İnkişafa mane olan ekoloji terror

İSTİQAMƏT: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi
Ekoloji mühitin sağlam olmaması cəmiyyətin problemsiz yetişməsində ciddi maneədir.
Bu baxımdan ekoloji sahə dövlətin əsas prioritetlərindədir. Bu istiqamətdə də ciddi işlər görülüb və ardıcıl olaraq da davam etdirilir. Xüsusi olaraq, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və digər istiqamətlərdə görülən işlər artıq müsbət nəticələrini verib.
Amma ölkədə hazırda ekoloji cəhətdən çirklənmiş bölgələr də var. Xüsusilə də işğaldan azad olunmuş ərazilərdə ermənilərin törətdiyi ekoji terror bu gün də özünü ən pis tərəfdən göstərir. 2020-ci ilin 10 noyabrdan sonra postmüharibə dövründə Azərbaycan Qarabağda apardığı tikinti-quruculuq işləri ilə yanaşı, ekoloji terrorun da nəticələrini aradan qaldırmaqla məşğuldur. Bu istiqamətdə də dövlət ən yüksək səviyyədə iş aparır. Prezident İlham Əliyev hələ 2020-ci ilin 23 noyabrda, müharibədən qısa zaman sonra xalqa müraciətində Ermənistanın törətdiyi ekoloji terror haqqında danışmışdı.
“Bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Baxın, Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur”,-deyə Prezident İlham Əliyev xalqa müraciətində vurğulamışdı.
“Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşü zamanı da Prezident İlham Əliyev məhz bu məqama xüsusi olaraq toxunmuşdu:
“Biz çaylarımızdan məhrum olmuşduq, çünki 30 il ərzində yazda, yayda suya ehtiyacımız olanda Ermənistan Tərtər çayının qarşısını kəsərək quraqlıq yaradırdı. Qışda isə çayı açıb, sel yaradırdılar. Bu, əsl ekoloji terror idi”.
Hazırda da Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında ekoloji terrorun izləri qalmaqdadır. Dövlət bu izləri silmək üçün ciddi şəkildə iş aparır, müxtəlif layihələr, proqramlar icra edir. Bütün bunlarla yanaşı, paytaxt Bakıda və bölgələrdə də görüləcək işlər var. Əsasən yaşıllıqların qorunması, o cümlədən təmizliklə bağlı müəyyən problemlər var ki, onların da aradan qaldırılması üçün işlər aparılır.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, bu gün dünyada və ölkəmizdə əsas aktual ekoloji problem içməli su və təmiz hava məsələsidir:
“Şəhərlərin artması, sənaye və kənd təsərrüfatı sahələrinin genişlənməsi bu problemlərin də miqyasını böyüdür. Dünya əhalisi artır. Əhalinin artması onların qida ilə təminatı məsələsini aktuallaşdırır. Ərzaq istehlakçılarının artması istehsal sahələrinin genişlənməsini vacib edir. Yeni sənaye müəssisələri, əkin sahələrinin yaranması çox təəssüf ki, təbii yaşıllıq sahələrinin məhvi, meşələrin azalması hesabına baş verir. Məsələn, 1988-ci ildə Azərbaycanın əhalisi 7 milyon idi, bu gün 10 milyondan çoxdur.
Urbanziyasiya və hərbi toqquşmaların yaratdığı miqrasiya hesabına şəhər əhalisinin sayı artıb. Bu gün ölkə əhalisinin əsas hissəsi Bakı və Abşeronda cəmləşib. Bir zamanlar müttəfiq Sovet respublikalarından biri Azərbaycanın mərkəzi olan 1 milyonluq Bakı bu gün müstəqil dövlətin paytaxtıdır və əhalinin sayı azı 3 dəfə artıb. Yeni yaşayış massivləri yaşıllıqların məhvi hesabına həyata keçirilir. Bir zamanlar əkin üçün yararlı olan torpaqlarda bu gün “göydələn”lər, villalar ucalır, fərdi yaşayış evləri tikilir. Azərbaycanda əhalinin yerləşməsi məsələsində disbalans Abşeron yarımadasının ziyanına pozulub. Abşeronda içməli su qaynaqları azdır. Yarımadada yerləşən şəhər və qəsəbələrin içməli su təminatı əsas transsərhəd Kür, Araz və Samur çayları vasitəsilə təmin edilir.
Lakin bu çaylar mənbəyini başqa ölkələrdən götürür və bizə çatana qədər kifayət qədər çirklənməyə məruz qalır. Ölkəmizin sağlam ekoloji mühiti üçün qarşıda duran mühüm vəzifə paytaxtın yükünün azaldılmasıdır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan silahlı qüvvələri 26 il işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur torpaqlarını erməni işğalından azad etdi. Bu bölgələrdə xeyli filiz yataqları, su resursları mövcuddur. Həmin bölgələrdə yeni iş yerləri yaradılsa, ölkə əhalisinin, xüsusən gənc ailələrin həmin əraziləri miqrasiyası üçün stimullaşdırıcı sosial paketlər elan olunsa düşünürəm ki, paytaxt Bakının yükü azalar.
Bakıda yerləşən ali məktəblərindən bəzilərini həmin bölgələrə köçürmək olar. İşğaldan azad edilmiş bölgələrimiz əhali ilə məskunlaşmalı, lakin ora aqrar zonaya çevrilməməliidir. Orada elm və təhsil mərkəzləri yaradılmalı, ziyalı potensialı formalaşdırılmalıdır. Paytaxt Bakıda göydələnlərin tikintisi tamamilə dayandırılmalıdır. Atmosferi saysız-hesabsız avtomobillərdən atılan tullantılarla çirkləndirilən, ekoloji fəlakət zonasına çevrilməkdə olan Bakını xilas etmək lazımdır. Bir sözlə miqrasiyanın istiqaməti şərqdən qərbə dəyişdirilməlidir”.
QHT sədri əlavə edib ki, Abşeronda yerləşən şəhər və qəsəbələrə işğaldan azad edilmiş zonalardan su xəttlərinin çəkilməsi günün vacib tələblərindən biridir:
“Su çatışmazlığı qlobal miqyas alıb. Artıq ekspertlər yaxın gələcəkdə su müharibələrinin olacağına dair həyəcan təbili çalırlar. Qarabağda su resursları xeyli dərəcədə çirkləndirilib. Su resurslarımızın təmizlənməsi, ondan səmərəli istifadənin təşkil olunması günün vacib tələblərindəndir. Bu arada Ağdərə ərazisində yerləşən Sərsəng su anbarının təcili restavrasiyasına ehtiyac var. Bir zamanlar 6 rayonumuzu suvarma suyu ilə təmin edən bu anbar hazırda baxımsız qalıb və anbarda suyun daşması hər an bölgədə ekoloji fəlakət doğura bilər. Anbarın bəndləri, divarları ciddi aşınmaya məruz qalıb və yenilənməsi lazımdır.
Erməni işğalçılarının son 30 ildə barbarcasına məhv etdiyi meşə sahələrimiz bərpa olunmalıdır. ümumiyyətlə yaşıllaşdırma, ağacəkmə bütün ölkəboyu kampaniyaya, ümummilli işə çevrilməlidir. Özəlliklə Bakı və Abşeronda hündürmərtəbəli binaların tikinsi dayandırılmalı, yarımadanın daha artıq yüklənməsinə imkan verilməməlidir. Bakıda sökülməsi planlaşdırılan “stalinka”, “xruşşovka”ların, köhnə tikililərin yerində istirahət parklarının yaradılması yaxşı olardı”.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info