Müəllimlərə yeni status verilir?- “Maaş və təqaüdləri artacaq”- Misir Mərdanov
Dövlət ümumi təhsil müəssisələrində 150 minə yaxın müəllim çalışır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat müəllimləri üstünlük təşkil edib. Belə ki, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sayı 15879 nəfər, ingilis dili müəllimlərinin sayı 14189, riyaziyyat müəllimlərinin sayı isə 14078 nəfər olub.
Digər fənlərə gəlincə, tarix müəllimlərinin sayı 8831, fizika müəllimlərinin sayı 6125, informatika müəllimlərinin sayı 5636, kimya müəllimlərinin sayı 4423, coğrafiya müəllimlərinin sayı 5819, biologiya müəllimlərinin sayı 5996, rus dili və ədəbiyyatı müəllimlərinin sayı 5808, gürcü dili və ədəbiyyatı müəllimlərinin sayı 31, digər xarici dil müəllimlərinin sayı isə 965 nəfər olub.
Qeyd edək ki, bu gün müəllmlərlər özixtisasları üzrə çalışmaq üçün müəllimlərin işə qəbulu (MİQ) imtahanı, bundan başqa Diaqnostik Qiymətləndirmə, eləcə də sertifikatlaşdırma prosesinə cəlb olunurlar. Lakin uzun illərdir ki, müəllimlərə dövlət qulluqçusu statusu verilməsi ilə bağlı fikirlər səslənməsinə baxmayaraq, təklif hələ də reallaşmayıb.
Artıq müəllimlərə dövlət qulluqçusu statusu verilməsinin vaxtı çatırmı?
Məsələ ilə bağlı sabiq təhsil naziri, sözügedən təklifin müəllifi hesab olunan professor Misir Mərdanov “Cebheinfo.az”-ya belə deyib:
“Mən istərdim ki, müəllimlərə dövlət qulluqçusu statusu verilsin. Hətta mən nazir işlədiyim dövrdə bu barədə qərar qəbul olunmuşdu. Ancaq nədənsə həyata keçiriləsi olmadı. Ümumiyyətlə, müəllimlərə dövlət qulluqçusu statusu verilsə, çox yaxşı olardı.
Müəllimlərə dövlət qulluqçusu statusu veriləndə hansı üstünlüklər var? Birincisi, dövlət qulluqçusunun təqaüdündə müəyyən üstünlüklər var. Əmək haqqı artacaq. Bu, özü böyük şeydir və çox yaxşı olar”.
Nigar Abdullayeva
“Cebheinfo.az”