Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi Ali Məhkəmədə müzakirə edildi

Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi Ali Məhkəmədə müzakirə edildi

Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilib.

Ali Məhkəmədən verilən xəbərə görə, iclasda Ali Məhkəmənin kollegiya sədrləri, hakimlər, Elmi-məsləhət şurasının üzvləri, habelə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova, Audiovizual Şuranın şöbə müdiri Nemət Cavadov, hüquqşünaslar – Arif Eyyubov və Röyal Məhərrəmov iştirak ediblər.

İclasda “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi” mövzusu üzrə müzakirələr təşkil edilib.

İclasa sədrlik edən Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, müzakirənin məqsədi məhkəmələr tərəfindən işlərə baxılarkən mənəvi zərərin ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması üçün aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsidir.

Qeyd edilib ki, Ali Məhkəmə tərəfindən şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi ilə bağlı geniş məzmunlu Plenum qərarı layihəsi hazırlanıb. Xüsusilə şəxsi həyatın toxunulmazlığı, ailə sirri kimi tez-tez pozulan hüquqların müdafiəsi məsələləri yeni qərar layihəsində əksini tapıb. Diqqətə çatdırılıb ki, xüsusilə media subyektlərində bu kimi qorunan münasibətlərə müdaxilə hallarına tez-tez rast gəlindiyindən, Ali Məhkəmə tərəfindən müvafiq izahların verilməsi zəruri hesab edilir.

Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva çıxışında işgüzar nüfuzun müdafiəsi ilə bağlı kommersiya mübahisələrində məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə hazırlanan yeni Plenum qərarının layihəsində müvafiq izahların nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Plenumun qərar layihəsi hazırlanarkən mövcud məhkəmə təcrübəsi, o cümlədən dünya ölkələrinin qabaqcıl məhkəmə təcrübəsinin geniş təhlilləri aparılıb.

Daha sonra mövzu üzrə müzakirəyə təqdim edilən “Qanunla qorunan qeyri-maddi nemətlərlə yanaşı, qanunla qorunmayan qeyri-maddi nemətlərin də məhkəmə müdafiəsinin, habelə onlara müdaxilə halında mənəvi zərərin ödənilməsinin mümkünlüyü”, “Mənəvi zərərin əvəzinin ödənilməsində hüquqi varislik”, Mənəvi zərərin ödənilməsi tələblərində prezumpsiya və sübutetmə; “Qanuni və faktiki prezumpsiyanın xüsusiyyətləri”, “İşgüzar nüfuza vurulmuş zərərin ödənilməsini istisna edən qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar və ya ifadələrin xüsusiyyətləri” və digər suallar ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Sonda Ali Məhkəməyə təqdim olunmuş mülahizələrdə və iclasın gedişində şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsindən irəli gələn mübahisələr üzrə hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə dair fikirlərin və təkliflərin vahid hüquq tətbiqetmə təcrübəsinin formalaşdırılması baxımından faydalı olduğu, gələcək fəaliyyətdə nəzərə alınacağı qeyd edilib.

"Cebheinfo.az"