Tarixi Qarabağ Zəfəri: Həm də mənəviyyatın qələbəsi oldu

Tarixi Qarabağ Zəfəri: Həm də mənəviyyatın qələbəsi oldu

İSTİQAMƏT: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan müstəqillik qazanandan bir millət, dövlət kimi formalaşması o qədər də çətin olmadı. Siyasi məsələlərdə problemlər olsa da, mənəvi baxımdan Azərbaycan xalqı hər şeyə hazır idi. Müstəqil olmaq üçün 70 illik bir imperiyanın qarşısına əliyalın çıxan xalq istəyinə nail oldu.

Xatırlatma üçün qeyd edək ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə bərpa etdi. 1991-ci il oktyabrında Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası 4 gün müzakirələr apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Müstəqilliyin ilk illərində Azərbaycan çətin siyasi dövr keçdi. Hakimiyyət böhranı, Qarabağın işğalı, dövlət büdcəsində vəsaitin olmaması və digər problemlər həmin dövrün ən böyük problemləri kimi tarixdə qaldı. Amma güclü Azərbaycan xalqı bu problemlərin də öhdəsindən gəldi və nəhayət yenicə müstəqillik qazanmış ölkə inkişaf mərhələsinə qədər qoydu.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan inkişaf mərhələsinə 1994-cü ildən başladı və bu proses ardıcıl olaraq davam etdi. Sürətli inkişaf bugünkü güclü Azərbaycanın təməl daşları oldu. Belə ki, 1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin müqaviləs”i bağlandı. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, UNOCAL, ARDNŞ, “Lukoil”, “Statoil”, “Exxon”, Türkiyə Petrolları, “Pennzoil”, ITOCHU, “Ramco”, “Delta”) iştirak etdi. Bu, Azərbaycanın iqtisadi baxımdan inkişafında əsas rolu oynayan faktor idi. Bununla da Azərbaycan yenidən dirçəlməyə başladı. Neftdən gələn pullar ordu quruculuğuna, sənayenin inkişafına, strukturun bərpasına, iqtisadiyyatın şaxələndirilməsinə və digər prioritet sahələrə yatırıldı. İqtisadi inkişafın gətirdiyi üstünlüklər digər sahələrin də sürətli şəkildə müsbətə dorğu dəyişməsinə gətirib çıxardı. Bütün bu inkişafın fonunda isə milli problemimiz olan Qarabağ hələ işğal altında idi.

2000-ci illərdə hərbi sahəyə ayrılan xüsusi diqqət, ordunun güclənməsi, diplomatik gedişlər bu problemin həll olunmasına yetmirdi. Beynəlxalq təşkilatların, xüsusilə də Azərbaycan və işğalçı Ermənistan arasında vasitəçilik missiyası aparan ATƏT-in Minsk Qrupu fəaliyyətsizliyi Qarabağ problemini ölü nöqtədən çıxmasına imkan vermirdi. Digər tərəfdən dünyanın ən böyük beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı (BMT) qəbul etdiyi 4 qətnamənin icrasını təmin etmədi və ya təmin etmək istəmədi. Bütün bunlar Qarabağ probleminin həllinin yalnız hərbi yolla mümkünlüyünü göstərirdi. Dəfələrlə Azərbaycan ən yüksək səviyyədə bu amili dünyanın diqqətinə çatdırırsa da, dünya bunu eşitmək istəmirdi. Nəhayət, 2020-ci ilin 27 sentyabrda güclü Azərbaycan öz işini özü görməyə başladı və 44 gün ərzində Qarabağı erməni işğalından azad etdi. 2020-ci ilin 9 noyabrda Ermənistanın kapitulyasiya aktına imza atması ilə bitən müharibə Azərbaycanın tarixi qələbəsi oldu.

Artıq müstəqil olmaqla yanaşı, həm də bütöv Azərbaycan dünya tərəfindən daha fərqli, güclü dövlət olaraq qəbul olunur. Bütün bunların kökündə isə Azərbaycan xalqının var olduğu dövrdən bu günə qədər milli adət-ənənələrini qoruyub saxlaması dayanır. ümummilli lider Heydər Əliyev deyirdi:

“Milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini, həyat durduqca yaşamasını hər bir azərbaycanlının əsas vəzifəsidir. Bizim hamımızın bir Vətəni var-bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır".

Müstəqilliyin ilk illərindən bu məsələ dövlət üçün prioritet hesab olunub. SSRİ dövründə də xalq milli-mənəvi dəyərlərinə sahib çıxıb, qoruyub saxlayıb. Prezident İlham Əliyev çıxışlarında Azərbaycan xalqının öz dəyərlərinə hər zaman sadiq olduğunu vurğulayıb və dövlətin də bu istiqamətdə ardıcıl siyasət apardığını qeyd edib:

“Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”.

Bütün bunlar onu göstərir ki, bütün dövrlərdə milli adət -ənənələrin qorunmas Azərbaycan üçün prioritet məsələ olub. Azərbaycanın bütün uğurlarının, o cümlədən tarixi Qarabağ Zəfərinin kökündə məhz milli adət -ənənələrin, milli-mənəvi dəyərlərin qorunması dayanır.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

Cebhe.info