Deputat: “Ətraf mühitin mühafizəsi ilə bağlı dövlət siyasəti nəticə verir”

Deputat: “Ətraf mühitin mühafizəsi ilə bağlı dövlət siyasəti nəticə verir”

5 iyun ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar ölkəmizdə də müxtəlif tədbirlər həyata keçirilir.

Belə ki, yaşıllıqlara qulluq edilir, yeni ağaclar əkilir, tullantılar təmizlənir. Məqsəd həm də insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin nəzərini ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaqdır.

Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev Cebhe.info-ya açıqlamasında bildirib ki, ətraf mühiti qorumaq hər kəsin borcudur:

“Azərbaycan dövləti bu sahədə çox ciddi addımlar atır. Ölkəmizdə yaşıllıq ərazilərinin artırılması, yeni ağacların əkilməsi və mövcud yaşıllıq massivlərinin qorunması aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır. Əvvəlki dövrdən fərqli olaraq, ətraf mühitin qorunması üçün yeni və müasir texnologiyalar da tətbiq olunur”.

Millət vəkili xatırladıb ki, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olduqdan sonra həmin ərazilərdə ətraf mühitin qorunması ilə bağlı monitorinq aparılıb:

“Çox təəssüflər olsun ki, işğal dönəmində ermənilər həmin ərazilərimizdə meşə massivlərini qırıb, həmin ərazilərin flora və faunasını məhv edib. Bu da nəticə etibartilə o ərazilərin ətraf mühitinin böyük zərər görməsi ilə nəticələnib. Hazırda həmin ərazilərdə də xüsusi proqramlar həyata keçirilir, yaşıllıq massivləri salınır. Bu ərazilərdə vaxtilə mövcud olmuş heyvanların yenidən ora buraxılması da həyata keçirilir.

ümumilikdə, ətraf mühitin qorunması hər bir vətəndaşın borcudur. Biz çalışmalıq ki, bu prosesdə ictimai nəzarət olsun və hər birimiz bacardığımız qədər ətraf mühitin qorunmasına öz töhfəmizi verək. Bu sahədə dövlət siyasəti artıq öz nəticəsini verir və bu istiqmatdə ardıcıl fəaliyyət bır sıra problemlərin aradan qalxmasına təka verir”.

Elmir Mustafa
Cebhe.info