Universitet müəllimləri də sertifikasiyadan keçəcək? - KOMİTƏ ÜZVÜ

Universitet müəllimləri də sertifikasiyadan keçəcək? - KOMİTƏ ÜZVÜ

Hazırda Milli Məclisin Elm və Təhsil Komitəsində "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsi aparılır.

Belə ki, qanunun yaxın müddətdə qəbul olunacağı qeyd edilir. Bildirək ki, “Təhsil haqqında” Qanunun qəbulu ölkənin orta ümumtəhsil məktəblərinin müəllim heyəti arasında sertifikasiya prosesinin keçirilməsinə imkan verdi.

Bəs "Ali təhsil haqqında" Qanunun qəbulu ali təhsil müəssisələrində çalışan müəllimlərin sertifikasiyaya cəlb olunmasına şərait yaradacaqmı?

Məsələ ilə bağlı millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov “Cebheinfo.az”-a bildirib ki, universitetlərdə sertifikatlaşdırma prosesinin keçirilməsi ilə bağlı elə bir plan yoxdur: 

“Hesab edirəm ki, buna ehtiyac da yoxdur. Çünki universitetlərdə bunun üçün lazım olan işlər görülür. Müəllimlərin işə, vəzifəyə qəbulu lazım olan qaydada həyata keçirilir.

Ali məktəblərin müəlimlərinin sertifikasiyaya cəlb edilməsinə ehtiyac yoxdur. Biz əslində sertifikasiyanı təşkil etməyə məcbur oluruq”. 

Millət vəkili bildrib ki, ancaq bunun ali məktəbə tətbiq edilməsinə ehtiyac görmürəm:

“Çünki bu, bizə əlavə problemlər yaradacaq. Onsuz da müəllimlər seçilərək, araşdırılaraq işə götürülür. Ona görə burada başqa, əlavə imtahanın keçirilməsinə ehtiyac yoxdur”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”