədbirlər müsbət nəticəsini verir. Amma bu istiqamətdə müəyyən problemlər də var.

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, insan yaşayışı üçün nə lazımdırsa – hava, su, maddi nemətlər, sənaye üçün xammal və s. hamısını canlı təbiətdən alırıq:

“Yüz illər ərzində təbii sərvətlərdən kortəbii istifadə olunması ətraf mühitin korlanmasına səbəb olub. Ötən əsrin 50-ci- illərindən başlanmış elmi-texniki tərəqqi nəticəsində bəşəriyyət irəliyə doğru xeyli məsafə qət etdi. Lakin buna paralel olaraq ekologiyanın pozulması da müşahidə olunurdu. Son illər qlobal miqyasda və ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı təşəbbüslər artıb. Bu, qlobal ekoloji böhranın verdiyi fəsadlarla bağlıdır. Qlobal güclər, beynəlxalq təşkilatlar qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması istiqamətində fəaliyyəti gücləndirib. Dünya əhalisinin sayı artdıqca, insanların ərzaqla təminatı problemi ortaya çıxır. Əhali artımı sənaye müəssisələrinin, kənd təsərrüfatı sahələrinin genişlənməsinə rəvac verir. İstehsal müəssisələri, otlaq və örüşlər, əkin sahələrinin genişlənməsi təbii yaşıllıqlar, meşələrin azalması hesabına baş verir. İri meqapolislərin yaranması, dağ mədən sənayesinin fəaliyyəti su resurslarının- çayların və dənizlərin ağır sənaye tullantıları ilə çirklənməsinə gətirib çıxarır”.

QHT sədri əlavə edib ki, ətraf mühiti korlayan amillərdən biri də meşə yanğınlarıdır:

“Çox təəssüf ki, bir sıra ölkələrdə “planetimizin ağciyəri” sayılan meşələrin bu və ya digər səbəblərdən yanaraq məhv olması müşahidə edilir. Bəzi hallarda bu yanğınlar təbii hadisələr üzündən- zəlzələ, ildırım çaxması, vulkan püskürməsi nəticəsində baş verir. Bir sıra hallarda isə meşə yanğınlarının səbəbi subyektiv amillərlə izah edilir. Yəni antropogen təsirlər meşə zolaqlarının sıradan çıxmasına səbəb olur. Hər il isti aylarda ABŞ, Rusiya, Çin, Hindistanda milyonlarla hektar meşə sahəsi yanaraq məhv olur. Meşə və yaşıllıqlar əsasən mebel sənayesi ilə məşğul olan işbazların, tikinti maqnatlarının güdazına gedir. Müasir dünyamızda ətraf mühiti çirkləndirən əsas amillərdən biri də iri şəhərlərdə daxili yanma mühərrikləri ilə işləyən avtomobillərin çoxluğudur. Sirr deyil ki, bu cür avtomobillər ətraf mühitə daha çox zəhərli qazlar atırlar. Son illə Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərimiz də bu problemdən əziyyət çəkir”.

Ekspertin fikrincə, vəziyyətdən çıxış yolu istifadə müddəti bitmiş köhnə avtomobillərin tədricən qadağan olunmasıdır:

“İstifadə müddəti bitmiş, qəzalı avtomobillər, avtobuslar tədricən elektromobillərlə əvəz edilməlidir. Ölkəyə elektromillərin gətirilməsinə görə rüsumlara tətbiq edilən güzəştlər təqdirəlayiqdir. Hesab edirəm ki, aiddiyyati qurumlar avtomobil satışı ilə məşğul olan sahibkarları bu işə daha çox həvəsləndirəcək qərarlar verməlidir. Bakının nəqliyyat infrastrukturu yenidən qurulur. Yaxşı olar ki, bu layihələr yaşıl texnologiyalara əsaslansın. Bakıda sərnişindaşımada dəniz nəqliyyatından istifadə üçün şərait var. Zığdan şəhərin Səbail rayonuna gəmi və katerlərlə sərnişindaşıma həyata keçirmək olar. Bunun üçün müvafiq infrastruktur yaradılmalıdır. Tramvay xəttlərinin bərpası günün vacib tələbidir. Bakının relyefi funikulyor kabel dəmiryolu sistemini genişləndirməyə imkan verir. Bakıətrafı qəsəbələri şəhərlə birləşdirən elektrik qatarları xəttə buraxılmalıdır”.

E.Cəfərli hesab edir ki, ətfaf mühitin qorunması ilə bağlı geniş maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var:

“Mətbuat, televiziyalar, vətəndaş cəmiyyəti bu işdə öndə olmalıdır. İnkişaf etmiş ölkələrdə ekoloji tərbiyə erkən yaşlarda başlanır. Bizdə də orta məktəblərdə şagirdlərdə ekoloji şüurun formalaşdırılmasına aşağı siniflərdən başlamaq olar. Xüsusilə piknik mövsümündə meşə zolaqlarının yanğından mühafizəsini gücləndirmək üçün maarifləndirici tədbirlərin artırılması tələb olunur. Bununla əlaqədar sosial çarxlar hazırlanmalı, televiziyalarda, insanların gur toplaşdığı yerlərdə quraşdırılan monitorlarda yayınlanmalıdır”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

“Cebhe.info”