Demoqrafik durum: Problemlər də var, ciddi işlər də görülür

Demoqrafik durum: Problemlər də var, ciddi işlər də görülür

İSTİQAMƏT: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Gender, ailə və demoqrafiya məsələlər bütün zamanların ən aktual müzakirə mövzularından biridir.

Bu sahədə problemlərin olduğu heç kimə sirr deyil. Eyni zamanda mövcud problemlərin aradan qaldırılması ilə bağlı da işlər aparılır. Bu məsələdə dövlət öz üzərinə düşən işləri görür. Amma bu, problemlərin aradan qaldırılması üçün yetərli hesab olunmur.

Bu məsələdə əsas iş vətəndaş cəmiyyətinin üzərinə düşür. Xüsusilə də maarifləndirmə  işinin təşkili və aparılması istiqamətində vətəndaş cəmiyyəti əsas dayaq nöqtəsi hesab olunur.

Mövzu ilə bağl “Cebhe.info”ya danışan "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə İsmayılova deyib ki, gender ifadəsi işlənən zaman niyəsə insanların təsəvvüründə yalnız qadın obrazı canlanır:

“Sanki gender dedikdə yalnız qadın və qadın hüquqları başa düşülür. Lakin bu belə deyil. Ümumiyyətlə, gender bir termin olaraq son zamanlar çox istifadə olunur. Bunun da mənası qadın və kişilərin hüquqlarının bərabər olmasıdır.

Klassik Azərbaycan ailəsi qədimdən bu günə qədər ailə dedikdə qadın, kişi və uşaqlar, eyni zamanda digər ailə üzvləri nəzərdə tutulur. Əslində isə ailə bir institutdur və münasibətlər, birgəyaşayış nəzərdə tutulur. Eyni zamanda cütlüklərdən dünyaya gələn övladlar da bu institutun bir tərəfidir.

Ailə institutunun demoqrafiyaya təsir edən həm müsbət, həm də mənfi tərəfləri var.

Düşünürəm ki, niyəsə hər zaman bu məsələdə müsbət tərəfə yox, mənfi amillərə nəzər yetirilir. Müsbət tərəf ondan ibarətdir ki, əgər biz ailəni bütöv saxlamaq, düzgün münasibətlər qurmaq istəyiriksə, orada demoqrafik məsələyə də düzgün yanaşmaq lazımdır.

Məsələn, ailədə olan uşaqların sayı, onların tərbiyəsi və təhsili, bir sözlə ailə institutunun demoqrafik məsələyə birbaşa təsiri var”.

N.İsmayılova qeyd edib ki, demoqrafiya deyəndə cəmiyyətdə insanların, çoxuşaqlı ailələrin sayının azalaması kimi qəbul olunur:

“Ümumi götürsək, demoqrafik məsələlər hər dünya ölkəsinin özünün xüsusiyyətlərinə görə dəyişir. Deyək ki, Avropa ölkələrində bu məsələlər bir cür, Şərq ölkələrində isə tamamilə başqa yolla həll olunur. Biz həm Avropa, həm də Şərqə yaxın olan ölkəyik. 

Son zamanlar isə özümüz də müşahidə edirik ki, əhalinin sayında artım var. Son statistik məlumatlara görə, əhali sayı əvvəlki illərə nisbətən daha çox artıb. Bu isə yaxşı haldır. Çünki əhalinin artması dövlətin də güclənməsi deməkdir.

Eyni zamanda cəmiyyətdə və mediada müzakirə olunan məsələlərə baxdıqda, görürük ki, cəmiyyətdə çoxuşaqlı ailələrin sayı azalıb. Bu isə həm təbii, həm də süni şəkildə baş verir. Ümumilikdə bu insanların dünyagörüşündən və öz həyat tərzlərini necə qurmalarından asılı olan məsələdir. Gənclər əsasən ailə planlamasını büdcələrinə uyğun edirlər.

Amma bu məsələdə daha fərqli problemlər ön plana çıxır. Məsələn, selektiv abortlar, urbanizasiya halların da geniş yayılması bu məsələyə ciddi təsir edir. Xüsusilə urbanizasiya hallarının qarşısının alınması üçün müəyyən işlər görülür, amma hələ də bu məsələdə müəyyən problemlər qalaqdadır. Bu məsələnin həlli üçün ilk növbədə bölgələrdə müəyyən işlər görülməlidir ki, urbanizasiya halları ciddi şəkildə azalsın. Bu da ilk növbədə məşğulluq məsələsi ilə bağlıdır”.

N.İsmayılova əlavə edib ki, demoqrafik problemlərin ən başlıca səbəblərdən biri boşanmaların sayının artması və yaşlı nəsilinin çoxalmasdır:

“Bu cür səbələri kifayət qədər artırmaq olar. Məsələn, məişət problemləri, mənəvi məsələlər, iqtisadi və sosial durum da bu problemlərin artmasına səbəb olan məqamlardır. Bu problemlərin aradan qaldırlması üçün ilk növbədə maarifləndirmə işinin aparılması vacibdir. 

Bu məsələdə vətəndaş cəmiyyəti böyük rola malikdir. Təbii ki, dövlət bu istiqamətdə öz işini görür. Amma QHT olaraq bizim də üzərimizə böyük iş düşür ki, onlarından da birincisi maarifləndirmə işinin aparılmasıdır. Müxtəlif QHT-lər həyata keçirdikləri layihələrlə maarifləndirmə işini aparır. 

Lakin hər bir iş görüldükdə onun kökündə maliyyə dayanır. Amma QHT könüllülük prinsipi ilə fəaliyyət göstərən vətəndaş cəmiyyət institutudur. O baxımdan QHT-lər iştirak etdiyi bütün tədbirlərdə, məhəllədə, ailədə, qohum-əqraba arasında maarifləndirici işini görməlidir. 

Əslində Azərbaycan bu istiqamətdə durum acınacaqlı vəziyyətdə deyil, bir sıra ölkələrlə müqayisədə bizdə mövcud durum qənaətbəxşdir. Ona görə də maarifləndirmə halın da qənaətbəxş hesab edirəm. Müəyyən problemlər var, amma bu o demək deyil ki, bu problemlərin həlli yoxdur”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebhe.info”