Ekspert: “Minlərlə gənc 600+ bal toplayır, amma bir cümlə danışa bilmir”

“Azərbaycanda təhsilin ən ağrılı nəticələrindən biri şagirdlərin bədii ədəbiyyatdan uzaqlaşması, test kitablarının və sınaq vərəqlərinin arasında sıxılıb qalmasıdır. Bu gün məktəblərdə yetişən yeni nəslin böyük bir hissəsi nə roman oxuyur, nə hekayə, nə də esse yazmağı bacarır”.
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Ekspert bildirib ki, onlar artıq təfəkkür etməyi yox, cavabı əzbərləməyi öyrəniblər (Guya yaddaş məktəbindən təfəkkür məktəbinə keçmişik):
“Ədəbi dil yoxa çıxıb, fikirlər qısalıb, dünyagörüş isə test variantlarının arasına sığışdırılıb. Əgər bir şagird “1984” əsərini tanımırsa, “Əli və Nino”nu oxumayıbsa, “Əyyub peyğəmbər”in fəlsəfəsini anlamırsa, o hansı cəmiyyətin vətəndaşı olacaq?
Hər il minlərlə gənc 600+ bal toplayır, amma bir roman haqqında bir cümləlik fikir bildirə bilmir. Əvəzində test kitablarının nəşr tarixinə qədər əzbərləyirlər. Bu nə inkişafdır, nə də maarifçilik. Bu beyinlərə edilən intellektual zülmdür.
Bədii ədəbiyyat insanın düşünmə qabiliyyətini, empatiyasını, daxili aləmini formalaşdırır. Ancaq biz məktəblərdə uşaqları yalnız “doğru cavab” tapmağa, səhv variantlardan qorxmağa, düşünmədən boyun əyməyə öyrədirik. Sonra da soruşuruq, niyə oxuyan gənc azdır, niyə yaradıcılıq yoxdur, niyə sosial məsuliyyət zəifdir?
Çünki biz uşağa “fikirləşmə, əzbərlə” deyirik. “Oxuma, cavabı bil” deyirik. “Sual verə-verə imtahandan çıxarsan” deyirik. Nəticədə isə öz kitabını yazmayan, yalnız başqasının sualını əzbərləyən bir nəsil formalaşır. Bu nəsil gələcəyimizi yazacaq…
Bu gedişlə biz cəmiyyət olaraq kitab oxumayan, amma testdə yüksək bal toplayan, lakin həyat suallarında aciz qalan “savadsız savadlılar”la dolacağıq. Bu təhsilin yox, sistemli düşüncənin böhranıdır. Bu da bizim gələcək üçün ən böyük itkiyə çevriləcək”.
Nigar
“Cebheinfo.az”