Deputatın çıxışı heyvansevərləri qəzəbləndirdi: “Üzr istəməlidir”

Deputatın çıxışı heyvansevərləri qəzəbləndirdi: “Üzr istəməlidir”

“Ağsuda, İsmayıllıda küçə itlərinin əlindən uşaqlar məktəbə gedə bilmir, küçə itləri insanların əsəblərinə toxunur”.

Bunu Milli Məclisin bugünkü iclasında deputat Tahir Kərimli deyib. Deputat təklif edib ki, küçə itlərini ixrac olunsun:

“Küçə itləri ilə bağlı bir çarə tapılmalıdır. İtləri Çinə, Koreyaya ixrac edək, ya da başqa bir yolla buna bir həll variant tapılsın”.

Millət vəkilinin parlamentdə bu çıxışı birmənalı qarşılanmayıb. Qeyd edək ki, son vaxtlar it dişləməsi ilə nəticələnən bir neçə ölüm hadisəsi də qeydə alınıb.

ümumiyyətlə, mövcud problemi necə həll etmək olar?

Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov Cebhe.info-ya açıqlamasında AHMİB-nin 100 min nəfərdən çox üzvü adından da bu məsələ ilə bağlı fikirlərini bildirib:

“Millət vəkilinin bu məsələ ilə bağlı bildirdiyi fikirlər cəfəngiyat və biabırçılıqdır. O qeyd edir ki, İsmayıllıda itlər insanların əsəblərinə toxunur, onları xaricə ixrac edək. Bakıda da avtomobillər insanların əsəblərinə toxunur. Gəlin onda bütün avtomobilləri Almaniyaya və digər istehsalçı ölkələrə ixrac edək. Yaxud hər il Xəzər dənizində uşaqlar, böyüklər batır, o zaman dənizdə çimməyi qadağan edək, dənizi qurudaq? Bundan bir neçə gün gün öncə Suraxanıda uşaqlar SOCAR-ın quyularına düşmüşdü. O zaman gəlin biz SOCAR-ın fəaliyyətini dayandıraq, quyularını bağlayaq. Bu, nə radikal danışmaqdır, birtərəfli yanaşmaqdır? Millət vəkili öncə bildirdiyi fikirlə bağlı o mövzunu gərək bir qədər öyrənsin. O qeyd edir ki, Çinə, Koreyaya ixrac etmək lazımdır. Hamı bilir ki, Çində itləri ət yerinə istifadə edirlər. Əvvəla, biz nə qədər dünyəvi ölkə olsaq da, müsəlmanların çoxluq təşkil edən ölkənin millət vəkili necə belə bir çıxış edə bilir ki, Çində insanlara it yedizdirək”.

O bildirib ki, Azərbaycan 2007-ci ildə Avropa Konvensiyasına üzv olub:

