Paşinyan müharibəni sonraya saxlayır: İrəvan 1975-ci ildən aldığı torpaqları geri qaytarmasa...

Paşinyan müharibəni sonraya saxlayır: İrəvan 1975-ci ildən aldığı torpaqları geri qaytarmasa...

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı delimitasiya prosesi çərçivəsində Azərbaycana qaytarılmalı ərazilərin konkret adlarını çəkib və Qazax rayonu istiqamətində sərhəd xəttinin gələcək təsvirini verib:

“Biz deyirik ki, Ermənistan hökuməti coğrafi zonanın müəyyən edilməsi üçün növbəti məntəqədə Ermənistan və Azərbaycan arasında delimitasiyaya başlamağa hazırdır. 

Ermənistan Respublikası tərəfindən bizim çıxmaq istədiyimiz ərazi kənd deyil, kəndin qarşısındakı sərhəddir”. 

O, müxalifətin Tavuş rayonunun 4 kəndinin Azərbaycana verilməsi ilə bağlı iddialarını təkzib edərək, müzakirə olunan ərazilər arasında belə yaşayış məntəqələrinin olmadığını bildirib. “Bu sahə öz spesifikliyinə və demarkasiyasına görə ən çətin ərazidir. Ermənistan hökuməti bu ərazidən delimitasiya prosesinə başlamağa hazırdır”, - deyə hökümət başçısı bəyan edib. Onun sözlərinə görə, bu hissədə Ermənistan tərəfdə Bağanıs kəndi, Azərbaycan tərəfdə isə Bağanıs Ayrım kəndi yerləşir.

Bunlar isə fərqli kəndlərdir. “Ermənistan tərəfində olan Voskepar kəndi qarşısında, sərhəddə azərbaycanlıların Aşağı Əskipara yaşayış məntəqəsi var. Ermənistanın Kirants kəndinin qarşısında Azərbaycanın Xeyrimli, Ermənistan tərəfdən Berkaberin qarşısında isə Qızıl Hacılı kəndi yerləşir.

Eyni zamanda, Qızıl Hacılı həm bu gün, həm dünən, həm də 20 il əvvəl Azərbaycanın nəzarətində olub.

Ermənistan hökuməti istəsə belə, onu təslim edə bilməz, bu yaşayış məntəqəsi həmişə Bakının nəzarətində olub”, - deyə Paşinyan vurğulayıb. Bundan əlavə, hökumət başçısının sözlərinə görə, Aşağı Əskipara kəndi də Azərbaycanın nəzarətindədir. 

Paşinyan vurğulayıb ki, delimitasiya zamanı Voskepar kəndinin təhlükəsizlik məsələləri müzakirə olunur:

“Bundan başqa, həmin kəndlərin qeyri-anklav olduğunu demək istəyirəm. Biz qeyd etmişik ki, sərhədin demarkasiyası prosesinə siyasi dəstək Almatı Bəyannaməsidir. İndi bizim qarşımızda Ermənistan və Azərbaycan SSR arasında 1991-ci ildə mövcud olan sərhədin mövcudluğunun hüquqi əsaslarını müəyyən etmək dayanır. Xəritələrin özü hüquqi bazanı təkrarlayır. Ermənistan sovet respublikalarının səlahiyyətli orqanlarının qəbul etdiyi qərarlar, topoqrafik xəritələr və sənədlər əsasında bu ərazidə tam demarkasiya aparmağa hazırdır”.

Baş nazir Ermənistan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyanın bu məsələ bağlı fikirlərinə belə cavab verib. “Yəni Ermənistan tərəfdən Bağanisdən başlayıb Berkaber (Bibiş) məntəqəsində bitən bir hissədən söhbət gedir. Biz bu məntəqəni birinci bölgü kimi təyin etməyə hazırıq. Bu, sərhəddin bir hissəsi kimi demarkasiyaya aiddir. Bəs biz Berkaber ərazisinin bir hissəsinin hazırda Ermənistanın nəzarətində olmayan, 31 anklav olmayan kənddən biri olduğunu başa düşürükmü?”,-deyə Paşinyan qeyd edib. 

Baş nazirin sözləri Ermənistan hakimiyyətinin Qazax rayonunun dörd anklav olmayan kəndinin Azərbaycana qaytarılması ilə bağlı özünəməxsus mövqedən çıxış etdiyini göstərir. Ermənistan ilk növbədə, Qazax rayonu ilə sərhədin delimitasiyası və demarkasiyasını 1991-ci il Almatı Bəyannaməsi əsasında aparılmasını təklif edir. 

Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndlərinin qaytarılması müqabilində də Qazax istiqamətində sərhədin 1991-ci il xəritələrinə uyğun aparılması şərtini irəli sürür. Halbuki, bu məsələyə dair Ermənistan özü də paradoksal mövqe nümayiş etdirir. Çünki Sovet səlahiyyətli orqanları tərəfindən sonuncu dəfə topoqrafik xəritələr 1975-ci ildə tərtib edilib. 1982-1984-cü illərdə isə Qazax rayonunun 2000 hektara yaxın torpaq sahəsi qanunsuz olaraq Ermənistana verilib. Bu ərazi dəyişikliyi Azərbaycan SSR-in və Ermənistan SSR-in həmin dövrə aid siyasi-inzibati və coğrafi xəritələrində öz əksini tapsa da topoqrafik xəritələrdə əks olunmayıb. 

