Boyalı saç, uzun dırnaq, bər-bəzəkli şagirdlər: Nazirlik qadağa qoyub, ancaq... 

Boyalı saç, uzun dırnaq, bər-bəzəkli şagirdlər: Nazirlik qadağa qoyub, ancaq... 

Bir məktəb binasını digər binalardan fərqləndirən əsas cəhət onun təlim-tərbiyə ocağı olmasıdır.

Məhz buna görə də bu müəssisəyə daxil olan hər kəs öz məsuliyyətini dərk etməlidir. Məktəbin daxili nizam-intizamına, geyim qaydalarına mütləq şəkildə əməl edilməlidir.

Çünki bir cəmiyyətin gələcəyi məktəbdə inşa edilir. Ancaq təəssüf ki, Azərbaycan məktəbləri daha tez-tez qalmaqallarla, xoşagəlməz hadisələrlə gündəmə gəlir.

Məsələn, Quba-Xaçmaz Regional Təhsil Idarəsinin müdiri Rüfət Hacıyev tutduğu vəzifədən istefa verib. Rüfət Hacıyevin haqqında Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Mirzəyev Nazim Ramiz oğluna qarşı zorakılıq göstərməsi barədə iddialar səsləndirilib. Ailənin iddiasına görə, sabiq idarə müdiri saçı uzun olduğuna görə məktəblilərin yanında şagirdi döyərək ona fiziki təzyiq göstərib. 

Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərdə davranış qaydaları haqqında “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. Nəticədə ümumi təhsil müəssisələrindən çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal və s. qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunub.

Yeni qaydalarda öz əksini tapan şagirdlərin saç rəngini dəyişməsi, qısa və dar geyinməsi , eyni zamanda, saqqal saxlamasına qoyulan qadağalar cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Üstəlik müəyyən yaş dövründə şagirdlər özləri də bu qadağalara etiraz edirlər. Hətta Azərbaycanda saç düzümünə görə şagirdə irad tutulan məktəblə bağlı qalmaqal da olub.  Şagirdlərin xarici görünüşünə, geyiminə görə bir-birindən fərqlənməsinin qarşısı məktəbli formasınən tətbiri ilə müəyyən qədər alınsa da, xüsusilə yuxarı sinif şagirdləri arasında boyalı saç və uzun dərnaqlara, müxtəlif aksesuarlara rast gəlmək olur.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Cebhe.info-ya açıqlamasında bidirib ki, “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” artıq qüvvədədir: 

“Şagirdlərin hər biri bu qaydalara əməl etməlidir. Qaydalara riayət etməyən şagirdlərə qarşı cəza metodundan istifadə etmək yanlışdır. Həmin şagirdlər haqqında məktəb rəhbərliyi və psixoloqu, eləcə də valideynlər tərəfindən tədbir görülməli, onlarla danışıqlar aparılmalıdır. Bir şagirdin davranışında olan neqativ digər şagirdlərin də tərbiyəsinə təsir göstərir, buna görə də mənfi hal olduqda, aradan qaldırılmalıdır.

Lakin bunun həlli yolu şagirdi məktəbdən uzaqlaşdırmaq, sinfə buraxmamaq deyil. Çox təəssüf ki, bizim ölkəmizdə məktəbdə davranış qaydaları yox dərəcəsindədir. Xarici ölkələrə nəzər saldıqda görərik ki, onlarda məktəbdə davranış qaydalarını tənzimləyən kifayət qədər normalar mövcuddur. Bu qaydaların sayının çoxluğu mütləqdir”. 

“Şagirdlər qaydalar və onların tətbiqində olan boşluqlardan sui-istifadə edirlər. Valideynlər də bir çox hallarda bu vəziyyətə nəzarət etmirlər. Bununla da məktəbdə xoş olmayan ab-hava yaranır”, – bunu isə təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya açıqlamasında deyib.

Elşən Qafarov qeyd edib ki, hər bir məktəbin öz nizamnaməsi olmalıdır: 

“Bu nizamnamədə məktəbin bütün fəaliyyət istiqamətləri, o cümlədən şagirdlərin fiziki görünüşlərinin necə olması əks olunmalıdır. Valideyn övladını məktəbə gətirərkən bu nizamnamə ilə tanış olmalı və övladının nizamnamənin müddəalarına əməl edəcəyi haqqında ərizə yazmalıdır. Bu, valideynin və şagirdin öhdəliyidir”. 

Ekspertin fikrinə görə, məktəbdə şagirdlər arasında sosial bərabərliyin qorunması üçün müəyyən qaydaların olması vacibdir və hər kəs bu qaydalara riayət etməlidir:

“Valideyn şagirdini məktəbə yola salarkən onun xarici görünüşünün məktəb sisteminə uyğun olub-olmadığını müəyyən etməlidir”. 

Ləman İsmayıl 
Cebhe.info