Qış yuxusundan ayılan ilanlar: Son bir ayda...

Qış yuxusundan ayılan ilanlar: Son bir ayda...

Son günlər ilan sancması ilə bağlı xəstəxanalara müraciətlərin çoxaldığı bildirilir.

Belə ki, havanın isinməsi ilə birlikdə Salyan rayonunda ilanların fəallığı xeyli artıb. Sakinlərin dediyinə görə, xüsusilə uşaq və yaşlıların təhlükə ilə üzləşməsi narahatlıq doğurur.

Bəs ilanlar niyə bu qədər tez aktivləşiblər? Son bir ayda ilan sancması ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı nə qədərdir?

Bununla bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov “Cebheinfo.az”a bildirib ki, indiyədək ilan sancması ilə bağlı xəstəxanaya cəmi 6 nəfər müraciət edib:

“Aprel ayında 4 nəfər, may ayında isə 2 nəfər ilan sancması ilə xəstəxanaya müraciət edib. Ölüm hadisəsi qeydə alınmayıb. Havalar isindikcə bu cür hadisələrin artması gözləniləndir. Hazırda vəziyyət stabildir. Bildirim ki, ay ərzində 2, 3, bəzən 4 hadisə olur. Lakin havalar tam isinəndən sonra, xüsusilə iyun-iyul aylarında müraciətlərin sayında artım müşahidə olunur”.

Azər Maqsudov qeyd edib ki, əvvəlki illərə nisbətə ilan sancması azalıb:

“Əvvəlki illərlə müqayisədə bu il ilan sancması hallarında azalma müşahidə olunur. Əvvəlki illərdə bu say bundan daha çox idi”.

Zooloq, ilanlar üzrə mütəxəssis Samir Məmmədovun sözlərinə görə, ilanların bu dövrdə görünməsi tamamilə təbii haldır və onların "aktivləşməsi" ilə bağlı səsləndirilən fikirlər doğru deyil:

“Burada aktivləşməkdən söhbət gedə bilməz. Bu, tamamilə normal və təbii prosesdir. Havalar isinməyə başladıqca ilanlar da qış yuxusundan oyanırlar. Hazırda acdırlar və qidalanmağa ehtiyacları var.

Ola bilər təsadüfən insanların qarşısına çıxıblar, insanlar da qorxub, sanki hücuma keçdiklərini zənn ediblər. Amma əslində ilanlar hücum etmir, sadəcə özlərini qoruyurlar. Onların insana hücum etmək kimi bir niyyətləri yoxdur. İlanların indi oyanma vaxtıdır. Bədən temperaturunu tənzimləmək və yağ ehtiyatlarını bərpa etmək üçün ov etməlidirlər”. 

O qeyd edib ki, ilanlar hazırda daha aktivdir, çünki bu 10 gün ərzində qidalanmasalar, məhv ola bilərlər:

“Təxminən bir aydan sonra sakitləşəcəklər. Cücə, siçan, seçovul kimi kiçik canlılara hücum edirlər, çünki onları udacaqlarını bilirlər.

İnsan isə böyük olduğu üçün onlar üçün qida deyil, təhlükədir. Bu səbəbdən qorxub müdafiə mövqeyi tuturlar. Azərbaycanda olan ilanlar zəhərlidir, lakin o qədər də təhlükəli deyillər. 

Vaxtında xəstəxanaya çatdırıldıqda sancılan şəxslər sağalır. Yalnız allergik reaksiyası olan insanlar üçün daha ciddi risk yarana bilər. Ümumilikdə isə ölkəmizdə ilan sancmasından ölüm çox nadir hallarda baş verir.

Bu fəsildə ilanlar oyanır, qidalanır və çoxalmağa başlayırlar. Sentyabrın sonlarından etibarən gizlənmək üçün yer axtarırlar ki, oktyabrda yuxuya gedib qışı rahat keçirsinlər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”