İrəvanda ömürlük həbs verilmiş Hüseynin anası: “Xəbəri sosial şəbəkədən öyrəndim”

İrəvanda ömürlük həbs verilmiş Hüseynin anası: “Xəbəri sosial şəbəkədən öyrəndim”

Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

Belə ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib. Bildirilir ki, Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi bununla bağlı mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edib. 

Hüseyn Axundovun anası Şəlalə Axundova "Cebhe.info"-ya açıqlamasında bildirib ki, heç bir qurum ona övladının ömürlük həbsi ilə bağlı məlumat verməyib:

"Hüseynlə  sonuncu dəfə noyabrın 23-ü danışmışıq, videosuna da baxmışıq. Oğlum son məktubunda hamıdan bir-bir halallıq istəmişdi. Mən sosial şəbəkələrdən oğluma ömürlük həbs verildiyini öyrənirəm, heç bir qurum balamın vəziyyəti ilə bağlı bizə məlumat vermir. 

Mən oğlumu geri istəyirəm, səsimə səs verin. Uşağımı azad edib, vətənə gətirsinlər. Mən bir ana kimi bu qərarla razılaşmıram". 

"Biz iki ana bu 8 ayda nələr çəkirik, heç kim bilmir. Bizim uşaqlarımızın geri qaytarılması haqqında ciddi addımlar atılsaydı, övladlarımız azad olardı. Hüseynin anası bu saat pis vəziyyətdədir. Oğluna ömürlük həbs cəzası verilən ana necə yaşasın? Onsuz da biz 8 aydır yaşamırıq, hər gün nəfəs almağımızdan utanırıq.

Biz axşama kimi övladlarımızı fikirləşirik ki, görəsən onlara necə yemək verirlər, necə davranırlar. Hər şey bizə haram olub. Çox təəssüf edirəm. Tək istəyim övladlarımıza qovuşmaqdır, balalarımızı bizə geri qaytarın" - bunu isə erməni əsirliyində olan əsgərimiz Aqşin Bəbirovun anası Dürdanə Bəbirova “Cebhe.info”-ya deyib. 

Xatırladaq ki, 2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Onlarla bağlı qondarma ittihamlarla məhkəmə prosesi keçirilib.

Ləman İsmayıl 
"Cebhe.info"