Ona görə də sərhədlər sonuncu topoqrafik xəritələr əsasında müəyyən olunarsa, o zaman Ermənistan 1975-ci ildən sonra aldığı əraziləri də geri qaltarmalıdır. Ermənistan mediasının  2023-cü ildə yazdığına görə, təxminən 20 il əvvəl tarix elmləri doktoru Amatuni Virabyan Moskvada Sovet İttifaqı Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi xəritələrini əldə edib. Onlar müxtəlif  illərdə, lakin əsasən 70-ci illərdə nəşr olunub. Bunlar sonuncu xəritələrdir. Kartoqraf  Ruben Qalçyanın qovluğunda və kompüterində Sovet İttifaqı Silahlı Qüvvələri Baş Qərargahının 1974-cü ilə aid 250-yə yaxın hərbi xəritəsi var. Qalçyan ehtimal edir ki, Baş nazir Paşinyan məhz bu sərhədlərdən danışıb:

“Bu xəritələr əsasında biz müstəqillik əldə etdik. 1991-ci ilə qədər bu sərhədlər dəyişməyib”. 

Qalçyan qeyd edir ki, Tavuşda Ermənistan-Gürcüstan dövlətlərarası sərhədinin keçdiyi 7 boşaldılmış (işğal edilmiş-red.) kənd və Zəngəzura gedən magistral yolda indi ermənilərin yaşadığı Kərki kəndi yerləşir. Qeyd edək ki, 1970-ci illərə dair topqrafik sənədlər əsasında tərtib olunmuş 1991-ci il xəritələri üzrə sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin aparılması işğal altındakı kəndlərin qaytarılması deməkdir. Buraya anklav olan və olmayan bütün yaşayış məntəqələri daxildir.

Ancaq Ermənistan 1991-ci il xəritəsində israr etməklə iki məqsədə nail olmaq istəyir.
 
Birincisi, Ermənistan Almatı Bəyannaməsini imzaladıqdan sonra Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlamaqla özünün şərq sərhədlərindən, həm də sözügedən sənəd üzrə götürdüyü öhdəliklərdən imtina edib. Bu isə Azərbaycana sərhədlərin yenidən çəkilməsini tələb etmək üçün hüquqi əsas yaradır. Ona görə də Ermənstan Almatı Bəyannaməsini gündəmə gətirməklə 1991-ci il sərhədlərinin Azərbaycan tərəfindən de-yure tanınmasına nail olmaq istəyir. Bununla da Ermənistan sərhədlərin yenidən çəkilməsi prosesinin qarşısını almağa çalışır. 

İkincisi, Ermənistan Sovet dövründə Azərbaycandan qanunsuz yolla əldə etdiyi əraziləri nəzarətində saxlamaq istəyir. Üstəlik, Ermənistanın konstitusiyasında və digər hüquqi-normativ aktlarda Azərbaycana qarşı ərazi iddiaları yer alır. Əgər rəsmi İrəvan həmin müddəlara xitam verməsə, Qarabağa, həmçinin, 1990-cı ildə işğal edilmiş Kərki və Bağanıs Ayrım kəndlərinə ərazi iddiasını davam etdirə bilər. Bu halda, Azərbaycanın 1991-ci il xəritələrini qəbul etməsi ölkənin ərazi bütövlüyünə və suverenliyi üçün təhlükə deməkdir. Hətta Paşinyan bu gün de-fakto güzəştə getsə belə, qanunvericilik bazasında ərazi iddiasının qalması gələcəkdə hakimiyyətə gələcək siyasi qüvvələrin manipulyasiya etməsi üçün əsas yaradır. Ona görə də Azərbaycanın 1975-ci ildən sonra Ermənistana verilmiş torpaqları, o cümlədən Sovet dövründə Qazax rayonundan alınmış əraziləri qaytarmağı tələb etmək hüququ var. Sovet dövründə mövcud olmuş inzibati sərhədlərin dövlət sərhədi kimi tanınmasına dair Azərbaycan və Ermənistan arasında qarşılıqlı öhdəlik yaradan müqavilə-hüquq bazası yoxdur.

Paşinyan isə “Xəritələrin özü hüquqi bazanı təkrarlayır”deməklə bu cür müqavilədən yayınmağa, delimitasiya və demarkasiya üçün Almatı Bəyannaməsini əsas sənəd kimi təqdim etməyə çalışır. Halbuki, Ermənistan qonşu Gürcüstanla 219 km-lik sərhədin müəyyənləşməsində Almatı Bəyannaməsinin hüquqi baza kimi götürülməsini təklif etmir. Ermənistanla Gürcüstan bu prosesdə sərhədlərin delimitasiyası və demarkasiyasına dair 1995-ci ildə hökumələrarası komissiyanın yaradılmasına dair müqaviləyə üstünlük verir. Son vaxtlar isə Paşinyan mübahisəli sərhəd ərazilərini güzəştə gedib. Daha doğrusu, Ermənistan hakimiyyəti Gürcüstana olan ərazi iddiasından imtina edib. Azərbaycana gəldikdə isə Paşinyan hökumətinin sərhədlərin Almatı Bəyannaməsi əsasında müəyyənləşməsində israr etməsi Ermənistanın iddialarından tam əl çəkmədiyini göstərir. 

Müşfiq Abdulla 
“Cebhe.info”