Başçının müavini küçədə qalan alimə: "Bəy verən atın dişinə baxmazlar"

Başçının müavini küçədə qalan alimə: "Bəy verən atın dişinə baxmazlar"

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil Qaraoğlu İsmayılov kirayə haqqını verə bilmədiyindən qaldığı evdən çıxarılıb.

"Cebhe.info" xəbər verir ki, o, əşyaları ilə birlikdə 4 gündür ki, küçədə gecələyir.

Məlumata görə, alim "Ermənilər və Həqiqətlər - sənədlərdə" mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cildə kitab yazıb və nəşr etdirib. Bunla da başına bəla açıb.

Ermənilər ölümlə hədələməyə başlayıb. Türk dövləti tərəfindən xüsusi qorunmaya alınıb. Təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdıb. 17 ildir kirayələrdə yaşayır.

Bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır. Böyük Millət Məclisinin bu barədə təşəkkür məktubu var. Tərcümə etdiyi Quran kitabında 500 ədəd Heydər Əliyev Fonduna bağışladığı üçün Anar Ələkbərovun xüsusi təşəkkür məktubu var.

Ensiklopedik biliyə sahib olan millətçi bir alimdir.

Fazil Qaraoğlu İsmayılov naşir Şahbaz Xuduoğluna söyləyib ki, Yasamal rayon icra nümayəndəsi ona deyib ki, yer tap köç, kirayə haqqının bir hissəsini biz ödəyərik.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Fazil Qaraoğlu İsmayılova ev təklif olunub:

"Biz bir neçə gündür ki, onunla əlaqə saxlamağa çalışırdıq, telefonu açmırdı. Dünən isə danışdıq, ona Yeni Yasamal 3-də 1 otaqlı ev təklif etdik, kirayə haqqının ödəməyə də köməklik göstərəcəkdik.

Lakin Fazil Qaraoğlu İsmayılov təklifi rədd etdi və bildirdi ki, ona 2-3 otaqlı ev lazımdır. 1 otaqlı evlə qane olmadı. Bizdə bir atalar misalı var: “Bəy verən atın dişinə baxmazlar”. Fazil Qaraoğlu İsmayılov çox şey istəyir. Biz isə mənzil fondu deyilik. Ona qocalar evinə getməyi də təklif etmişik, istəməyib".

Ləman İsmayıl
"Cebhe.info"