“Avropa Konvensiyasının müddəalarından və öhdəliklərindən biri də heyvanlara qarşı mərhəmətli davranışdır. Necə olur ki, AK üzvü olan ölkənin deputatı çıxış edir ki, itləri Çinə göndərək? Biz öz üzərimizə öhdəlik götürmüşük. Heyvanlara, xüsusilə ev heyvanlarına qarşı mərhəmətli davranışı, cəmiyyətdə rəhmsiz rəftarın yox olunmasını dövlət olaraq öz üzərimizə öhdəlik götürmüşük. Biz hansı dövrdə yaşayırıq? Necə olur ki, bizim millət vəkili belə bir çağırışla çıxış edir. İkincisi, bu, üstüörtülü zorakılığa çağırışdır. Millət vəkili deyir ki, hansı yolla olursa-olsun, bu məsələ həll olunsun, verək Çinə, ətdə istifadə olunsun. Bizim ətraf mühitin mühafizəsi və heyvanların qorunması ilə bağlı dövlət siyasətimiz var və Leyla xanım Əliyeva onu uğurlu şəkildə həyata keçirir. Bu məqsədlə 2016-cı ildə IDEA Heyvanlara Qayğı Mərkəzi, ümumiyyətlə bu böyük missiyanı həyata keçirmək üçün 2000-ci illərdə IDEA İctmai Birliyi yaradılıb. Bu gün dövlət siyasəti o yöndədir ki, heyvanlara qarşı mərhəmətli rəftar olmalıdır, hətta heyvanların hüquqlarını müdafiə edən qanunun qəbulu gözlənilir. Bu məqsədlə bizim təşəbbüs qrupumuz yaradılıb. Bu qrupun üzvləri 3 min nəfərdən çoxdur. Hüquqşünaslar, Vəkillər Kollegiyasının bir çox vəkilləri bu qanun üzərində işləyir. Doğrudur, biz hələ çətin dövrdən keçirik. İnsanlarımız hələ heyvanlara qarşı rəhmli olmağı öyrənirlər. Necə olur ki, millət vəkili beynəlxalq öhdəlikləri saymır və biabırçı təkliflərlə çıxış edir? Bu çağırışla Azərbaycana deyir ki, beynəlxalq öhdəlikləri sayma, görmə. Biz AK üzvü olmasaq da, tolerant dövlətik, üstəlik müsəlmanlara belə heyvanları yemək qadağandır, belə çağırış etmək absurddur”.

F.Mansurov deyir ki, belə bir çıxışa görə millət vəkili xalqdan üzr istəməlidir:

“Bizi qanunsuz bir yola çağırır. Deputat beynəlxalq öhdəliyi saymamağa çağırır? Biz bu gün rəhmli rəftarı təbliğ etməyə çalışırıq. Niyə millət vəkili bizim işimizi çətinləşdirir? Onun çıxışı o deməkdir ki, heyvanlara qarşı istənilən zorakılığı etmək olar və bu, cəmiyyətə neqativ siqnaldır. Çinin it fermaları var və lazım gəlsə, dünyaya it ixrac edər. Çinin it idxalına ehtiyacı yoxdur. Eləcə də bunun humanist tərəfini kənara qoysaq belə, təsəvvür edirsizmi ki, buna nə qədər vəsait lazımdır? Bunun üçün külli miqdarda vəsait lazımdır və bu, heç bir halda problemin həlli deyil. Millət vəkilinin dünyada olan praktikalardan xəbəri yoxdur. Bu gün Çinin it əti yeməsi ilə bütün dünya mübarizə aparır. Bu gün bütün Avropa Çinin it əti festivalı ilə uğurlu mübarizə aparır. Çinin artıq böyük bir qismi it ətindən imtina edib. Bu festival hər il daha da səngimiş halda keçir. Millət vəkili isə bizim dünyəvi ölkəni çağırır ki, Çinə bu yolda dəstək versin. Bu deputat Avropanın, Amerikanın keçdiyi yola, sahibsiz itlərin populyasiyasını idarə etməyə nəzər salmır? ümumiyyətlə, bütün sivil dünya, o cümlədən Türkiyə sahibsiz itləri qısırlaşdırır, peyvəndlərini vurur. Sahibsiz itlər küçədə yaşayır, 6-7-8 ildə yaşam dönəmini başa vurur və nəsil artmadığına görə say da aşağı düşür. Beynəlxalq proqramlara üz tutmaq lazımdır. Nəsə tətbiq etməyə ehtiyac yoxdur. Dünyanın sivil ölkələrində uğurla icra olunan uğurla tətbiq olunub. Çinə ixrac nə humanizmə, nə etikaya, nə də qanuna sığır. İkincisi, bu, praktik deyil, belə şeylərə çağırış etmək olmaz. Bu, heyvanlara qarşı zorakılığa çağırışdır. Millət vəkili üzr istəməlidir. Çin ideyası onun niyə ağlına gəlir? Heyvanların populyasiyasını idarə etmək üzrə proqramlar var və uğurla həyata keçir”.

Nigar Abdullayeva
Cebhe.info